Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan haqqında
Qədim dövrlərdən Azərbaycan haqqında məlumat antik müəlliflərin, səyyahların və tarixçilərin əsərlərində əks olunmuşdur. Herodot, Klavdi Ptolomey və bir çox başqaları Xəzər dənizinin qərb sahillərində və Cənubi Qafqazın şərq hissəsində yerləşmiş heyrətamiz yer haqqında yazırdılar. Qədim sivilizasiyanın beşiyi olmaqla, həmçinin, bir çox tayfa və xalqların geosiyasi, iqtisadi, mədəni maraqlarının kəsişdiyi yerdə yerləşərək Azərbaycan öz nəsillərinə zəngin mədəni irs qoymuşdur: 7500-dən çox təbii, arxeoloji, memarlıq, tarixi abidələr. Onların arasında Qobustandakı qayaüstü rəsmlər, Möminə-xatun və Qarabağlar türbələri, Şəki xan sarayı, Qız qalası, Xudafərin körpüsü, Abşerondakı qalalar; parlaq miniatürlərlə bəzənmiş orta əsr əlyazma kitabları, qədim xalçalar, ədəbiyyat, rəsm, heykəltəraşlıq əsərləri kimi şedevrlər vardır. Bu gün Azərbaycan – müstəqil dünyəvi dövlətdir, dinamik inkişaf edən iqtisadiyyatı, sosial və mədəni sferaları var.
Birinci Qarabağ müharibəsi
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Əsassız ərazi iddiaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının beşdə birini itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşdü. Beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb oldu. 1992-ci ildə bu münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in) prinsipləri əsasında sülh yolu ilə həlli üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə 1993-cü ildə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən beynəlxalq hüquqda çox böyük əhəmiyyətə malik 4 qətnamə qəbul etdi. Havadarlarından böyük dəstək almış Ermənistanın başlatdığı Birinci Qarabağ müharibəsi 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı.
İkinci Qarabağ müharibəsi
Ermənistanın siyasi təxribatlarının davamı olaraq, 2020-ci il 27 sentyabr tarixində növbəti genişmiqyaslı hücumu Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun olaraq tədbirlər görməsini şərtləndirdi. Həmin tarixdə başlayan əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi - Zəfərə aparan yolun başlanğıcı oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının nəticəsində tarixi Azərbaycan torpaqları olan Qarabağ təxminən otuz ilə yaxın bir işğal dönəmindən sonra “Dəmir yumruq” əməliyyatı ilə 44 günlük Vətən müharibəsində azad olundu.
Lakin Ermənistan tərəfinin üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdən işğalçı qüvvələri çıxarmaması, davam edən hərbi-siyasi təxribatları, təbii ehtiyatlarımızın qanunsuz istismarı, vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidini davam etdirməsi işğal dövrünün qalıqları olan erməni silahlı birləşmələri və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimə qarşı antiterror tədbirlərinin həyata keçirilməsini labüd etdi.
Beləliklə, ərazi bütövlüyümüz və suverenliyimizin təmini ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi. Müharibədən sonrakı əsas reallıqlardan biri də Azərbaycanın işğaldan azad etdiyi ərazilərini bərpa etməsi və yenidən qurmasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hər bir layihə həm də döyüş meydanındakı qələbəmizin quruculuq meydanında davamı və rəmzi ifadəsidir