Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” dövlət informasiya agentliyinə verdiyi müsahibə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilir. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri təkcə ikitərəfli deyil, həm də regional əməkdaşlıq sisteminin mühüm dayaqlarından biridir. Prezident İlham Əliyev qarşılıqlı etimad, iqtisadi inteqrasiya, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf istiqamətlərini konkret faktlar və təşəbbüslərlə əsaslandırdı. Müsahibə göstərdi ki, Azərbaycan və Qazaxıstanın əlaqələri praqmatik siyasətə, real nəticələrə və ortaq maraqlara əsaslanır. Dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin artması, enerji sektorundakı əməkdaşlığın genişlənməsi, Xəzər dənizi vasitəsilə logistika imkanlarının yüksəldilməsi kimi məsələləri xüsusi vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq regionun əsas iqtisadi arteriyalarından birinə çevrilib və bu istiqamətdə Bakı ilə Astana arasında tam anlaşma mövcuddur. Enerji sektorundakı əməkdaşlıq da münasibətlərin strateji dərinliyini göstərir. Prezident İlham Əliyevin sözlərinə görə, neft və qaz resurslarının nəqli, həmçinin yaşıl enerji üzrə birgə layihələrin reallaşdırılması iki ölkənin gələcək iqtisadi inteqrasiyasına güclü təkan verəcək. Azərbaycan və Qazaxıstanın bu sahədəki fəaliyyət planı təkcə enerji bazarlarının şaxələndirilməsinə deyil, həm də ekoloji davamlılığa xidmət edir.
Müsahibədə mədəni və humanitar əlaqələrə də xüsusi yer ayrıldı. Dövlət başçısı vurğuladı ki, xalqlarımızı birləşdirən dərin tarixi və mənəvi bağlar bu əməkdaşlığı daha da möhkəmləndirir. Prezident İlham Əliyev qeyd etdi ki, Qazaxıstan paytaxtında ucaldılmış “Azərbaycan” parkı, Bakıda yaradılmış “Abay Kunanbayev” adına küçə və digər layihələr dostluğun simvoluna çevrilib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq isə bu münasibətlərin çoxşaxəli xarakterini tamamlayır. Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Türk dünyasının siyasi və iqtisadi gücü hər keçən il artır və bu prosesdə Azərbaycan ilə Qazaxıstanın rolu xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bu birliyin gələcək inkişafı üçün praktiki təkliflər irəli sürdü və ortaq dəyərlərə əsaslanan yeni strateji əməkdaşlıq xəritəsinin konturlarını müəyyənləşdirdi. Xalqlarımız arasında mədəni əlaqələr də güclüdür. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilmiş, bu tədbirlər xalqlar arasında qarşılıqlı zənginləşməni təmin etmişdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq isə ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə birgə fəaliyyətini daha da gücləndirir. Prezident İlham Əliyev müsahibədə TDT-nin Türk dünyasının birliyi və davamlı inkişafı üçün əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Xəzər dənizinin ekoloji vəziyyətinə də diqqət çəkib. O bildirib ki, son illərdə dənizin səviyyəsinin sürətlə azalması həm ekoloji, həm də iqtisadi təhlükələr yaradır və biomüxtəlifliyin qorunması üçün region ölkələrinin sıx əməkdaşlığı vacibdir. Dövlət başçısı Xəzəryanı ölkələr arasında elmi məlumat mübadiləsi, birgə monitorinq və əlaqələndirilmiş ekoloji tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Prezidentin sözlərinə görə, Xəzər yalnız su hövzəsi deyil, eyni zamanda ortaq məsuliyyət və davamlı əməkdaşlıq üçün strateji platformadır.
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan–Qazaxıstan münasibətlərinin dərin məzmununu və çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi. Müsahibə həm iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdi, həm də Türk dünyasının birliyi və regional sabitlik üçün strateji mesajlar verdi. Azərbaycan və Qazaxıstan münasibətləri bu gün artıq yeni mərhələyə – strateji müttəfiqlikdən çoxölçülü tərəfdaşlığa doğru irəliləyir.
Samirə Adəm qızı Hüseynova