"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Muğamın səsi susdu


Azərbaycan musiqisinin əvəzolunmaz simalarından biri, ustad xanəndə, Xalq artisti Arif Babayev bu gün səhər saatlarında dünyasını dəyişib. Böyük sənətkarın vəfatı ölkə ictimaiyyəti və musiqi cameəsi tərəfindən dərin hüzn və kədərlə qarşılanıb.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alan sənətkar uzun illər Dövlət Filarmoniyası və Opera və Balet Teatrının səhnəsində çıxış edib. Onun ifasında səslənən muğam janrı yeni bir nəfəs, fərqli bir duyum qazanıb.

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasındakı Məcnun, “Əsli və Kərəm”dəki Kərəm, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”ində Aşıq Qərib və Şəfiqə Axundovanın “Gəlin qayası” əsərində Camal obrazları Arif Babayevin ifasında tamaşaçı yaddaşında silinməz izlər buraxıb.

Muğam dəstgahlarını yüksək peşəkarlıqla ifa edən sənətkarın səsi Azərbaycan Televiziyasının “Qızıl fond”una daxil edilib.

1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına ilk muğam müəllimi kimi dəvət olunan Arif Babayev, 1990-cı ildə “muğam professoru” adına layiq görülən ilk sənətkar olub. O, uzun illər Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasına rəhbərlik edib və yüzlərlə gənc xanəndənin yetişməsində müstəsna rol oynayıb.

Ustad xanəndə “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif edilib. 2024-cü ilin fevralında “Heydər Əliyevin 100 illiyi” yubiley medalına, 2025-ci ilin mayında isə Heydər Əliyev Mükafatına layiq görülüb.

Azərbaycan musiqisi parlaq bir ulduzunu, muğam sənəti isə dərin bir nəfəsini itirdi.

Allah rəhmət eləsin.

Paylaş: