Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Yeni Azərbaycan Partiyasının 33 illik tarixi Azərbaycan dövlətçiliyinin çətinliklərdən keçərək böyük uğurlara imza atdığı bir salnamədir. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” sözləri yalnız bir siyasi təşkilatın deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir. 1992-ci ilin 21 noyabrı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi yadda qalıb. O illər ölkə üçün ən ağır, ən taleyüklü dövr idi. Dövlət idarəçiliyinin zəifləməsi, torpaqların işğalı, daxili qarşıdurmalar və xaos Azərbaycanı uçuruma aparırdı. Belə bir zamanda xalqın ziyalıları ölkənin bu gedişə davam gətirməyəcəyini anlayaraq yeni siyasi gücün yaradılmasının vacibliyini dərk etdilər. Onlar xilası yalnız Heydər Əliyevin təcrübəsində, liderliyində görürdülər. “91-lər”in Ümummilli Liderə müraciəti isə sadəcə bir sənəd deyil, xalqın səsinə çevrilmiş ümid və iradə idi. Bu müraciət Heydər Əliyevdən yeni yaradılacaq partiyaya rəhbərlik etməsini xahiş edir və ölkəni xilas edəcək siyasi qüvvənin əsasını qoyurdu. Ulu Öndər öz cavabında qeyd edirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdir və bu partiya müstəqil dövlətin möhkəmlənməsində tarixi rol oynaya bilər.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ölkənin bütün bölgələrindən gəlmiş 550 nümayəndəni bir araya topladı. Konfrans YAP-ın yaradılması haqqında qərarı, Nizamnamə və Proqramı qəbul etdi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi və bununla da YAP-ın böyük və məsuliyyətli siyasi missiyası başladı. Partiya qısa müddətdə ölkənin siyasi həyatında əsas söz sahibi olan qüvvəyə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə YAP yalnız təşkilatlanmadı, həm də siyasi sabitliyin bərqərar olunmasında, dövlətçiliyin bünövrələrinin möhkəmləndirilməsində, ölkədə milli həmrəyliyin formalaşmasında aparıcı rol oynadı. Bu gün YAP ölkənin ən böyük siyasi təşkilatıdır və 700 mindən çox üzvü birləşdirir.
2005-ci ildə keçirilən III qurultayda partiyaya rəhbərlik Prezident İlham Əliyevə həvalə olundu. Bununla Heydər Əliyev siyasi kursunun varislik ənənəsi daha da möhkəmləndi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs verdi və bu siyasətin davamı tarixi uğurlarla nəticələndi. 2021-ci ildə keçirilən VII qurultay YAP-ın modernləşmə mərhələsinin yeni səhifəsini açdı. Partiyanın yeni Nizamnaməsi, yenilənmiş idarəetmə strukturu, Veteranlar Şurasının yaradılması və Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi YAP-ın dinamizmini, yeniliklərə açıq olmasını və dövlət idarəçiliyində qadınların roluna verilən yüksək dəyəri əks etdirdi. Mehriban Əliyeva Azərbaycan qadınının ictimai-siyasi həyatda nümunəvi obrazını formalaşdıran şəxsiyyət kimi partiyanın yeni yüzlüyünü daha da gücləndirdi.
VII qurultaydan sonra partiyanın fəaliyyəti daha çevik, modern və innovativ yanaşmalarla zənginləşdirildi. Prezident İlham Əliyevin başladığı siyasi dialoq təşəbbüsləri YAP tərəfindən geniş dəstəkləndi və ölkədə sağlam siyasi mühitin yaranmasına töhfə verdi. YAP-ın yeni Proqramı isə partiyanın müasir çağırışlara cavab verən strateji hədəflərini müəyyənləşdirdi. Bu Proqramda Heydər Əliyev yolu, müstəqillik, dövlətçilik, qanunun aliliyi, dialoq, sosial ədalət, multikulturalizm və demokratik ənənələr əsas siyasi dəyərlər kimi təsbit olundu. Həmçinin peşəkarlıq, şəffaflıq, innovativlik, etik davranış kimi prinsiplər partiyadaxili münasibətlərin təməli kimi müəyyən edildi. YAP-ın qarşıdakı dövr üçün müəyyən etdiyi 11 strateji hədəf – milli birlikdən Böyük Qayıdışa, güclü iqtisadiyyatdan vətəndaş həmrəyliyinə qədər bir çox istiqamətdə ölkənin inkişaf xəttini əhatə edir.
Yeni Azərbaycan Partiyasının 33 illik yolu Azərbaycanın müasir tarixində ən dinamik və dönüşlü inkişaf mərhələsi kimi yadda qalır. Bu illər dövlətin formalaşması, sabitliyin bərpası, güclənməsi, qələbələr və böyük nailiyyətlərlə müşayiət olunan dövrdür. Heydər Əliyevin yaratdığı siyasi məktəb bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənir, Azərbaycanı yeni zirvələrə aparır. YAP dünənin təcrübəsinə, bu günün nailiyyətlərinə və sabahın hədəflərinə söykənən güclü siyasi qüvvədir. O, xalqın partiyasıdır və Azərbaycanın gələcəyini formalaşdıran başlıca siyasi dayaqlardan biridir.
Hüseynova Samirə Adəm qızı
18 Noyabr 2025, 21:47 - 1141
Paylaş: