Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Hər il 23 sentyabr dünyada Beynəlxalq İşarət Dilləri Günü kimi qeyd olunur. Bu mühüm günün əhəmiyyəti, eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqları, eləcə də ölkəmizdə bu istiqamətdə atılan addımlarla bağlı “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova açıqlama verib.
Təşkilat sədri bildirib ki, bu günün qeyd olunması işarət dillərinin əhəmiyyətinin diqqətə çatdırılması, eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin hüquqlarının müdafiəsi və onların cəmiyyətə bərabərhüquqlu inteqrasiyası baxımından müstəsna rol oynayır. Aidə Səfərovanın sözlərinə görə, işarət dillərinin və eşitmə məhdudiyyətli şəxslərin hüquqlarının beynəlxalq səviyyədə tanınmasında BMT Baş Assambleyasının 19 dekabr 2017-ci il tarixli qərarı mühüm dönüm nöqtəsi olub və həmin sənədlə 23 sentyabr Beynəlxalq İşarət Dilləri Günü elan edilib.
A. Səfərova vurğulayıb ki, 23 sentyabr tarixinin seçilməsi təsadüfi deyil. Məhz 1951-ci ilin həmin günündə Romada 25 ölkədən olan nümayəndələrin iştirakı ilə Ümumdünya Karlar Federasiyası (WFD) təsis olunub və bu tarixi hadisə nəzərə alınaraq 23 sentyabr beynəlxalq təqvimə xüsusi gün kimi daxil edilib. Statistikaya nəzər salan birlik sədri Ümumdünya Karlar Federasiyasının məlumatına görə dünyada 72 milyona yaxın eşitmə məhdudiyyətli insanın yaşadığını, onların böyük hissəsinin inkişaf etməkdə olan ölkələrin payına düşdüyünü və qlobal miqyasda 300-dən çox müxtəlif işarət dilindən istifadə olunduğunu diqqətə çatdırıb.
Birlik sədri Azərbaycanda da son illərdə bu sahədə mühüm hüquqi islahatların aparıldığını qeyd edib. Bildirilib ki, 25 aprel 2025-ci ildə Azərbaycan işarət dilinin rəsmi tanınması ilə bağlı qanun imzalanıb. Bu sənədə əsasən, Azərbaycan işarət dili rəsmi ünsiyyət dili kimi tanınıb, anlayış qanunvericiliyə daxil edilib. Eyni zamanda, ümumölkə televiziya kanallarında yayımlanan informasiya xarakterli proqramların işarət dilinə tərcümə olunması ilə bağlı hüquqi öhdəliklər müəyyənləşdirilib.
Aidə Səfərova xatırladıb ki, bu günün əsas məqsədi ictimaiyyətin diqqətini mövcud çətinliklərə yönəltmək, məlumatlılığı artırmaq və bərabər çıxış imkanlarını genişləndirməkdir. Bu çərçivədə hər il 23–29 sentyabr tarixləri xüsusi maarifləndirmə həftəsi kimi qeyd olunur. Rəhbərlik etdiyi “Səssiz Dünya” İB tərəfindən görülən işlərdən danışan sədri ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Kollecində davamlı olaraq işarət dili təlimlərinin təşkil edildiyini, eyni zamanda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mütəxəssis və tibb heyətinə də təlimlərin keçirildiyini diqqətə çatdırıb.
Müsahib həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gəncliyin Qalası: Təhsil və sağlamlıq”, “İşarət Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması üzrə Təşəbbüslər”, “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi”, “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının UNESCO tərəfindən təsdiqlənmiş “İnklüziv Teatr” layihələrinin icra olunduğunu bildirib.
Sonda A. Səfərova əlavə edib ki, işarət dilinin tanınması inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində mühüm addımdır və əsas məqsəd bu hüquqi imkanları gündəlik həyatda hər bir vətəndaş üçün real, əlçatan xidmətlərə çevirməkdir.
23 Sentyabr 2026, 20:49 - 60
Paylaş: