Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Tanrı hər bir insanın missiyasını O dünyaya gələndə verir. Mən də gözümü açandan valideyinlərimin mənə öyrətdiyi və Tanrının missiya olaraq üzərimə qoyduğu bir yol var:
- Cəmiyyətə, Vətənə xidmət, Azərbaycan üçün canını fəda edən və yaşayan qəhrəmanlarımızın xatirəsini bu gün yaşatmaq və gələcəyə daşımaq.
Bu çətin və şərəfli yolda addımlayarkən mənə ən çox güc verən, gələcəyə ümidlə baxmağıma səbəb bir amil var :
- Uşaqlarımızın, böyüyən yeni nəslin gözlərindəki təmiz və təmənnasız bir İşıq.
Bugün 1 iyundur — Uşaqların Beynəlxalq Müdafiəsi Günü.
Mənim üçün bu gün təqvimdəki sıradan bir bayram deyil, gələcək naminə atdığımız hər bir addımın səbəbi olan gündür.
Biz bu gün uşaqlarımıza bütöv, azad və zəfər qazanmış bir Azərbaycan miras qoymuşuq. Bu gün Şuşada, Xankəndidə, Füzulidə uşaq gülüşlərinin eşidilməsi, illər öncə erməni tapdağı altında qalan torpaqlarda indi körpələrin sərbəst qaçıb oynaması bəşəriyyətin ən böyük ədalətidir. Biz böyüklərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin ən böyük vəzifəsi isə bu azadlığı qoruyacaq, Vətəni canından çox sevəcək bir nəsil yetişdirməkdir.
Uşaqlara vətənpərvərliyi təkcə kitablarla öyrətmək olmaz; onlara bu hissi yaşatmaq, fədakarlığı, paylaşmağı və insanlara qarşılıqsız kömək etməyi şəxsi nümunəmizlə göstərmək lazımdır. Çox uzağa getmirəm, elə öz oğlumdan nümunə çəkəcəm.
Bir ata kimi mənim bu həyatda ən böyük qürurum — hələ 14 yaşında olmasına baxmayaraq, artıq 5 ildir ki, böyük əzmlə, sevgiylə mənə ictimai fəaliyyətimdə dəstək olan oğlumdur. Onun kiçik yaşlarından sosial təşəbbüslərə qoşulması, insanlara əl tutmağa çalışması, cəmiyyətə faydalı olmaq istəyi mənə sübut edir ki, biz doğru yoldayıq. Övladımın bu fəallığı, zəhmətsevərliyi həm bir valideyn, həm də bir vətəndaş kimi mənim başımı uca edir. Bax, mənim üçün əsl uşaq müdafiəsi və tərbiyəsi budur: onları erkən yaşdan xeyirxahlığa, vətəndaşlıq məsuliyyətinə alışdırmaq. Oğlum mənim dostum, yol yoldaşım, iş həmkarım və ən əsası Sabahımdır.
Bu gün həm də böyük bir ehtiram günüdür. Bizim çiyinlərimizdə çox müqəddəs bir borc var. Bu dinc səmada uşaqlarımızın rahat böyüməsi üçün canını sipər edən, qanından keçən əziz şəhidlərimizin ailələri, bizə əmanət qalan övladları var.
Bu gün xüsusilə mənim üçün çox ağır və dəyərli olan, yaxın dostum, qardaşım, şəhid Yunis Abbasovun övladlarının simasında bütün şəhid əmanətlərini düşünürəm. Onların təhsili, gələcəyi, hər bir uğuru bizim cəmiyyət olaraq ən müqəddəs vəzifəmizdir. O uşaqların üzündəki bircə təbəssüm, gözlərindəki sevinc bizim gördüyümüz bütün işlərin ən böyük mükafatıdır.
Biz hər zaman onların yanındayıq və olacağıq.
Uşaqlar bizim gələcəyimiz deyil, onlar elə bizim bu günümüzdür. Biz onlara bu gün nəyi veririksə, sabah cəmiyyət olaraq onu da görəcəyik. Əgər bu gün uşaqlarımıza dürüstlüyü, şəhidlərimizin xatirəsinə hörməti, zəhməti və könüllü xidmətin gözəlliyini aşılaya biliriksə, deməli, Azərbaycanın gələcəyi tamamilə əmin əllərdədir.
Başda şəhidlərimizin bizə qoyub getdiyi müqəddəs əmanətlər olmaqla ölkəmizin bütün uşaqlarını 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, yolları hər zaman açıq, səmaları daim sülh dolu, gələcəkləri isə qurduğumuz fəxr dolu Azərbaycan qədər parlaq olsun.
Bayramınız mübarək, əziz gələcəyimiz olan Uşaqlar!
Emin Tarverdiyev "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

Emin Tarverdiyev, Nazlı Abbasova (Şəhid dostum Yunis Abbasovun qızı), Hafiz Tarverdiyev

Arzu Abbasova (Şəhid dostum Yunis Abbasovun qızı), Emin Tarverdiyev
1 İyun 2026, 0:00 - 2133
Paylaş: