Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İctimai Televiziyanın “Təmas xətti” verilişi son illərin ən dəyərli televiziya layihələrindən biri kimi yadda qalır. Bu veriliş təkcə efir məkanı deyil, həm də Azərbaycan diplomatiyasının 35 illik yol xəritəsini, dəyişən siyasi mərhələləri və xalqın yaddaşında dərin iz qoyan hadisələri lentə almış bir ekran salnaməsidir. “Təmas xətti” tamaşaçını hadisələrin mərkəzinə aparır, həm də diplomatiyanın görünməyən səngərində baş verənləri aydın şəkildə göstərir.
1988-ci ildən bu yana ölkəmizin xarici siyasətini formalaşdıran şəxslərin — Hüseynağa Sadıqov, Həsən Həsənov, Tofiq Zülfüqarov, Vilayət Quliyev, Elmar Məmmədyarov və Ceyhun Bayramovun — eyni verilişdə bir-birini tamamlayan baxışlarla çıxış etməsi, həm tarixi ardıcıllığın, həm də milli diplomatiyanın ideoloji davamlılığının göstəricisidir. Onların hər biri fərqli dövrlərin təzyiqləri, imkanları və çağırışları haqqında səmimi danışaraq Azərbaycan diplomatiyasının təkamül xəttini tamaşaçıya aydın şəkildə təqdim edib.
“Təmas xətti” bu baxımdan təkcə müsahibə silsiləsi deyil, həm də diplomatik yaddaşın qorunması missiyasını daşıyan bir layihədir. Hər bir nazirin müsahibəsində eyni ruh hiss olunur: Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq nüfuzunu qorumaq. Amma bu ruhun zirvəsi, təbii ki, Ceyhun Bayramovun dövrü ilə tamamlanır. Çünki məhz onun nazirliyi dövründə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası hərbi Qələbəni siyasi reallığa çevirə bildi. 2020-ci ilin Vətən müharibəsi cəbhədə başa çatsa da, onun davamı masa arxasında, beynəlxalq tribunalarda “Təmas xətti”nin mövzu etdiyi səbrli, amma prinsipial diplomatiya ilə davam etdi.
Verilişin ən mühüm uğurlarından biri də budur ki, o, tarixi faktları quru xronika kimi yox, insan taleləri və qərarların məsuliyyət yükü ilə təqdim edir. Hər bir nazirin sözlərində o dövrün siyasi təlatümləri, beynəlxalq münasibətlərin sərt reallığı duyulur. Bu, tamaşaçını yalnız hadisələrə deyil, proseslərin dərinliyinə baxmağa vadar edir.
“Təmas xətti” İctimai Televiziyanın peşəkarlığının, milli məsuliyyətinin və jurnalist cəsarətinin bariz nümunəsidir. Burada səslənən fikirlər təkcə keçmişi xatırlatmır, həm də gələcəyə mesaj verir: diplomatiya da müharibə qədər əzmkarlıq, strateji düşüncə və Vətən sevgisi tələb edir.
Bu verilişin ekran dili, sualların dürüstlüyü və qonaqların seçimi bir daha göstərdi ki, dövlətçilik təcrübəsi və mediada peşəkarlıq birləşəndə ortaya milli dəyər çıxır. “Təmas xətti” yalnız bir televiziya proqramı deyil – o, Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyini, milli kimliyini və Qələbə ruhunu yaddaşlarda əbədiləşdirən tarixi sənəddir.
Azərbaycanın diplomatik və informasiya cəbhəsində qazandığı uğurların davamı üçün “Təmas xətti” kimi verilişlərin çox olması vacibdir. Çünki belə layihələr həm dövlətin gücünü, həm xalqın qürurunu, həm də həqiqətimizin səsini dünyaya çatdırır.
Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
10 Noyabr 2025, 15:11 - 346
Paylaş: