Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi, iqtisadi və strateji baxımdan mühüm bölgələrindən biri kimi son illərdə ciddi inkişaf templəri nümayiş etdirir. Bu inkişafın əsas dayaqlarından biri isə Azad İqtisadi Zonaların (AİZ) yaradılması və inkişaf etdirilməsi ilə bağlı olan proseslər olduqca mühüm aktuallıq kəsb etməkdədir. Qlobal iqtisadiyyatın sürətlə dəyişdiyi bir dövrdə AİZ-lər muxtar respublika iqtisadiyyatının yüksək perspektivliliyini möhkəmləndirmək və xarici investisiyaları cəlb etmək üçün mühüm bir alətə çevrilir.
Təbii olaraq, Naxçıvan Muxtar Respublikası üçün AİZ-lərin yaradılması, hər şeydən əvvəl ərazinin iqtisadi potensialından daha dinamik istifadə imkanlarının yaradılmasına təminat yaratmış olacaq. Çünki, diqqət etdikdə, aydın olur ki, Azad İqtisadi Zonalar, xüsusi hüquqi rejimə malik ərazilərdir ki, burada sahibkarlıq fəaliyyəti daha az vergi yükü, sadələşdirilmiş gömrük və inzibati prosedurlar, habelə, daha çevik əmək bazarı ilə həyata keçirilir. Belə zonalar investisiya mühitini yaxşılaşdırmaq, ixrac potensialını artırmaq və regionun sənaye və texnologiya bazasını gücləndirmək məqsədi daşıyır. Eyni zamanda, AİZ-lə elm və nəzəri baxımdan ölkənin ərazisinin müəyyən bir hissəsi olaraq, xüsusiləşmiş mahiyət kəsb edir və müəyyən güzəştlər tətbiq olunmaqla, fəaliyyəti təmin olunur.
Ölkəmizdə ərazi bütövlüyümüzün bərqərar olunması, suverenliyimizin təmin olunması, regionların makroiqtisadi inkişafının ölkənin milli iqtisadiyyatına daha dinamik əsaslarla inteqrasiya olunması məsələləri və bu əsasda da, muxtar respublika iqtisadiyyatında yeni keyfiyyət mərhələsinin başlanmış olması, burada, AİZ-lərin yaradılması və fəaliyyətinin təmin olunması məqsədilə olduqca faydalı səbəbləri də özü ilə gətirməkdədir. İlkin olaraq, onu qeyd etmək olar ki, Naxçıvan Muxtar Respublikası ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq,
- iqtisadiyyatın aparıcı sahələrinin, o cümlədən, kənd təsərrüfatı və sənaye sahələrinin qarşılıqlı və perspektivli inkişafı ilə mühüm mezoiqtisadi əhəmiyyətə malikdir;
- tarixi İpək Yolunun üzərində yerləşməklə, zəruri ticarət potensialını özündə əks etdirməkdədir;
- ərazisində Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi, buradakı AİZ perspektivlərini daha da yüksəltməkdədir.
Naxçıvan Muxtar Respublikası, coğrafi baxımdan blokada şəraitində olsa da, özünəməxsus iqtisadi inkişaf modelini formalaşdıra bilmişdir. AİZ-lərin yaradılması bu modelin növbəti mərhələsidir və aşağıdakı əsas məqsədləri güdür:
- Xarici və yerli investisiyaların stimullaşdırılmasından;
- İstehsal və sənaye potensialının artırılmasından;
- Yeni iş yerlərinin yaradılmasından;
- İxrac yönümlü iqtisadiyyatın qurulmasından;
- İnnovasiya və texnologiya transferinin təşviqindən ibarət olan olduqca zəruri məqsədlərin daha əlçatan olmasına təminat yaratmış olacaq. Məhz bütün bunlar əsasında, mövcud və tənzimlənən, eyni zamanda, hədəf olaraq qəbul olunan Azad İqtisadi Zonalar muxtar respublika iqtisadiyyatının daha islahatçı formasının üstün tutulmasına zəmin yaradacaq.
Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında əlverişli biznes mühitinin yaradılması məqsədləri çərçivəsində ilk Azad İqtisadi Zonanının yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Müzəffər Ali Baş Komandanın imzalamış olduğu Sərəncamın yüksək elmi və iqtisadi əhəmiyyəti var. Orada göstərilir ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçiriləcəkdir. Burada Azad İqtisadi Zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Aydın məsələdir ki, muxtar respublikanın əsas profili yüngül sənaye, qida emalı və logistika sahələrini əhatə edir. Eyni zamanda, sənaye parkları və universitet texnoparklarının da yaradılması nəzərdə tutulur. Bütün bunlar, muxtr respublikada AİZ-lərin fəaliyyətinin səmrəli olacağını göstərməkdədir. Bütövlükdə, AİZ-lərin fəaliyyətində yeni ideya və təşəbbüslərin müəllifi olaraq, sahibkarlara təklif olunan imtiyazlar daha əlverişli fəaliyyət üçün zəmin yaradır. Burada:
- gəlir və mənfəət vergisindən azadolmadan;
- gömrük rüsumlarının tətbiq olunmamasından;
- sadələşdirilmiş qeydiyyat və lisenziyalaşdırma prosesindən;
- torpaq sahələrinin uzunmüddətli və güzəştli icarəsindən;
- regional iqtisadi əlaqələrin gücləndirilməsindən ibarət olan tədbirlər daha geniş fəaliyyət mühitinə əsaslar yaradır.
AİZ-lərin yaradılması həm də Naxçıvan Mutar Respublikasının qonşu ölkələrlə, xüsusən Türkiyə və İranla ticarət və sənaye əməkdaşlığını genişləndirmək üçün yeni imkanlar açır. Bu zonalar vasitəsilə muxtar respublika daha geniş regional bazarlara çıxış əldə edə və Azərbaycanın ümumi ixrac strategiyasına töhfə verə bilər.
Təbii olaraq, AİZ-lərin yaradılması, həm, uzunmüddətli Milli Prioritetlərin və uzaq gələcəyə iqtisadi baxışın mümkün mərhələlərini özündə əks etdirməkdədir. Belə ki, Azad İqtisadi Zonalar Naxçıvanın inkişafında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu təşəbbüs, həm yerli iqtisadiyyatın modernləşdirilməsinə, həm də gənc sahibkarların təşəbbüslərinə geniş meydan verilməsinə şərait yaradacaq. Uğurlu tətbiq olunduğu təqdirdə, AİZ-lər Naxçıvanı Cənubi Qafqazda mühüm iqtisadi mərkəzlərdən birinə çevirə bilər.
Cavadxan Qasımov, Naxçıvan Dövlət Universitetinin dosenti, İqtisad üzrə fəlsəfə doktoru
Paylaş: