"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Adilə Səfərova: Yol gedir Zəngəzura


YOL GEDİR ZƏNGƏZURA. Bu yol haqqın,ədalətin təntənəsi simvolu olacaq..
Erməni işğalçılarına qarşı Böyük Zəfərimiz  itməkdə olan inamımızı diriltdi, soluxan  qürurumuzu qaytardı.Başımız uca, üzümüz ağ, alnımız açıq oldu. Cəmi 44 gün ərzində  qəhrəmanlıq salnaməmizin ən parlaq səhifəsi yazıldı.Tarixin ən böyük ədalətsizliklərindən birinə son qoyuldu. Erməni qəsbkarlarının viran qoyduğü və 30 il tapdağında saxladığı Vətən  torpaqlarımız azad edildi. Haqqın, ədalətin təntənəsi kimi üçrəngli bayrağımız Qarabağımızda, erməni vandalizminin xarabazarlığa çevirdiyi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın , Ağdam, Kəlbəcər rayonlarında dalğalandı.Xarıbülbül Zəfər rəmzi kimi yenidən  pöhrələdi, çiçək açdı.Azad səmamızda milli muğamımız mədəniyyət beşiyimiz Şüşa dağlarında əks- səda verdi...
 Böýük Zəfərin qısa zaman kəsimində, həm də mürəkkəb relyef şəraitində qazanılması, ilk növbədə, dövlətimizin iqtisadi qüdrətinin, siyasi gücünün,  milli -mənəvi qüdrətinin, xalqımızın sarsılmaz, monolit  birliyinin, azərbaycançılıq məfkurəsindən qaynaqlanan vətənpərvərlik ruhunun göstəricisi idi.Təbii ki, bu, Ali Baş Komandanımızın mahir sərkərdə qətiyyəti, şəhidlərimizin, qazilərimizin şücaəti, onların Vətənə, yurda sevgisi, torpağa övlad məhəbbətinin böyüklüyünün təcəssümü olmaqla dünyanı  heyrətdə qoydu. Hər bir azərbaycanlı üçün fəxarət, qürur , ixtixar yaşadan, həm də odur ki, erməni faşizminin viran qoyduğu, çöl- biyabana  çevirdiyi  yurdlarımız eyni əzmlə, vətəndaş qayəsiylə daha sivil, müasir arxitektura və memarlıq üslubunda yenidən qurulur,  abadlaşıb cənnətməkan mahallara çevrilir.
 Bəli , öz külündən döğulan Simurq quşu kimi Oğuz  yurdlarında həyat yenidən cana gəlir. İnkişafa, tərəqqiyə yol açan infrastruktur qurulur, mühüm sənaye mərkəzləri yaradılır,  müasir şəhərsalma prinsipləri əsasında şəhərlər, qəsəbələr salınır, kəndlər inşa edilir, ictimai, mədəni, sosial obyektlər istifadəyə verilir, məşğulluq kimi vacib məsələlər həllini tapır.Qədim türk yurdlarında həyat qaynayır, yaşam ritmi öz axarına düşür. İllərdi məcburi köçkün ağrı-  acısı yaşayan yurddaşlarımız Böyük Qayıdış marafonu axarında sevinclə, qürurla doğma yerlərinə qayıdır, evlərinin işığını yandırırlar.
Böyük Zəfərin gətirdiyi bu möhtəşəmliyin səs- sədasından Qərbi Azərbaycan torpaqlarında uyuyan əcdadlarımızın, babalarımızın ruhları  şadlanir.Yüz ildən artıqdır Azərbaycanımızın əsas ərazisindən ayrı düşən qədim Naxçıvan torpağında da inam toxumları goyərib, blokadanın ağrılarından qurtarmaq ümidinin şöləsi alovlanır...
Bəli, bir qərinədən artıqdır Naxçıvana gedən  qatar və avtomobil yollarının Zəngəzurda qırılması, kəsilmə səbəbindən ağır məhrumiyyətlərə sinə gərən, blokadanin ağır şərtlərinə mərdliklə dözən naxçıvanlılara sonsuz  sevinc yaşadır bu ümid söləsi...
Təəssüf ki, 2020- ci ilin 9 noyabr tarixində  qəsbkar ermənilər məğlub olub imza atdiğı kapitulyasiya aktının 9-cu bəndini yerinə yetirməkdən hələ ki, yayınmaqda davam edir.  Öz ağalarının və bu bölgədə maraqları kəsişən dövlətlərin təhrikiylə Zəngəzur dəhlizinin açılması məsələsini müxtəlif bəhanələrlə uzadır. Halbuki, Zəngəzur da  qədim Türk- Oğuz torpağıdır. Tarixin bütün dönəmlərində bu mahalda  Oğuz türkləri yaşayıb. 
Taleyimizin qara yazısı Türkmənçay müqaviləsi ilə parçalanan Azərbaycan torpaqlarına ,o cümlədən, Zəngəzura  erməni ailələri köçürülüb və qara yaraya çevrilib ,xalqımiza düşmən kəsiliblər.
Ötən əsrin əvvəllərində erməni düşmənçiliyi daha aqressiv müstəvidə davam etdirilib.Talançılıq, soyğunçuluq və  qanlı qırğınlarla müşaiyət olunub. Erməni silahlıları tərəfindən evlər dağıdılıb, yurdlar viran qoyulub, insanlar qətlə yetirilib. Tarixi faktlar da təsdiqləyir ki, o illərdə Zəngəzur bölgəsində  115 kənd yerlə -yeksan edilib, demək olar ki, bütün yasayış məskənləri xaraba qoyulub, soydaşlarımız soyqırıma düçar edilib.Bu vəhşiliyin sonu isə böyük haqsızlıqla, tarixi ədalətsizlizliklə nəticələnib. Tarixən Türk- Oğuz torpağı olan Qərbi Zəngəzur bolşevik havadarlarının təhrikiylə Ermanıstana birləsdirilir. Sonraki illərdə - Sovet dönəmində  də bu mahalda yaşayan soydaşlarımız sıxışdırılıb, repressiya, deportasiyalara məruz qoyulub, Zəngəzur açıq, gizli formada erməniləşdirilib.
Bu ilin yanvar ayının  7-sində ölkə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə də toxunub bildirdi:"...Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli, əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920- ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi."
Beləcə, reallaşdı böyük güclərin məkrli siyasəti. Türk dövlətləri arasında yol bağı qırıldı. Böyük Turan  gerçəkləşməsi Zəngəzurun itirilməsi ilə tilsimə salındı.Ən ağır zərbə  paralanmış Azərbaycana dəydi. Qədim Naxçıvan torpağı  ayrı düşdü anamız Azərbaycandan. Obrazlı desək, Türk- Oğuz ellərinin binəsi olan Zəngəzur xəncər kimi öz torpağımızın sinəsinə saplandı.
Türk  dünyasının coğrafi baxımdan ayrı qalmasına yönələn bu ədalətsiz siyasətin qurbanı oldu Zəngəzur mahalı. Lakin, gec və ya tez haqqın, ədalətin şər üzərində qələbəsi mütləqdir həqiqəti prizmasından baxsaq, deyə bilərik ki, zaman bu ədalətsizlik üzərində də haqqın təntənəsinə rəvac verəcək. Zəngəzur dəhlizi bütün maneələrə baxmayaraq açılacaq . Artiq bu istiqamətdə mühüm taleyüklü tədbirlər görülür, əməli işlər gerçəkləşir. Azərbaycan tərəfdən üzü Zəngəzura istiqamət alan dəmiryol xətti və avtomobil yolu seqmentlərinin tikintisi uğurla, inamla davam etdirilir və demək olar ki, hazır vəziyyətə gətirilir. Bu yol təkcə Azərbaycanın Naxçıvanla körpü əlaqəsini gerçəkləşdirməyəcək, eyni zamanda, Böyük Turan yolunun bir parçası kimi Türk dövlətləri ilə əlaqələri də daha üst qata çıxaracaq. Zəngəzur dəhlizinin daha önəmli  tərəfi isə onun Asiya ilə Avropanı birləşdirən mühüm tranzit yola çevrilməsi olacaq. . Hələliksə, böyük güclərin, dövlətlərin maraq dairələrinin kəsişdiyi məsələyə dönüb Zəngəzur dəhlizi. Lakin bu və ya müəyyən səbəblərdən yubansa da açılmasi həqiqəti gerçəkləşəcək. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də inamla vurğuladi:"...Zəngəzur dəhlizi açılmalıdir və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır.Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdir və bu əlaqə Ermənistanın suverenliyini şubhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının muddəalarını yerinə yetirməlidirlər.Orada hər şey açıq-atdın göstərilib.Biz dörd ildən çoxdur ki, səbr göstəririk.Dörd ildən çoxdur istəyirik ki, bu danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni onlar bütün bunları nəzərə almalıdırlar".
 Bəli,  ölkə başçımız İlham Əliyevin təbirincə desək, Ermənistan dövləti istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq. Çünki, bu, bizim tarixi  təməl haqqımızdır. Azərbaycanın tərkib hissəsi  Naxçıvan Muxtar Respublikasının nəqliyyat kommunikasiya blokadasına salınması ədalətsizliyinə son qoyulmalıdır. 
Ölkə Prezidenti 5 mart tarixində Türkiyəyə işgüzar səfərində İğdır- Naxçıvan Təbii Qaz Kəmərinin Naxçıvanda eneji təhlükəsizliyinin təminin mühüm rolundan, həmçinin kəmərin beynəlxalq  əhəmiyyətindən danışdı və Zəngəzur dəhlizi barədə də bəhs edərək ded:  "Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir.
Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi vəeyni zamanda, Naxçıvanı blokadaya aldı.Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün  naxçıvanlılar səfərbər oldular, öz döğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular".
O dövrdə erməni quldurları Naxçıvan torpağına ayaq basmasa da Zəngəzurdan keçən nəqliyyat kommunikasiyalarının kəsilmə səbəbindən Naxçıvan tam blokada məngənəsinə salındı.Bu haqsızlıq ucbatından ən ağır məşəqqətlər yaşadı naxçıvanlılar. Dəmir Yumruq rəmzli Böyük Zəfərimizin bəhrəsi olan Zəngəzur dəhlizi  nəhayət ki, bu ədalətsizliyə də son qoyacaq. Çox mühüm əhəmiyyətli bu geosiyasi iqtisadi keçid təkcə regionun deyil, eləcə də, dünya iqtisadiyyatının dinamik inkişafına təsir göstərcək. Təbii ki,  tranzit nəqliyyat yolu  keçdiyi hər bir ölkədə, bölgədə, o cümlədən, Ermənistanın özündə yerli inkişafa stimul verəcək. Mənfur niyyətləri səbəbindən regonda bütün  qlobal layihələrdən kənarda qalan ölkənin iqtisadi geriliyinə, tənəzzülünə müsbət  təsirini göstərəcək. 
 Milli, tarixi və gələcək maraqlara cavab verən son dərəcə perspektiv əhəmiyyətli bu layihə döğma Naxçıvanımızın  inkişafında, tərəqqisində yeni üfüqlər açacaq. Muxtar Respublıka yüksəlişin  uğurlu mərhələsinə qədəm qoyacaq, onun  daxili iqtisadi potensialının ölkə iqtisadiyyatına daha  sıx inteqrasiyasını  təmin edəcək. Bu torpağın zəngin təbii resurslardan  tam mənada  səmərəli istifadəni artıracaq, sənayeləşməni sürətləndirəcək, yeni istehsal sahələrinin, sənaye zonalarının açılmasına, işsizliyin minumuma yendirilməsinə rəvac verəcək. Naxçıvan sosial, mədəni, mənəvi yuksəliş tempini yüksəldəcək. Bu, uzun illərdir blokada məngənəsində sıxılan,çırpınan insanların maddi rifahının, yaşayış səviyyəsinin daha da yüksəlməsini təmin edəcək.
Beləcə,sarsılmaz inancımız, böyük inamımız, yaşıl ümidlərimiz işığında yol gedir Zəngəzura. Bu yol haqqın, ədalətin təntənəsi rəmzinə çevriləcək. Azərbaycanı ayrılmaz parçası Naxçıvanla, sevincimizə sevinib, kədərimizə qəmlənən qardaş Türkiyə  ilə yerüstü nəqliyyat əlaqəsini yaradacaq. 
Yolumuzun işıqlı, aydın, abad və rəvan olması diləyilə 

Adilə Səfərova, Azərbaycanın əməkdar mədəniyyət işçisi

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar