Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş inkişaf potensialını yeni istiqamətlərə yönəltmək və qeyri-neft sektorunda daha yüksək əlavə dəyər yaradan sahələrin payını artırmaqdır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Söhbət yalnız yeraltı sərvətlərin hasil edilməsindən deyil, həmin sərvətlərin müasir texnologiyalar əsasında işlənməsindən, emal edilməsindən və son məhsula çevrilməsindən gedir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışı da məhz bu yanaşmanı ortaya qoyur. Dövlət başçısı dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün perspektivli istiqamət kimi qiymətləndirərək, qarşıdakı dörd il ərzində bu sahədə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Yeni Dövlət Proqramının mahiyyətini anlamaq üçün ilk növbədə onun Azərbaycanın ümumi iqtisadi inkişaf siyasətindəki yerinə diqqət yetirmək lazımdır. Son illərdə qəbul edilmiş dövlət proqramlarının əsas xüsusiyyətlərindən biri konkret hədəflərə və icra mexanizmlərinə əsaslanmasıdır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair proqram da 2027-2030-cu illərdə tam icra edilməli və bu müddətdə sahənin yeni inkişaf mərhələsinə çıxarılması təmin olunmalıdır. Bu siyasətin mühüm tərəflərindən biri regionların inkişafı ilə sənayeləşmənin bir-birini tamamlamasıdır. Azərbaycanın regionlarında son iki onillikdə böyük infrastruktur layihələri həyata keçirilib. Nəqliyyat, enerji, sosial və kommunal infrastrukturun yaradılması artıq yeni iqtisadi fəaliyyət sahələrinin formalaşması üçün imkanlar yaradıb. Dağ-mədən layihələrinin regionlarda reallaşdırılması isə bu bazadan istifadə etməklə həm istehsalı, həm də məşğulluğu genişləndirə bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərin bu prosesdə mühüm rolu olacaq. Uzun illər ərzində Azərbaycanın bir sıra mineral ehtiyatları yerləşən əraziləri işğal altında olduğundan həmin sərvətlərdən ölkənin iqtisadi inkişafında istifadə etmək mümkün olmayıb. Prezident İlham Əliyevin çıxışında Kəlbəcər, Laçın və Zəngilan ərazilərində təbii sərvətlərə və meşə fonduna vurulmuş zərər də diqqətə çatdırılıb. Hazırda isə həmin ərazilərin bərpası ilə yanaşı, onların iqtisadi potensialının hərtərəfli öyrənilməsi üçün də yeni mərhələ başlayıb. Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması bu istiqamətdə atılan mühüm addımlardandır. Burada diqqəti cəlb edən məsələ yalnız mövcud yataqların istismarı deyil. Prezidentin qeyd etdiyi kimi, yataqların ehtiyatlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi də vacibdir. Sovet dövründə aparılmış tədqiqatlardan uzun müddət keçməsi və bu gün daha müasir texnologiyaların mövcudluğu mineral ehtiyatların yenidən öyrənilməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında gələn ildən geoloji kəşfiyyat işlərinin başlanmasının nəzərdə tutulması da ölkənin mineral-xammal bazasının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Digər mühüm istiqamət hasil olunan filizin ölkədən xammal kimi çıxarılması əvəzinə onun mümkün qədər ölkə daxilində emal edilməsidir. Əgər yeni yataqlarda əhəmiyyətli ehtiyatlar aşkarlanarsa, zənginləşdirmədən emaladək tam istehsal zəncirinin yaradılması iqtisadi baxımdan daha böyük nəticə verə bilər. Bu yanaşma bir tərəfdən sənaye məhsulunun əlavə dəyərini artırır, digər tərəfdən isə yeni müəssisələrin, texnoloji imkanların və ixtisaslı iş yerlərinin yaranmasına şərait yaradır. Balakən rayonundakı “Filizçay” polimetal yatağı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu yatağı Avropa qitəsinin ən perspektivli yataqlarından biri kimi qeyd edib və onun istismara hazırlanması istiqamətində görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. “AzerGold” tərəfindən hazırlıq işlərinin aparılması və texniki-iqtisadi əsaslandırmanın tamamlanması yatağın gələcək potensialının reallaşdırılması üçün əsas mərhələlərdəndir. Qərb Sənaye Parkının yaradılması isə dağ-mədən sənayesinin hasilatdan sənaye məhsuluna qədər inkişaf etdirilməsi baxımından mühüm addımdır. “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə həyata keçiriləcək layihələr əsasında burada müvafiq sənaye infrastrukturunun qurulması nəzərdə tutulur. Filiz hasilatı, zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalının təşkili bütöv bir sənaye zəncirinin yaranmasına imkan verə bilər. Prezidentin qarşıya qoyduğu əsas tələblərdən biri də məhz bu zəncirin tam formalaşdırılmasıdır.
Metallurgiya sənayesində alüminium istehsalının inkişafı da proqramın mühüm istiqamətlərindəndir. Dövlət Proqramı çərçivəsində alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, bir neçə yeni zavodun yaradılması planlaşdırılır. Beləliklə, mövcud istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına keçid üçün zəmin formalaşacaq. Sahənin inkişafında dövlətlə yanaşı, özəl və xarici investorların iştirakı da mümkündür. Prezidentin çıxışında xüsusi vurğulandığı kimi, proqramın maliyyə təminatı artıq müəyyənləşdirilib və dövlət bu proqramı həyata keçirəcək. Bununla yanaşı, yerli və xarici investorların marağı olduğu halda onların müəyyən payla layihələrə cəlb edilməsi üçün də imkanlar açıq saxlanılır. Bu yanaşma dövlətin strateji rolunu qorumaqla yanaşı, özəl kapitalın və beynəlxalq təcrübənin sahəyə gətirilməsinə imkan verir.
Bütün iqtisadi hədəflərlə yanaşı, ekoloji məsuliyyət də Dövlət Proqramının mühüm prinsiplərindən biridir. Dağ-mədən layihələrinin həyata keçirilməsi zamanı ətraf mühitin qorunması, ekoloji ekspertizanın aparılması və yüksək ekoloji standartların təmin edilməsi vacib şərtdir. Prezident İlham Əliyevin çıxışında “əsas sərvətimiz” kimi Azərbaycanın təbiətinin xüsusi vurğulanması bu məsələyə münasibətin mahiyyətini aydın ifadə edir. Yəni yeraltı sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsi təbiətin qorunması ilə paralel aparılmalıdır.
Dövlət Proqramının qarşıya qoyduğu məqsədlər yalnız ayrı-ayrı yataqların istismarı ilə məhdudlaşmır. Gözlənilən nəticələr sırasında yeni sənaye istiqamətinin formalaşması, beş mindən çox daimi iş yerinin yaradılması, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılması, ixrac potensialının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması var. Prezidentin çıxışında qeyd edildiyi kimi, gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox olması nəzərdə tutulur. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın təbii sərvətlərinin iqtisadi imkanlara çevrilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mərhələnin əsas fərqi isə yalnız hasilatın artırılmasında deyil, xammaldan son məhsula qədər dəyər zəncirinin ölkə daxilində formalaşdırılmasındadır. Məhz bu yanaşma yeni sənaye müəssisələrinin yaranmasına, regionların iqtisadi fəallığının artmasına və qeyri-neft sektorunun daha da şaxələndirilməsinə xidmət edəcək.
Samirə Adəm qızı Hüseynova
23 Sentyabr 2026, 19:46 - 36
Paylaş: