Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı yazıçı, əməkdar jurnalist Natiq Məmmədlinin "150 ilin söhbəti" adlı publisistik kitabını nəşr edib. BP şirkətinin dəstəyi ilə çap olunan bu nəşr milli mətbuat tarixinin və müasir publisistikanın geniş auditoriyada təbliğini, eləcə də maarifpərvər fikir adamlarının irsinin gələcək nəsillərə çatdırılmasını hədəfləyir.
"Ədibin Evi"ndə təşkil olunan təqdimat mərasimində elmi redaktor qismində Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Kitabın rəyçiləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid, redaktoru isə Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.
Kitaba “Ön söz” yazan Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli qeyd edib ki, bu topluda yer alan məqalələrin böyük bir hissəsi media sahəsinin aktual problemlərinə toxunur və nəşr özlüyündə milli mətbuatın 150 illiyinə sanballı töhfədir. Otuz illik yaradıcılıq və araşdırma təcrübəsinin məhsulu olan əsərdə müəllifin oçerkləri, məqalələri, müsahibələri və bədii yazıları yer alır. Əsərin əsas xəttini isə milli-mənəvi dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası və dövlətçilik ideallarının təbliği təşkil edir.
“150 ilin söhbəti” ali məktəb tələbələri, jurnalistika sahəsində ixtisaslaşan təhsil müəssisələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş sistemli publisistik topludur.
BP şirkəti bu kitab vasitəsilə Azərbaycanın zəngin mədəni irsinin və tarixinin tədqiqinə və yayılmasına verdiyi töhfəni bir daha nümayiş etdirir. Qeyd edək ki, BP uzun illərdir ölkəmizdə təhsil, ətraf mühit, yerli icmaların inkişafı və milli idmanın təşviqi kimi sahələrə dəstək göstərir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın 150 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı xüsusi Sərəncam imzalamışdır.
Paylaş: