Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
8–9 noyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi “Nar Festivalı” keçirilib.
Festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, həmçinin yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.
Tədbirdə 65-dən çox stend fəaliyyət göstərib. Burada istehsalla məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, eləcə də nar mövzusunda əl işləri nümayiş etdirilib. Festival çərçivəsində məhsul dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil olunub.
İki gün davam edən festival konsert proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda tematik festivalların təşkili və onların turizm məhsulu kimi inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
2006-cı ildən etibarən keçirilən “Nar Festivalı” ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin mühüm bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və digər nar növləri yetişdirilir.
Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsini təşkil edən Göyçay narı və nar məhsulları bu gün xarici bazarlarda da tanınmaqdadır.




10 Noyabr 2025, 15:04 - 125
Paylaş: