"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Məhəbbət Aslanova: Hadrut – zəfərin ilk böyük nidası


Azərbaycan xalqının tarixində elə günlər var ki, əsrlər keçsə də, qəlblərdən silinməz, yaddaşlardan unudulmaz. Bu günlər həm kədərin, həm də qürurun daşıyıcısıdır. Lakin içində Zəfər ruhu olan günlər xalqın tarixini parlaq səhifələrlə bəzəyir. Belə günlərdən biri də məhz 9 oktyabr 2020-ci ildir.
Bu tarix Azərbaycan xalqının gücünü, birliyini və mübarizə əzmini bütün dünyaya bir daha nümayiş etdirdi. Həmin gün Azərbaycan Ordusu 27 ildən artıq düşmən işğalı altında qalmış Xocavənd rayonunun Hadrut qəsəbəsini düşmən tapdağından azad etdi. Bu qələbə yalnız bir yaşayış məntəqəsinin azad olunması deyildi – bu, xalqın haqq savaşında qazandığı mühüm mərhələ, əzm və qəhrəmanlığın canlı təcəssümü idi.
Hadrutun azad olunması strateji baxımdan mühüm bir dönüş nöqtəsi olmaqla yanaşı, həm də psixoloji və mənəvi baxımdan xalqımıza böyük ruh yüksəkliyi verdi. Bu gün göstərdi ki, Azərbaycan Ordusu təkcə torpaq azad etmir, həm də ədaləti bərpa edir, tarixi düzəldir, qürurumuzu geri qaytarır.
İllərlə gözlədiyimiz o gün artıq gəlmişdi. Bayrağımız Hadrutda dalğalanırdı, əsgərlərimiz torpağa səcdə edirdi, şəhid ruhları sevinirdi. Bu Zəfər bizə minlərlə igid oğulun qanı və canı bahasına başa gəldi. Vətənin hər qarış torpağı uğrunda döyüşən əsgərlərimiz bizə sübut etdilər ki, torpaq uğrunda ölən varsa, Vətəndir!
Hadrutun azadlığı həm də Qarabağ uğrunda mübarizənin dönməzliyini göstərdi. Bu hadisə həm daxildə, həm də beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirdi, xalq-ordu birliyinin nəyə qadir olduğunu sübut etdi. Artıq Hadrut işğaldan azad olunmuş bir məkan deyil – o, şanlı Zəfərin simvollarından biridir.
Hadrut Azərbaycanın qədim və tarixlə zəngin bölgələrindən biridir. İşğaldan əvvəl burada azərbaycanlılar əsrlərlə yaşamış, öz mədəniyyətini, adət-ənənələrini qorumuşdur. Lakin 1990-cı illərin əvvəllərində baş verən Birinci Qarabağ müharibəsində Hadrut da digər bölgələrimiz kimi erməni işğalına məruz qaldı. Yerli əhali doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldı. Hadrut həsrətə büründü, torpağı tapdalandı, məscidləri dağıdıldı, abidələri təhqir olundu.
Lakin xalq heç vaxt ümidini itirmədi. Bu torpaqların bir gün azad olunacağına inandı. Və o gün gəldi!
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı mərhələ-mərhələ azad etməyə başladı. Məhz bu mübarizənin 13-cü günü – 9 oktyabrda, Hadrut düşmən tapdağından azad edildi. Azərbaycan əsgəri burada şəhidlərin qisasını aldı, ədaləti bərpa etdi.
Hadrutun azad olunması həm də strateji baxımdan mühüm bir dönüş nöqtəsi idi. Bu uğurdan sonra ordumuz daha da irəliləyərək Xocavəndin digər ərazilərini, Şuşanı və bütün Qarabağı azad etdi. Bu qələbələr xalqımıza illərdir davam edən yurd həsrətinə son qoydu.
Bu gün Hadrutda artıq Azərbaycan bayrağı dalğalanır. Burada yenidənqurma və bərpa işləri aparılır. Qəsəbə əvvəlki gözəlliyinə qovuşur. Hadrut sakinləri isə ümidlə geri dönüş gününü gözləyir.
Hadrutun azad olunması bizə göstərdi ki, əgər xalq bir olarsa, onun qarşısında heç bir güc dayana bilməz. Bu gün azad Qarabağda yeni həyat başlayır və bu həyatın təməlində şəhidlərin qanı, əsgərlərin qəhrəmanlığı dayanır. Hadrutun qurtuluşu isə bu mübarizənin parlaq rəmzlərindən biri olaraq tariximizdə əbədi yaşayacaq.
Məhəbbət Aslanova
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin  I kurs tələbəsi

 

 

 

9 Oktyabr 2025, 21:56 - 397

Paylaş: