"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“Azərbaycan tarixinin qalib sərkərdəsi – Prezident İlham Əliyev”-AYDIN TAĞIYEV YAZIR


XX əsr Azərbaycan tarixinin ən parlaq dövrü Heydər Əliyevin adı ilə bağlıdır.

Belə ki, onun rəhbərliyi ilə ictimai mühitin bütün sahələrində sürətli inkişaf, milli ruhun oyanışı, mədəni tərəqqi açıq şəkildə hiss edilirdi. Lakin bu çoxşaxəli inkişaf prosesi təkcə ölkədaxili fəaliyyətlə məhdudlaşmırdı.

Onun güclü siyasətçi və müdrik rəhbər kimi Azərbaycanı təmsil etməsi, dünya miqyasında tanınması ölkəmizin xarici siyasətinə müsbət təsiri və tarixi nailiyyətləri ilə nəticələndi.

Heydər Əliyevin şəxsi təşəbbüsü və gərgin əməyi nəticəsində hərbi sahəyə marağın oyadılması və peşəkar milli kadrların hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. Beləliklə, bugünkü zəfərimizin təməl daşlar qoyulmuş oldu.

1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul edildi və 1982-ci ilin yanvar ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin iştirakı ilə M.P.Vaqifin xatirə kompleksinin açılışı oldu.

Təsadüfi deyildir ki, II Qarabağ müharibəsində əldə edilən möhtəşəm zəfərdən sonra Prezident İlham Əliyev ilk dəfə Şuşaya 2021-ci ildə məhz yanvarın 14-də səfər etdi. Bu səfərdən sonra dövlət başçısı M.P.Vaqifin məqbərəsinin bərpa edilməsi barədə göstəriş verdi. 2021-ci il avqustun 29-da isə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu. Eyni zamanda həmin ildə Şuşa şəhəri "Azərbaycanın mədəniyyət paytaxtı", 2023-cü ildə isə "TÜRKSOY-un mədəniyyət paytaxtı" elan olundu.

Ulu Öndərin dediyi kimi: “Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki, xalq həmişə ziyalıları, mədəni irsi, elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”.

Üzərinə tarxi missiyalar düşən, öz dəst-xətti, həyat yolu, bacarıqları ilə seçilən şəxsiyyətlər böyük zaman kəsiyində formalaşır və mənsub olduğu xalq üçün uca tanrının töhfəsi kimi qəbul olunur. Layiqli davamçılar bu şəxsiyyətlərin yolunun işıqlı gələcəyinin təminatçısıdır. Bu gün biz bu tarixi gerçəkliyin Ali Baş Komandan Prezident İlham Əliyevin şəxsində təcalla etdiyinin şahidiyik. Onun peşəkar siyasi, diplomatik və böyük sərkərdəlik qabiliyyəti hakimiyyətdə olduğu ilk illərdən özünü göstərdi və Ulu Öndərin siyasi kursuna sadiqliyini bir daha təsdiq etdi.

İlham Əliyevin 22 illik prezidentlik fəaliyyətinə nəzər saldıqda biz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya ilə yanaşı, onun həm də müasir dövrün tələblərinə uyğun uğurlu siyasi rəhbərlik fəaliyyətinin şahidi oluruq. Onun hakimiyyətə gəldiyi dövrdən başlayaraq Azərbaycan iqtisadi, siyasi və sosial sahələrdə mühüm dəyişikliklər yaşamışdır. Bununla da zamanın tələblərinə çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına bağlı lider olduğu bir daha təsdiqini tapmışdır. Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yeri ilə seçilir.

Son 22 ildə ölkəmiz dinamik inkişafı, sürətlə modernləşməsi, qlobal yerli və beynəlxalq layihələrin həyata keçirilməsi, Azərbaycanın dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Aparılan uğurlu siyasətin davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq enerji layihələrində əsas ölkələrdən birinə çevrilə bildi.

Onun enerji siyasəti ilə bağlı reallaşan layihələri artıq regional çərçivələrdən çıxaraq qlobal miqyas almağa başladı. Bir qədər ötən tarixə nəzə salaq: 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verildi; 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu.

Belə ki, ötən bu illər ərzində enerji sektorunda əldə olunmuş uğurlar davam etdirildi və "Şahdəniz", "TANAP", "TAP" kimi beynəlxalq layihələrə rəhbərlik edildi. Belə ki, 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. TAP layihəsinin icrası qrafik üzrə davam etdirilir.

1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yatağlarında yerləşən resursların birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadıldı. Bu hadisə Azərbaycanda uzun illər bundan sonra da neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaratdı. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq səviyyədə fəaliyyətini genişləndirdi. Həmçinin, qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənaye parklarının yaradılması və kənd təsərrüfatına dövlət dəstəyi artırıldı. Bakı və regionlarda genişmiqyaslı infrastruktur layihələri icra olundu, yeni yollar, körpülər, sosial obyektlər inşa edildi.

Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Dövlət başçısının həyata keçirdiyi islahatlar sosial həyatımızdakı şəffaflığı təmin edir, bürokratik maneələri aradan qaldırır. “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, – deyən İlham Əliyevin dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində görülən işlər bunun əyani sübutu oldu.

Onun rəhbərliyi ilə Azərbaycan dünya tarixində yeni gerçəklik yaratdı və tarixən Azərbaycana məxsus Qarabağ torpaqları hərb gücümüz sayəsində işğalçıdan azad edildi. 44 günlük müharibə nəticəsində azad olunan əzəli Azərbaycan torpaqlarında “Böyük Qayıdış” proqramı çərçivəsində ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı üçün infrastrukturun qurulmasına başlanıldı. "Ağıllı kənd", "ağıllı şəhər" layihələri hazırlandı. Elektron hökümətin qurulması istiqamətində əsaslı və geniş islahatlar aparıldı. Bu proses bu gün də sürətlə davam etdirilməkdədir. Belə ki, proseslərin rəqəmsallaşması ilə vətəndaşlara şəffaf və daha rahat xidmətin göstərilməsi elektron hökümətin əsas prioritetidir.

Əlbəttə, uzun illər müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğunun vacibliyi danılmazdır. Hakimiyyətə gəldiyi ilk illərdən İlham Əliyev Azərbaycan ordusunun gücləndirilməsini dövlət siyasətinin əsas prioritetinə çevirdi. Müdafiə sənayesi, hərbi texnika, hərbçilərin sosial təminatı və təlim sahələrinə böyük sərmayə qoyulmuşdur. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələri ciddi şəkildə modernləşdirilmiş, texniki və struktur baxımından gücləndirilmiş, döyüş qabiliyyəti yüksəldilmişdir. Bu gün hərbçilərin maaşları artırılıb, mənzil təminatı sistemi qurulub, şəhid ailələri və qazilər üçün social evlər, təqaüdlər, tibbi xidmətləri genişləndirilib.

Müzəffər Ordumuz hərbi qüdrətini və döyüş qabiliyyətini hələ 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya göstərmiş oldu. Azərbaycan ordusu ilk dəfə işğal olunmuş torpaqların bir qismini bu döyüşlərin yekununda geri aldı. Bununla da Ordumuzun taktiki və texniki üstünlüyü üzə çıxdı.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücumu ilə başalayan 44 günlük II Qarabağ müharibəsində Azərbaycan ordusu BMT tərəfindən tanınmış əzəli ərazilərini bərpa etdi.  Əməliyyatlar yüksək texnologiya, koordinasiya və sürətli hücum strategiyası ilə aparıldı. Bu döyüşlərdə xüsusi təyinatlılar, dronlar və topçu bölmələri həlledici rol oynadılar.

2023-cü il 19-20 sentyabrda Qarabağ bölgəsində qalan separatçı strukturlar 24 saatlıq lokal əməliyyatla zərərsizləşdirildi. Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi.

Prezident İlham Əliyevin dediyi kimi:

“Həmişə deyirdim ki, Dağlıq Qarabağ probleminin hərb yolu mümkündür və biz bunu icra etdik!”

Böyük qələbə bilavasitə dövlət başçısının mükəmməl siyasi savadı, strateqliyi, güclü təfəkkürü, diplomatik ustalığı, dəmir iradəsi sayəsində qazanıldı. Sadalanan keyfiyyələr sayəsində hərb meydanından əlavə, siyasi arenada da üstünlük birbaşa Azərbaycanın tərəfinə keçdi.

Azərbaycanın hərtərəfli inkişafında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti və xidmətləri də böyükdür. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmiş Mehriban xanım Əliyeva beynəlxalq aləmdə ölkənin tanınmasına mühüm töhfələr vermişdir. Onun çoxşaxəli fəaliyyəti, həmçinin, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsindəki təşəbbüsləri, həyata keçirdiyi layihələri ölkənin sosial və mədəni həyatının inkişafında əhəmiyyətli rol oynamışdır. Mehriban Əliyeva 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir. Həmin ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

2006-cı ilin noyabrında humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. Həmçinin, 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.

Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında humanist və qayğıkeş bir obraz kimi seçilir. Onun fəaliyyəti xüsusilə sosial həssas təbəqələrə — uşaqlara, xəstələrə, yaşlılara və ehtiyaclı insanlara göstərdiyi qayğı ilə bağlı olaraq geniş ictimai rəğbət qazanmışdır. Mehriban Əliyevanın 44 günlük Vətən müharibəsi zamanı şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğısı da danılmazdır.

Hər bir Azərbaycanlı kimi mən də azərbaycanlı olduğum və tarix yazan qələbənin şahidi olduğum üçün qürur duyuram! Mən fəxr edirəm ki, İlham Əliyev kimi müdrik Prezidentimiz və məğlubedilməz Ali Baş Komandanımız var! Bu möhtəşəm zəfər tariximizin şanlı səhifələrindən biri kimi ölkə başçısının hər zaman söylədiyi: “Əgər biz iqtisadi cəhətdən müstəqil və güclü olmasaq, heç bir vəzifəni yerinə yetirə bilmərik” kəlamını bir daha təsdiq etmiş oldu.

Qətiyyət, sonsuz inam sayəsində Azərbaycan qalib dövlət kimi dünya tarixinə düşdü. Artıq hər bir azərbacanlı harda olmasından asılı olmayaraq qürurla başı dik, sinəsi fəxarətlə dolu gəzir. Bütün bunlar ömrünü xalqına həsr edən 22 illik gərgin əməyin sahibi, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev misilsiz xidmətlər nəticəsində mümkün oldu.

Ruhun şaddır, ulu öndər! Bu gün Azərbaycan layiqli davamçın İlham Əliyevlə arzuladığın və hər zaman səsləndirdiyin kimi, öz müqəddəratını özü həll edir, müstəqilliyini qoruyur və güclüdür!

Son olaraq onu da qeyd edim ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də təsadüfi deyildir. Bu, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının və 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın 30 illiyinin qeyd olunmasıdır.

Biz fəxr edirik ki, Azərbaycanlıyıq!

Aydın Tağıyev,

Müstəqil araşdırmaçı jurnalist, yazıçı, publisist

Paylaş: