"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Məhbubə Mehdiyeva: Unutmamaq vacibdir


Alman dilində bütün canlıların balaları bioloji cinsə aid edilmir. Bu dil qaydasına görə uşaqlara neytral artikeli – "das" verilir. Sadə qrammatik bir xüsusiyyət kimi görünə bilər, amma əslində böyük bir fəlsəfəni özündə ehtiva edir. Bu qayda uşaqlara münasibətin neytral olmamasının, əksinə bərabər və dərin sevgiyə işarəsidir.
Uşaq – irqi, cinsi fərqindən asılı olmayaraq – dünyanın ən böyük əmanətidir. Bəzən sərhədlər dəyişdikcə, körpələrə münasibətin də fərqli olduğunu görürük; bəzən təəssüflənirik, bəzən isə sevinc hissi keçiririk. Hər halda, cəmiyyətlər bir-birindən yaxşı nümunələri öyrənməli və öyrənirlər də.
Ölkəmizdə uşaqlara cins fərqi qoyulmur – oğlan ya qız olmasından asılı olmayaraq, hamısı eyni dərəcədə sevilir, qorunur və dəyər verilir. Hətta yad biri, tanımadığı bir uşağa “oğlum” ya da “qızım” deyə müraciət edir. Bu, uşaqlara verilən dəyərin nə qədər böyük olduğunun açıq göstəricisidir.
Hər bir valideyn üçün öz övladı dünyanın ən gözəlidir. Lakin bu sevgi içində digər uşaqları – xüsusilə atasız, anasız və ya diqqətdən kənar qalmışları – unutmamaq vacibdir.
Bioloji ana olmadan da başqalarına ən yaxşı valideyn olanlar vardır. Xüsusilə müəllimlər, uşaqlara sevgi və qayğı ilə yanaşaraq onların həyatında mühüm rol oynayırlar. Müəllimlərin və digər qayğıkeş insanların göstərdiyi sevgi və diqqət uşaqların sağlam inkişafına böyük təsir göstərir.
Uşaqlar təkcə valideynlərinin deyil, bütün cəmiyyətin əmanətidir. Bəzən bir isti baxış, bir sevgi dolu söz bir uşağın taleyini tamamilə dəyişə bilər. Həqiqi insanlıq yalnız öz övladına deyil, bütün uşaqlara sevgi ilə yanaşmaqdır.
Təəssüf ki, uşaqlarda zərərli vərdişlərin yaranmasında valideynlərin laqeydliyi və ya aşırı sevgisi mühüm rol oynayır. Həm diqqətsiz münasibət, həm də sərhədsiz, həddindən artıq sevgi uşağın sağlam inkişafını pozaraq zərərli vərdişlərə yol açır. Buna görə valideyn sevgisində balans qorumaq – həm sevgi göstərmək, həm də düzgün tərbiyə və sərhədlər qoymaq – olduqca önəmlidir.
Bu həqiqət bəzən sənət əsərlərində daha dərindən təsvir edilir. Məşhur “Koparnaum” (Capharnaüm) filmində Zeyn adlı azyaşlı uşağın yaşadıqları vasitəsilə bu mesaj insanın qəlbinə toxunur.
Zeyn, ağır şəraitdə böyüyən, uşaqlığı əlindən alınmış bir uşaqdır. Valideynlərinin laqeydliyi, yoxsulluq və cəmiyyətin biganəliyi onun həyatını zülmə çevirir. O, nəhayət valideynlərini məhkəməyə verir və deyir: “Məni dünyaya gətirdikləri üçün!”
Bu dramatik səhnə ilə film bir uşaq vasitəsilə sevgi və məsuliyyətsizlik, insanlıq və biganəlik, hüquq və laqeyd cəmiyyət arasında sərhədi bizə göstərir.
Ümid edirik ki, bütün dünyanın uşaqları sevgi və qayğı ilə dolu bir həyat yaşayacaq

Məhbubə Mehdiyeva, araşdırmaçı sosioloq

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar