"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Fatimə Əmirəliyeva: Qəhrəmanlıq salnaməmizin parlaq səhifəsində şəhid Elvin Kərimov izi


Bu il — 2025-ci il — Azərbaycan xalqı və dövləti üçün mühüm və qürurverici bir hadisənin — 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümüdür. 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 8-də Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan bu müharibə, xalqımızın uzun illər ərzində yaşadığı ədalətsizliklərə son qoydu. Bu salnamə yalnız hərbi qələbə deyil, xalqın birliyi, əsgərlərin qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyəti ilə yazılmış şanlı tarixdir. Bu şanlı Qələbə xalqımızın qanı və canı bahasına əldə olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan igid oğul və qızlarımız, Azərbaycan tarixində əbədiyaşar bir yer qazandılar. Onlar müstəqilliyimizin, torpaq bütövlüyümüzün və gələcək nəsillərin azad, təhlükəsiz yaşamasının rəmzinə çevrildilər.
Şəhidlərimizin hər biri, millətimizin qeyrət simvolu, torpağa deyil, qəlblərə gömülən qəhrəmanlardır. Onların göstərdiyi rəşadət, cəsarət və fədakarlıq bu gün təkcə ailələrinin deyil, bütün xalqımızın iftixarına çevrilmişdir.
Hər bir şəhidimizin adı əbədiyaşar Zəfər Salnaməsində qızıl hərflərlə yazılıb. Onların müqəddəs ruhu qarşısında baş əyir, xatirələrini sonsuz ehtiramla yad edirik. Respublikamızın hər bir guşəsində şəhidlərimizin şərəfinə abidələr ucaldılır, məktəblərə, küçələrə, mədəniyyət ocaqlarına onların adları verilir.
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan minlərlə igid oğullarımızdan biri də Şəhid Kərimov Elvin Mürşüd oğlu olmuşdur. O, 13 sentyabr 1985-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açmış, elə bu torpaqda da vətənə sədaqətli bir övlad kimi yetişmişdir.
Elvin Kərimov 2003–2005-ci illərdə həqiqi hərbi xidmət keçmiş və vətənə xidmət yolunu bu illərdə seçmişdir. 2014-cü ildən isə Müddətdən Artıq Həqiqi Hərbi Xidmətkeçən (MAHHXHQ) kimi, kiçik çavuş rütbəsində Azərbaycan Ordusunda fəaliyyətini davam etdirmişdir. O, hər zaman intizamlı, vətənpərvər və qətiyyətli bir əsgər kimi tanınıb.
44 günlük Vətən müharibəsi başladıqda Elvin Kərimov da könüllü olaraq ön cəbhəyə yollanmış və 27 sentyabr 2020-ci ildən etibarən döyüşlərdə iştirak etmişdir. O, xüsusilə Suqovuşan istiqamətində aparılan ağır döyüşlərdə qəhrəmanlıq göstərmiş, 10 oktyabr 2020-ci ildə düşmənin hücumunu dəf edərkən şəhidlik zirvəsinə ucalmışdır.
Elvinin nəşi doğulub boya-başa çatdığı Çaylı kəndinə gətirilmiş və 11 oktyabr 2020-ci il tarixində izdihamlı şəkildə dəfn olunmuşdur. Onun qəhrəmanlığı təkcə ailəsinin deyil, bütövlükdə Azərbaycan xalqının qürur mənbəyidir.
Şəhid Elvin Kərimov ailəli idi və üç övlad atası idi. O, həm ləyaqətli hərbçi, həm də məsuliyyətli ailə başçısı kimi tanınıb. Onun övladları bu gün atasının qəhrəmanlığı ilə fəxr edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Şəhid Kərimov Elvin Mürşüd oğlu ölümündən sonra aşağıdakı medallarla təltif edilmişdir:
"İgidliyə görə" medalı,
"Vətən uğrunda" medalı,
"Suqovuşanın azad olunmasına görə" medalı,
"Laçının azad olunmasına görə" medalı.
Bu yüksək təltiflər onun vətən qarşısındakı əvəzolunmaz xidmətlərinin və göstərdiyi rəşadətin əyani sübutudur.
Şəhid Elvin Kərimovun adı bu xalqın yaddaşına qəhrəman, vətənpərvər, şəhid kimi həkk olunub. Onun xatirəsi əbədi yaşayacaq, hər zaman ehtiramla yad ediləcəkdir.
Ruhu şad olsun! Vətən onun kimi oğulları ilə fəxr edir!


Fatimə Əmiralıyeva, Qəbələ Dövlət Peşə Təlimi Mərkəzinin I kurs tələbəsi

 

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar