Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və təsir imkanları getdikcə artmaqdadır. Bu fakt nəinki diplomatik sənədlərdə və rəsmi çıxışlarda, həm də beynəlxalq təşkilatların tribunalarında, aparıcı dövlətlərin münasibətində aydın şəkildə öz əksini tapır. Azərbaycan artıq təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, sülh və əməkdaşlığın fəal tərəfdarı kimi qəbul olunur. Qısa müddətdə ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə mühüm söz sahibinə çevrilib. Bu uğurun başlıca səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, çoxşaxəli və balanslaşdırılmış xarici siyasətdir. Azərbaycan bu siyasət sayəsində həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də MDB ilə əlaqələrdə öz milli maraqlarını qoruyur, regionda sülh və inkişafın təşviqinə töhfə verir. Bu istiqamətdə aparılan siyasətin növbəti ifadəsi Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında da özünü aydın göstərdi. Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Bu formatda təşkil olunan görüşlər, adətən, üzv dövlətlər arasında qarşılıqlı maraq doğuran məsələlərin daha səmərəli müzakirəsinə, regional və beynəlxalq miqyasda vacib qərarların çevik şəkildə qəbuluna imkan yaradır.
“Məhdud tərkibdə” iclasların keçirilməsi diplomatik baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə görüşlər zamanı tərəflər məxfi və strateji xarakterli mövzular ətrafında fikir mübadiləsi aparır, gələcək əməkdaşlıq istiqamətləri üzrə ilkin razılaşmalar əldə olunur. Bu, həm qarşılıqlı etimadın möhkəmlənməsinə, həm də birliyin fəaliyyətinin daha koordinasiyalı şəkildə davam etdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin Düşənbə iclasında iştirakı Azərbaycanın MDB çərçivəsində əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Dövlət başçısının mövqeyi regionda sülhün, sabitliyin və iqtisadi tərəfdaşlığın möhkəmlənməsi istiqamətində Azərbaycanın prinsipial və ardıcıl siyasətini əks etdirir.
Prezident İlham Əliyev çıxışında bir sıra mühüm məsələlərə toxunaraq, Azərbaycan ilə Tacikistan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından, humanitar və idman sahəsində birgə təşəbbüslərin əhəmiyyətindən bəhs edib. Dövlət başçısı Düşənbəyə hər gəlişində şəhərin necə sürətlə inkişaf etdiyini, yeni binaların və müasir infrastrukturun tikildiyini məmnunluqla qeyd edib. Prezident vurğulayıb ki, Tacikistanın paytaxtında həyata keçirilən abadlıq və şəhərsalma layihələri dost ölkə kimi Azərbaycanı da sevindirir. O, Tacikistan xalqını şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edib və Düşənbənin ildən-ilə daha da gözəlləşdiyinə sevindiyini bildirib. Prezident İlham Əliyev həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl və dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, bu əlaqələr qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır, eyni zamanda böyük inkişaf potensialına malikdir. Ölkələrimiz arasındakı əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə uğurla davam etdirilir.
İclasda Prezident İlham Əliyev humanitar əməkdaşlıq məsələlərinə də xüsusi yer ayırıb. O, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü ifadə edib. Prezident xatırladıb ki, bu ilin iyun ayında Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin açılış mərasimi keçirilib və tədbir iştirakçıları Laçının Ermənistanın 30 illik işğalından azad edildikdən sonra qısa müddətdə necə dirçəlişə nail olduğunu əyani şəkildə görüblər. Bir vaxtlar tamamilə dağıdılmış bu şəhər bu gün müasir, abad və yaşayış üçün əlverişli məkana çevrilib. Bu, Azərbaycanın bərpa və quruculuq istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin parlaq nəticəsidir.
Prezident İlham Əliyev çıxışında həmçinin MDB məkanında idman və gənclər siyasətinin inkişafına töhfə verən mühüm tədbirlərdən biri olan III MDB Oyunlarına da toxunub. O bildirib ki, sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində — XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən bu oyunlar MDB-nin həyatında əlamətdar hadisə olub. Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində də keçirilən yarışlarda 13 ölkədən, o cümlədən MDB-yə üzv və qonaq ölkələrdən 1600-dən çox idmançı iştirak edib.
Prezident vurğulayıb ki, bu qəbildən olan tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı və qarşılıqlı hörməti möhkəmləndirir. Bu oyunlar iştirakçı ölkələr arasında bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan münasibətlərin daha da güclənməsinə xidmət edir.
Düşənbədə keçirilən iclas bir daha göstərdi ki, Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində fəal və prinsipial mövqe tutur. Prezident İlham Əliyevin çıxışı isə bu siyasətin ardıcıl, məqsədyönlü və dərin strateji əsaslara söykəndiyini bir daha təsdiqlədi.
Samirə Adəm qızı Hüseynova