Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Dövlətin gücü yalnız onun iqtisadi potensialı, siyasi nüfuzu və hərbi qüdrəti ilə deyil, eyni zamanda möhkəm hüquqi əsaslara, qanunun aliliyinə və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə söykənən idarəçilik sistemi ilə ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin inkişaf yolunu müəyyənləşdirən, milli maraqlarımızı və ümumbəşəri hüquqi dəyərləri özündə birləşdirən ən mühüm sənəddir. 12 noyabr – Konstitusiya Günü isə xalqımızın dövlətçilik tarixində yeni hüquqi mərhələnin başlanmasını, müstəqil Azərbaycanın gələcək inkişafının hüquqi təminat altına alınmasını xatırladan əlamətdar gündür.
Konstitusiya xalqın iradəsini, hüquq və azadlıqlarını, dövlət idarəçiliyinin prinsiplərini birləşdirir. Azərbaycanın Əsas Qanunu milli dövlətçilik ənənələrimizi müasir demokratik dəyərlərlə uzlaşdıraraq müstəqilliyimizin hüquqi dayaqlarını formalaşdırıb. 1991-ci ildə müstəqilliyin bərpasından sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaransa da, ilk illərdəki siyasi böhran və qeyri-sabitlik bu prosesi çətinləşdirirdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə nail oldu və yeni Konstitusiyanın hazırlanmasına rəhbərlik etdi. Layihə 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarıldı. Seçicilərin 86 faizi səsvermədə iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın qəbulunu dəstəklədi. Noyabrın 27-də qüvvəyə minən Əsas Qanun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməlini qoydu. Bu, xalqın müstəqil dövlətçilik iradəsinin təsdiqi idi.
Konstitusiyanın mərkəzində insan, onun hüquq və azadlıqları dayanır. Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquqlarına və təminatlarına həsr olunub. Hüquq bərabərliyi, şəxsiyyətin toxunulmazlığı, fikir və söz, vicdan, mülkiyyət, əmək və sosial təminat hüquqları burada əksini tapıb. Hər kəsin dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bərabərliyi əsas prinsiplərdəndir. Əsas Qanun qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünü müəyyənləşdirdi. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarətinin həyata keçirilməsi və Əsas Qanunun aliliyinin qorunması üçün hüquqi mexanizm yaratdı. Konstitusiya 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə təkmilləşdirildi. 2002-ci ildə 24 maddəyə 29, 2009-cu ildə 25 maddəyə 30-dan artıq, 2016-cı ildə isə 29 maddəyə 41 əlavə və dəyişiklik qəbul olundu. Yeniliklər idarəetmənin və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə yönəldi. 2016-cı ildə Birinci vitse-prezidentlik institutu yaradıldı.
Konstitusiyanın müstəqillik, suverenlik və ərazi bütövlüyü ilə bağlı müddəaları müasir tariximizdə xüsusi məna daşıyır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla Konstitusiyanın hüquqi qüvvəsi ölkənin bütün ərazilərində təmin edildi. Bu nailiyyətlər, Konstitusiyanın qəbulunun 30-cu və Qələbənin beşinci ildönümü nəzərə alınaraq Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi. Fevralın 11-də təsdiq edilmiş Tədbirlər Planı konstitusion dəyərlərin təbliği və hüquqi maarifləndirməyə zəmin yaratdı. Oktyabrın 10-da isə Konstitusiyanın 30 illiyinə həsr olunmuş yubiley medalı təsis edildi. Medal hüquq sisteminin inkişafına, Əsas Qanunun aliliyinə və insan hüquqlarının müdafiəsinə töhfə verən şəxslərin xidmətlərini qiymətləndirir.
1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiyada Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ana dilimizin hüquqi statusunun qorunması baxımından mühüm addım idi. Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilmiş, 1996-cı il noyabrın 1-də imzalanmış Fərmanla onun təntənəli qeyd olunması müəyyənləşdirilmişdir. Konstitusiyanın əhəmiyyəti yalnız qəbul edildiyi tarixlə ölçülmür. Onun müddəalarına əməl etmək, qanunun aliliyinə hörmət etmək, hüquq və vəzifələrini bilmək hər bir vətəndaşın məsuliyyətidir. Gənc nəslin konstitusion biliklərə yiyələnməsi də dövlətin gələcəyi üçün vacibdir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik iradəsini və dövlətçilik təcrübəsini birləşdirən möhkəm hüquqi təməldir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş bu sənəd Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət suverenliyinin və hüquqi dövlət quruculuğunun dayağı olaraq qalır. Onun prinsiplərinin qorunması müstəqilliyimizin möhkəmlənməsinə və gələcək nəsillərə daha güclü dövlət miras qoyulmasına xidmət edir.
Samirə Hüseynova
8 Noyabr 2026, 9:25 - 310
Paylaş: