"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

HƏR AĞAC BİR ŞƏHİDİN XATİRƏSİNƏ Vətən – hər bir insan üçün doğmalığın, kökün, tarix və kimliyin təcəssümüdür. Bu torpaqda dünyaya göz açmaq, onun havasını udmaq, suyunu içmək, onun üçün yaşamaq və lazım gələrsə can vermək – Vətən sevgisinin ən ali təzahürlərindəndir. Azərbaycan xalqı üçün isə Vətən yalnız fiziki coğrafi məkan deyil, şəhidlərin qanı ilə suvarılmış müqəddəs bir torpaqdır. Azərbaycanın müstəqilliyi, bütövlüyü və gələcəyi uğrunda minlərlə qəhrəman oğul və qız canından keçərək, Vətəni bizə əmanət qoyub. “Vətən bağı” Şəhidlər Parkı da bu müqəddəs anlayışın təcəssümüdür – çünki burada hər bir ağac bir şəhidin ömrünə bağlanır, hər budaq bir igidin xatirəsinə boy atır. Bu torpağın hər qarışı şəhid qanı ilə sulanıb, bu səbəbdən Vətəni sevmək, onu qorumaq və xatirəsini yaşatmaq hər bir vətəndaşın borcudur. “Vətən bağı” təkcə yaşıllıq və təbiət mərkəzi deyil, o həm də tarix, şəxsiyyət və şəhidlərə ehtiram abidəsidir. Vətən sevgisi bir qəlbdə başlayar, amma bütöv bir xalqın ruhunda yaşayar. 2021-ci ilin sentyabr ayında Tərtər rayonunun Şıxarx qəsəbəsində təməlatma mərasimi keçirilən “Vətən bağı” Şəhidlər Parkı həm ideya, həm də tətbiq baxımından ölkədə bir ilkə imza atıb. Bu unikal layihə Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Parkda şəhidlərin əziz xatirəsinə həsr olunmuş 4000-dək meyvə ağacı əkilib və müasir damcı suvarma sistemi qurularaq ekoloji davamlılıq təmin edilib. Lakin bu parkı digərlərindən fərqləndirən ən önəmli xüsusiyyət isə hər ağacın bir şəhidin adı ilə bağlı olmasıdır. Hər ağaca şəhidin şəkli, adı, soyadı və ata adı yazılmış məlumat lövhələri bərkidilib. Daha da innovativ yanaşma olaraq, bu lövhələrə QR kodlar əlavə edilib. QR kod vasitəsilə mobil cihazla skan edən ziyarətçilər həmin şəhid haqqında daha ətraflı məlumat əldə edə bilirlər. Bu, həm şəhidlərin xatirəsinin yaşadılması, həm də gələcək nəsillərin onları tanıması baxımından böyük əhəmiyyət daşıyır. Hazırda 3600 şəhid haqqında QR məlumat lövhəsindən 2200-ü artıq yerinə yerləşdirilib. Bu lövhələr təkcə Tərtər şəhidləri ilə məhdudlaşmır. 1988-ci ildən bu günədək şəhid olanlar, 44 günlük Vətən müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri zamanı şəhid olan qəhrəmanlar, Azərbaycanın iki xanım Milli Qəhrəmanı – Salatın Əsgərova və Gültəkin Əsgərova, eləcə də Türkiyənin müstəqilliyi uğrunda canından keçmiş 10 türk xanım şəhidin də xatirə lövhələri burada yer alır. “Vətən bağı” həm şəhid ailələri, həm də cəmiyyət üçün müqəddəs bir ziyarət məkanına çevrilməkdədir. Bu park, təkcə bir bağ deyil – Vətən uğrunda canını fəda etmiş igidlərin yaşayan abidəsidir. "Vətən Bağı" Şəhidlər Parkında həyata keçirilən dəyərli təşəbbüsə görə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri cənab Emin Tarverdiyevə Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günay Rzayeva adından dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin xatirəsini yaşadan, onların müqəddəs adlarını gələcək nəsillərə çatdıran bu nümunəvi layihə təkcə vətənə deyil, həm də milli yaddaşa olan sevginin ifadəsidir. Bu təşəbbüs xalq olaraq bizim həmrəyliyimizi, şəhidlərimizə olan sonsuz ehtiramımızı və milli-mənəvi dəyərlərimizə bağlılığımızı göstərir.


Günay Rzayeva, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbəri