Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
"Qan Donorları Assosiasiyası” 2008-ci ildə üç fəal gənc tərəfindən yaradılıb. Təsisçilərdən biri də mən olmuşam. Bu birliyin yaradılması qaçılmaz idi. Çünki ölkədə ciddi qan çatışmazlığı var idi. Mən irsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkirdim. Qardaşım hələ uşaq ikən gözlərimin qarşısında daxili qanaxmadan həyatını itirmişdi. Sonra illər ərzində qan xəstəliklərindən əziyyət çəkən bir çox dostlarımı da itirdim. Bütün bu hallar məni çox sarsıtmışdı və insanlara kömək etmək istəyirdim. İstəmirdim qan çatışmazlığından başqa uşaqlar da həyatını itirsin.
İlk öncə bu sadəcə bir təşəbbüs qrupu kimi fəaliyyət göstərdik, sonradan hərəkata və sonda ölkənin səhiyyə sahəsində aparıcı ictimai birliyə çevrildik. Biz təsis olunanda düşünmürdük ki, qısa müddət ərzində Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası (FİODS) bizim fəaliyyəti görüb dəyərləndirəcək. Hazırda FİODS-un üzvü olan 90 ölkə arasında bərabər hüquqlu üzv olaraq yer alırıq. Bu çox böyük əmək tələb etsə də, sonunda nail olduq. Əsas məqsədimiz respublikada qan donorlarından ibarət milli donor şəbəkəsini qurmaq və qan xəstəliklərindən əziyyət çəkən uşaqlara təmənnasız qan verilməsini təmin etmək idi. Etiraf etməliyəm ki, məqsədimizə çatmışıq, çünki ölkədə könüllü qan donorluğu artıq insanlar arasında bir mədəniyyətə çevrilib.
Sovet dönəmindən sonra Azərbaycanda, ümumiyyətlə, qan donorluğu sahəsində böyük bir boşluq yaranmışdı. Qan donorluğu haqqında maariflənmə pərakəndə şəkildə aparılırdı. Bu səbəbdən də, insanlar məlumatlı deyildilər. Lakin illər sonra cəmiyyətimiz, dövlətimiz inkişaf etdikcə bu sahəyə də diqqət ayrılmağa başladı. Bu gün nəinki paytaxt Bakıda, hətta regionlarda da gənc donorların forumları, elmi konfransları, yay və qış düşərgələri, müxtəlif maarifləndirici tədbirləri keçirilir. Zamanla qan ehtiyatları ehtiyaclarımızdan nə qədər üstün olsa da, bu sahədə cəmiyyətin maariflənməsi üçün işləri ləngitmirik. Daim layihələrimizlə cəmiyyətimizin yanındayıq. Əsas işimiz cəmiyyətin maarifləndirilməsidir. Bir çox ölkələrdə qan vermək mədəniyyət formasıdır. İnsanların dəvətə ehtiyacı yoxdur. Bizdə isə hələ də komplekslər qalmaqdadır. Bunu xüsusi vurğulamaq istərdim ki, Azərbaycanda qan donorluğu tam təhlükəsizdir. Adətən, neqativ fikirlərin yaranması şayiələrin sayəsində olur. Bu işdə təhsil ocaqlarında maarifləndirmə aparırıq, özəl və dövlət qurumları ilə işləyirik. Qanvermə, ilk növbədə, insanın öz sağlamlığı üçün faydalıdır”.
Bu ildən etibarən “Qan Donorları Assosiasiyası” ictimai birliyi fəaliyyətində yeni mərhələyə başlayır. Öncəki illərdə qan donorluğunun təbliğini prioritet istiqamət seçən birlik hazırda qohumluq nikahlarının yarada biləcəyi mənfi fəsadlar haqqında ictimai maarifləndirmə aksiyalarına da başlayacaq. Azərbaycanda yaxın qohum nikahları (əmi, xala, bibi və dayı uşaqları arasında) iyun ayından etibarən rəsmi şəkildə qadağan ediləcək. Ailə Məcəlləsinə edilən dəyişikliklə bu cür nikahların bağlanması və dövlət qeydiyyatına alınması hüquqi cəhətdən mümkün olmayacaq. Sözsüz ki, cəmiyyətdə bu qərarın icrası birmənalı qarşılanmayacaq. Yaxın qohumlar arasında nikah halları və onların törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi, bizim cəmiyyətimizdə də narahatlıq doğuran aktual ailə məsələlərindən biridir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Son illərin açıqlanan statistik göstəriciləri artıq SOS siqnalının vacibliyini gündəmə gətirir. Biz də öz növbəmizdə mövzunun aktuallığını nəzərə alaraq bu istiqamətdə fəaliyyətimizi genişləndirəcəyik.
Paylaş: