"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Bir əhdin və Böyük Qələbənin xatirəsi


8 noyabr 2020-ci il.
Bakıda hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatının başa çatmasını — saat 06:00-ı gözləyib dostum Tahirlə birlikdə Füzuli istiqamətinə yola düşürük. Ötən gündən hazırladığımız yüklər artıq Tahirin maşınındadır. Yollar həyəcanlı, ürəyimiz isə cəbhədən gələcək hər bir şad xəbərə dikilib...
Beyləqana yenicə çatmışdıq ki, Ali Baş Komandanın xalqa müraciət edəcəyi xəbəri yayıldı. İçimdəki o böyük inamla qəfildən pıçıldadım: "Yəqin ki, Şuşanın azad olunduğunu müjdələyəcək..."
Horadizdə bizi Yağmur, atası Firuz əmi və Saşa qarşıladı. Məlum oldu ki, gətirdiyimiz santexnika materialları birbaşa "Xudafərin" zastavasına çatdırılmalıdır. Vaxt itirmədən yükü "sanitarka"ya boşaldıb, Xudafərin istiqamətinə doğru yol aldıq.
Nəhayət, Xudafərindəyik... Ən azı 15 il öncəyə dayanan bir əhdim var idi. Vaxtilə Cənubi Azərbaycandan keçməklə Naxçıvandan Bakıya gələrkən avtobusun pəncərəsindən Xudafərin körpüsünə, dağılmış yurd yerlərimizə baxıb öz-özümə söz vermişdim: "Torpaqlarımız azad olunsun, Xudafərinə gəlib o müqəddəs torpağı öpəcəyəm!"

O gün bu gündür, əhdimi yerinə yetirirəm. Əyilib Xudafərin torpağını bağrıma basır, öpürəm. Həmin an Arazın o tayından, Cənubdan yüksələn "Yaşa, Azərbaycan əsgəri!" nidası çayın dəli coşqusunu yararaq bizə çatır. Bu coşqunun qarşısında dayanmaq olarmı? Dərhal qarşılıq verirəm: "Azərbaycan bir olsun, istəməyən kor olsun!"
Yükü zastavaya boşaldan kimi Firuz əmi ətrafı gəzib deyir: "İnşallah, çürük olmasa, bir azdan əsgərlərimiz rahat yuyunacaqlar". Firuz əmi ən azı 30 ilin istehsalı olan bir su çəni tapıb. Əsgərlərlə əl-ələ verib çəni yerinə qaldırırıq. Bura bizdən cəmi bir saat öncə "Azərsu" tərəfindən xətt çəkilmişdi. Xoşbəxtlikdən çən möhkəm çıxdı, sızdırmadı. Firuz əmi uşaq kimi sevinərək müjdəni verir: "Bir azdan isti suyumuz hazır olacaq!"
Artıq 4 saatdan çox idi ki, telefonlarımız susmuşdu. Rabitə hələ bərpa olunmadığından dünyadan təcrid olunmuşduq. Firuz əmi və Saşa ilə sağollaşıb, Arazın axını boyunca yenidən Horadizə tərəf qayıdırıq. Mərcanlı kəndinin yaxınlığında telefonuma dayanmadan mesajlar yağmağa başlayır — artıq şəbəkə olan ərazidəyik.
Elə bu an telefon zəng çalır... Və o tarixi xəbər çatır: 

Ali Baş Komandan bütün dünyaya elan edir— Şuşa azaddır!

Şuşa, bəli bizim həsrətində olduğumuz Şuşa artıq azad idi..


Maşının içində necə "Uraaaa!" qışqırıramsa, sürücü həyəcandan diksinir. Saniyələr sonra dostum Zaur, daha sonra isə anam zəng edir.

 Hər ikisi hıçqırıqlar içində ağlayır, kəsik-kəsik dedikləri cümlələrdən yalnız bircə kəlməni ayıra bilirəm: "Şuşa..."


Horadizə çatırıq. Yağmurla sağollaşaraq Bakıya üz tuturuq. Paytaxta doğru irəlilədikcə Zəfərin ətri hər yeri bürüyür. Yollarda Azərbaycan bayraqları ilə bəzədilmiş maşın karvanları bu tarixi Qələbəni bayram etməsini gördükcə düşünürəm. Azərbaycan xalqı necə böyükdür. Qələbə bu xalqa necə yaraşır. 


Qələbəmiz əbədi olsun! Yaşasın Azərbaycan!

8 Noyabr 2026, 10:58 - 195

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar