Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bugünkü dünyada sosial və iqtisadi inkişafın əsas sütunlarından biri qadınların əmək bazarına fəal inteqrasiyasıdır. Xüsusilə regionlarda bu iştirak həm milli, həm də lokal səviyyədə inkişafın dayanıqlılığı üçün mühüm şərtdir. Azərbaycanda regionlarda yaşayan qadınların sosial-iqtisadi potensialı hələ də lazımi səviyyədə qiymətləndirilməyib və dəstəklənməyib. Məhz bu səbəbdən qadınların əmək bazarında yer alması, bacarıqlarının məhsuldar istifadəsi və iqtisadiyyata real töhfələrinin artırılması vacib çağırış kimi qarşıda dayanır.
Regionlarda qadınların əksəriyyəti ailə qayğıları, mental stereotiplər və maddi imkanların məhdudluğu səbəbilə öz potensiallarını tam şəkildə reallaşdıra bilmirlər. Bu səbəbdən onların sahibkarlıq fəaliyyətinə başlaması və ya mövcud bacarıqlarını gəlirə çevirməsi üçün institusional dəstəyə ehtiyac var. Bizim əsas təklifimiz – qadınların yaşadıqları regionda olan təbii resurslara, yerli xammala və qədim ənənələrə əsaslanaraq istehsal və xidmət sahələrində yeni fəaliyyət növlərinə yönləndirilməsidir. Məsələn, efir yağları istehsalı, aromaterapiya, təbii kosmetik məhsulların hazırlanması kimi sahələr təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi baxımdan dayanıqlı və perspektivlidir.
Əlavə olaraq qeyd etmək vacibdir ki, qadınların əmək bazarına daxil olmasını yalnız məşğulluqla deyil, onların inkişafına yönəlik maarifləndirmə, mentorluq və texniki təlimlər vasitəsilə təmin etmək olar. Bu məqsədlə regionlarda qadınlar üçün spesifik təlim mərkəzlərinin yaradılması və onların yerli və beynəlxalq bazarlara çıxış imkanlarının təmin edilməsi təklif olunur. Dövlət və özəl sektor əməkdaşlığı, eləcə də beynəlxalq donor təşkilatlarının bu prosesi dəstəkləməsi vəziyyəti ciddi şəkildə dəyişə bilər.
Qadınların sahibkarlıq fəaliyyətinə dəstək həm də onların sosial statusunun artması, ailədə və cəmiyyətdə mövqeyinin möhkəmlənməsi ilə nəticələnəcək. Qadın bir ailənin dirəyi olmaqla yanaşı, bir kəndin, bir bölgənin, bütöv bir millətin inkişafına töhfə verən qüvvəyə çevrilə bilər.
Nəticə olaraq, regionların inkişafı sadəcə infrastruktur və iqtisadi göstəricilər üzərində qurulmamalıdır. Sosial kapitalın ən dəyərli hissəsi olan qadınların gücləndirilməsi və onların iş həyatına inteqrasiyası olmadan heç bir strateji inkişaf dayanıqlı ola bilməz. Əgər biz regionlarımızı inkişaf etdirmək istəyiriksə, bu inkişaf qadınlarla birgə olmalıdır.
Dilbər Coşqunsoy, təhsil eksperti
Paylaş: