"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

"Qarabağ", "Zirə" və "Araz-Naxçıvan" yolda, "Turan Tovuz" bilet axtarışında


Azərbaycan çempionatında daha bir mövsüm sona çatır. "Marafon"un sonuna bir tur qalmış, artıq avrokuboklara gedəcək 3 komandanın adına aydınlıq gəlib.
"Qarabağ" vaxtından əvvəl çempionluğu rəsmiləşdirməklə ənənəsinə sadiq qalaraq, yenidən ölkəmizi Avropanın bir nömrəli klub turnirində - UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəşad Sadıqovun rəhbərliyi altında uğurlu qrafik cızan "Zirə" də avrokubokları qarantiləyib. Fəqət burada bir əmma var. "Qartallar"ın Avropa Liqası, yoxsa Konfrans Liqasına vəsiqə qazanması Azərbaycan Kubokunun final matçından asılıdır. Belə ki, mövsümü 2-ci pillədə başa vurmaqda olan qəsəbə təmsilçisi ən azından Konfrans Liqasını qarantiləyib. Lakin kubokun finalında "Qarabağ" "Sabah"a qalib gələrsə, "Zirə" Avropa Liqasına yollanacaq. Belə demək mümkünsə, "Zirə"nin Avroliqa ümidləri "Sabah"a bağlıdır.
Mövsüm boyu fırtına kimi əsən, olduqca yaxşı təsir bağışlayan "Araz-Naxçıvan" da tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda - Konfrans Liqasında təmsil etmək hüququna yiyələnib. Mövsümü 4-cü pillədə tamamlayan "Turan Tovuz"un da avrokubok şansı məhz "Sabah"a bağlıdır. Əgər Masazır təmsilçisi Avropaya getmək üçün yeganə şansı olan Azərbaycan Kubokunu qazanmasa, həm avrokuboklardan kənarda qalacaq, həm də "Turan Tovuz"a "yaşıl işıq yandıracaq".

Gözlər yenə "Qarabağ"da...

Uzun illərdir Azərbaycanı Avropa arenasında layiqincə təmsil edən "Qarabağ" yenidən qitənin ən nüfuzlu turnirində mübarizəyə start verəcək. Bir maraqlı nüansı da diqqətinizə çatdırım ki, PSJ-nin UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanması, Azərbaycan təmsilçisinin işinə yarayıb. Belə ki, təmsilçimiz turnirə birinci yox, ikinci təsnifat mərhələsindən start verəcək. Bu da Qurban Qurbanovun kollektivini bir addım irəli atacaq.
... Ağdam klubunun ötənmövsümkü avrokubok macərası uğurlu olmadı. "Köhlən atlar" inişilki uğurlu çıxışın davamını gətirə bilmədi. Təmsilçimiz yalnız bir matçda - səfərdə Norveçin "Bodo-Qlimt" klubuna 2:1 hesabıyla qalib gəlməyi bacardı. Bu isə, təbii ki, pley-off mərhələsinə adlamaq üçün kifayət etmədi. Lakin yeni mövsümdə "Qarabağ"dan gözləntilər böyükdür. Premyer Liqada mövsümü ildırım sürətilə çempion kimi bitirən "atlılar" artıq çoxdan avrokuboklar barədə düşünür, planlar cızır. Mətbuatda "Qarabağ"ın mövqelərə, ələlxüsus da hücum xəttinə futbolçu axtardığı və artıq bir neçə oyunçu ilə danışıq apardığı barədə məlumatlar yayılıb.

Kadi Borges amili

Sizə Kadidən danışım. O Kadidən ki, geri qayıtdı, amma getməmiş kimi qayıtdı. Sanki "Qarabağ" onu icarəyə göndərmişdi. Getdi zədələndi, uzun müddət oynamadı, formadan düşdü, yenə Ağdam klubuna döndü. Braziliyalı qayıdanda futbol ictimaiyyətimizdə çoxu düşünürdü ki, Kadinin "qatarı gedib", əvvəlki kimi olmayacaq. "Qarabağ"ın ondansa pul xərcləyib, ön xəttə daha yaxşı futbolçu almağı məsləhət görülürdü. Həm də futbolsevərlərdə belə bir düşüncə var ki, Azərbaycandan gedən braziliyalı futbolçular ölkəyə geri dönəndə uğurlu olmaq bir yana, əvvəlkinin yarısı da ola bilmirlər. Amma Kadi...

Elə həmin Kadidir. Qayıtdıqdan sonra da çıxışına eyni tempdə davam edir. "Qarabağ"ın avrokuboklardakı "vuran ayağı" olan futbolçu yenidən komandadadır və onun Ağdam təmsilçisinə fayda verib-verməyəcəyi müzakirə mövzusu belə deyil.

İldən-ilə "artıran" "Zirə"
"Zirə" klubu cari mövsüm xüsusi diqqət çəkdi. Rəşad Sadıqovun rəhbərliyi altında yüksək performans nümayiş etdirən qəsəbə təmsilçisi elitanı 2-ci pillədə tamamladı. Ötən mövsüm Avropa Liqası, ardınca Konfrans Liqasında mübarizə aparan, mərhələlər keçən "qartallar" yenidən Avropaya yollanır. Çoxu düşünürdü ki, "Zirə"nin ötən "sezon" Avropada uğursuzluğa düçar olması onun Premyer Liqadakı performansına da təsir edəcək. Lakin Sadıqovun komandası bu fikirləri alt-üst etdi və heç nəyin təsadüfi olmadığını sübutladı. Bir neçə mövqeyə edəcəyi transferlərlə zirəlilərin də avrokuboklarda yenidən uğurlu təsir bağışlayacağına, mərhələlər keçəcəyinə inam böyükdür.

"Araz-Naxçıvan" cəbhəsində tarixi an

Azərbaycanı avrokuboklarda təmsil etmək hüququna yiyələnən klublardan biri də "Araz-Naxçıvan" oldu. Belə ki, çempionatı 3-cü pillədə başa vuran komanda UEFA Konfrans Liqasına vəsiqəni təmin etdi. Naxçıvan təmsilçisi bununla tarixi ərzində ilk dəfə avrokuboklarda çıxış etmək şərəfinə nail oldu. Həqiqəti demək lazımdır ki, Elmar Baxşıyevin rəhbərliyi altında mübariz, döyüşkən komanda formalaşıb və naxçıvanlılar bumövsümkü çıxışıyla bunu haqq edirdi. Düzdür, infrastruktur cəhətdən klubda vəziyyət hələ ki ürəkaçan deyil. Çünki Naxçıvan şəhər stadionunda təmir işləri aparıldığından, "Araz-Naxçıvan" yurddan 632 km uzaqda - Bakıda məskunlaşıb və oyunlarını Mərdəkanda keçirir. O cümlədən mövsüm, demək olar ki, sona çatıb, amma hələ də komandada hansı futbolçuların qalacağı, kimlərin gedəcəyi ilə bağlı qeyri-müəyyənlik var. Bugünlərdə Naxçıvan təmsilçisinin təcrübəli futbolçularından biri Qara Qarayevlə söhbətləşərkən, o da bunu təsdiqlədi. İstənilən halda, bizə "Araz-Naxçıvan"a Avropa arenasında uğurlar arzulamaq düşür.

Ümidlərini "Sabah"a bağlayan "Turan Tovuz"

Avrokuboklara yollanmaq şansı olan komandalardan biri də "Turan Tovuz"dur. Əslində, TT mövsümə heç də pis start verməmişdi. Təcrübəli baş məşqçi Kurban Berdıyevin də işi hiss olunurdu. Lakin tovuzlular bir müddət sonra "əyləcə basdı", stabillik pozuldu. Əsas oyunçuların zədələnməsi, heyətdə tez-tez rotasiyalar, gözlənilməz xal itkiləri "Turan Tovuz"un işini xeyli çətinləşdirdi. Lakin bununla belə, qərb təmsilçisinin hələ də avrokuboklara getmək üçün ümid işığı var. Bu isə "Sabah"dan asılıdır...

O "Sabah"dan ki, Premyer Liqada mövsümün ən qeyri-stabil komandası oldu. Masazır təmsilçisi qeyri-sabit çıxışıyla tez-tez tənqidlərlə üzləşdi. Krunoslav Renduliçi göndərib, rusiyalı Vasili Berezutskini komandanın "sükanı arxası"na gətirən "Sabah" bununla da "val"ı dəyişə bilmədi. Hətta yayılan məlumatlara görə, Vasili Berezutskinin "bayquşlar"dakı taleyi kubokun finalından asılıdır. Bu gün "Sabah"ın yenidən avrokuboklara yollanması üçün yeganə şansı Azərbaycan Kubokunun qazanmaqdır. Ki, finalda da rəqib "Qarabağ"dır... Əgər "Sabah" kuboku qazansa, birbaşa UEFA Avropa Liqasına yollanacaq. Əgər bunu da bacarmasa, o zaman turnir cədvəlinin 4-cüsü "Turan Tovuz" Konfrans Liqasına vəsiqəni təmin edəcək.

Daşqın Əziz, Qarabağ müharibəsi qazisi, idman jurnalisti

 

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar