"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Samirə Hüseynova: 8 Noyabr – Şuşanın azadlıq salnaməsinin və milli qürurun təntənəsi


8 Noyabr Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarixi günlərdən biridir. Bu tarix yalnız Şuşanın işğaldan azad edildiyi gün deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin və Vətənə bağlılığının təntənəsidir. Qarabağın döyünən ürəyi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığı Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ən mühüm hadisələrindən birinə çevrildi. Məhz bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq 8 Noyabr Şuşa şəhəri günü kimi təsis edildi və hər il təntənəli şəkildə qeyd olunmağa başladı.

Şuşanın azadlığına aparan yol uzun illər ərzində formalaşmış dövlətçilik iradəsinin, güclü iqtisadi və hərbi potensialın, xalq-ordu birliyinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət və Azərbaycan Ordusunun gücləndirilməsi tarixi Qələbənin əsasını yaratdı. Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsi qarşıya qoyulan əsas hədəflərdən biri idi. Dövlət başçısının “Şuşasız bizim işimiz yarımçıq qalar” fikri bu şəhərin Azərbaycanın tarixində, mədəniyyətində və milli kimliyində tutduğu yeri ifadə edirdi.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ-meşə relyefində, yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşmənin müdafiəsini yarıb şəhərə daxil oldular. Bu əməliyyat hərb tariximizin ən şanlı səhifələrindən biri kimi yadda qaldı. Şuşanın azad edilməsi düşmənin hərbi-siyasi mövqelərinə ciddi zərbə vurdu və Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad olunduğunu böyük fəxarət və qürur hissi ilə bəyan etdi. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına həkk olundu. Bu müraciət illərlə doğma şəhərinin həsrəti ilə yaşayan insanların sevincini, şəhidlərimizin ruhuna ehtiramı və gələcəyə olan inamı ifadə edirdi. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdışın mümkünlüyünü döyüş meydanında sübut etdi.

8 Noyabrın Şuşa şəhəri günü kimi təsis edilməsi bu böyük hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən noyabrın 8-i Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsinə xidmət edir. Bu günün qeyd olunması Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin qəhrəmanlığının və Azərbaycan Ordusunun şücaətinin ifadəsidir. Şuşa Zəfərinin qəhrəmanları dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Şuşanın azad olunmasına görə” medalı təsis edilib, dekabrın 29-da Prezidentin imzaladığı Sərəncamla şəhərin azad olunması uğrunda döyüşlərdə iştirak etmiş bir qrup hərbi qulluqçu bu medalla təltif olunub. Bu təltiflər Şuşa əməliyyatında iştirak edən hərbçilərin xidmətlərinin tanınması, onların igidliyinin gələcək nəsillərə nümunə göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Şuşanın azadlığı ilə şəhərin yeni inkişaf mərhələsi başlandı. 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşada Dövlət bayrağını ucaltması, tarixi məkanları və məscidləri ziyarət etməsi şəhərin dirçəlişinin rəmzi hadisələrindən oldu. Sonrakı dövrdə tarixi abidələrin bərpası, yolların və infrastrukturun qurulması, yaşayış komplekslərinin, təhsil və səhiyyə obyektlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirildi. Şuşanın mədəni həyatının bərpası da diqqət mərkəzində saxlanıldı. “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri yenidən şəhərə qayıtdı, Şuşa beynəlxalq mədəni tədbirlərin keçirildiyi məkana çevrildi. Şəhərin beynəlxalq nüfuzunun yüksəlməsi də azadlıqdan sonrakı dövrün mühüm nəticələrindəndir. Şuşanın Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi, burada beynəlxalq tədbirlərin, zirvə görüşlərinin və forumların keçirilməsi onun tarixi-mədəni əhəmiyyətini daha geniş miqyasda tanıtdı. Bu proses Şuşanın yalnız keçmişin yadigarı deyil, həm də müasir Azərbaycanın mədəni və ictimai həyatında mühüm yer tutan şəhər olduğunu nümayiş etdirir. Böyük Qayıdış prosesi Şuşa şəhəri gününün məzmununu daha da zənginləşdirir. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində 377 ailə, 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə, 90 nəfər məskunlaşıb. Ümumilikdə 420 ailənin, 1579 nəfərin doğma yurda qayıtması azadlıqdan sonra başlanmış quruculuq işlərinin real nəticəsidir.

8 Noyabr – Şuşa şəhəri günü hər il qeyd olunarkən xalqımız bir daha tarixi Qələbəmizi, bu Qələbənin əldə olunmasında əvəzsiz xidmətləri olan şəhid və qazilərimizi, rəşadətli Ordumuzu ehtiramla yad edir. Bu gün Şuşanın azadlığının, milli birliyimizin və dövlətimizin qüdrətinin rəmzidir. Şuşanın yenidən dirçəlməsi isə Zəfərin yalnız hərbi qələbə ilə məhdudlaşmadığını, onun quruculuq, qayıdış və gələcək nəsillərə ötürülən milli yaddaşla davam etdiyini göstərir. Şuşa şəhəri günü xalqımızın tarixə ehtiramının, Vətən sevgisinin və əbədi Zəfər qürurunun təcəssümüdür.


Samirə Hüseynova 

7 Noyabr 2026, 12:02 - 282

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar