"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev: Efir qadağası və efirin məsuliyyəti


Son günlər bəzi müğənnilərin televiziya məkanına dəvət olunmaması ilə bağlı xəbərlər geniş müzakirə olunur. Kimisi bunu zövqün qorunması kimi qiymətləndirir, kimisi isə sərt yanaşma sayır. Amma məsələni yalnız “qadağa” sözü üzərindən oxumaq yetərli deyil. Əsas sual budur: efirin meyarı nədir və bu meyar hamı üçün eynidirmi?

Televiziya təsir gücü olan platformadır. Orada görünən hər obraz, səslənən hər mahnı bir növ ictimai seçimə çevrilir. Əgər efir keyfiyyət iddiası daşıyırsa, seçimlər də prinsipial olmalıdır. Yox əgər meyarlar dəyişkəndirsə, o zaman yaranan suallar təbiidir. Mən yaxşı şeir deyənə, yaxşı musiqi ifa edənə həmişə qibtə etmişəm. Səsi ilə sükut yaradan, bir ifa ilə insanın iç dünyasına toxunan sənətkar mənim üçün həmişə hörmət ünvanıdır. Çünki sənət zəhmət tələb edir, daxili mədəniyyət tələb edir. Səhnə təsadüfi yer deyil, efir isə daha böyük məsuliyyətdir. Amma gəlin özümüzə də sual verək. Təəssüf ki, bu gün bəh-bəhlə efir qadağasına sevindiklərimizi sabah yenə də el şənliklərinə dəvət edəcək, başlarına pullar səpəcək, “çini çaydan”lara şıdırğı oynayacağıq. Deməli, məsələ təkcə efirdə deyil. Cəmiyyət nəyi alqışlayırsa, bazar da, səhnə də ona uyğun formalaşır. Burada başqa bir məqam da var. “Xocalı 34: Musiqidə yaşayan ağrı” layihəsini həyata keçirərkən arxamızda heç bir maliyyə dəstəyi yox idi, təşəbbüs tamamilə könüllülük əsasda gerçəkləşdi. Bu addım 44 günlük müharibə iştirakçısı olan bir tarzənin döyüş zamanı ürəyindən keçən arzusunun reallaşması idi. Məqsəd Qarabağ torpağında musiqi səsləndirmək, şəhidlərin xatirəsini sənətin dili ilə anmaq və həmin ağrını notlara köçürməkdən ibarət oldu. Layihə barədə sosial şəbəkələrdə açıq şəkildə məlumat verdik. Heç bir iddia, heç bir şou olmadan. Amma heç bir televiziya buna reaksiya vermədi. Halbuki hansısa qalmaqallı, nöqsanlı və ya mübahisəli hadisə olsaydı, çox güman ki, efirdə ona yer tapılardı. Bu isə istər-istəməz düşündürür. Sözüm kimisə ittiham etmək deyil. Amma əgər efir doğrudan da keyfiyyət və dəyər meyarını əsas götürürsə, o zaman könüllü, ictimai məzmunlu və vətənpərvər təşəbbüslər diqqətdən kənarda qalmamalıdır. Efir yalnız kimlərinsə görünməməsi ilə yox, kimlərin görünməsi ilə də mesaj verir. Əgər məqsəd zövqü yüksəltməkdirsə, onda həm seçimlər, həm də prioritetlər aydın olmalıdır. Çünki sənət qalmaqalla yox, məzmunla yaşayır. Və cəmiyyət də sonda hansı səslə yaşamaq istədiyinə özü qərar verir.

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri

4 Mart 2026, 0:01 - 139

Paylaş: