"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Samirə Hüseynova: Zəngilan yenidən Qarabağın və Şərqi Zəngəzurun parlayan incisinə çevrilir


Azərbaycan tarixinin hər səhifəsi xalqımızın qəhrəmanlığı, torpağa sədaqəti və azadlıq eşqi ilə yoğrulub. Bu şanlı səhifələrdən biri də 20 oktyabr – Zəngilan şəhəri günüdür. Bu tarix yalnız bir şəhərin azad edildiyi gün deyil, həm də 30 ilə yaxın həsrətin sona çatdığı, xalqın doğma torpağı ilə yenidən qovuşduğu, yurda qayıdış sevincinin gerçəkliyə çevrildiyi gündür. Zəngilanın azadlığı ilə Azərbaycan xalqı öz iradəsinin, birliyinin və dövlətinin qüdrətinin nəyə qadir olduğunu bir daha sübut etdi. Bu, həm də ədalətin bərpası, milli qürurun və müstəqilliyin möhtəşəm təntənəsidir. 
Zəngilan qədim diyardır. Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgü nəticəsində XIX əsrin əvvəllərində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, bu əraziyə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın daxil idi. Zəngilan tarix boyu Azərbaycan torpaqlarının ayrılmaz parçası olmuş, onun hər daşı, hər dağı türk ruhunun, azərbaycanlı kimliyinin izlərini daşıyıb. 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsindən sonra, bolşevik Rusiyasının dəstəyi ilə ermənilər Zəngəzurun bir hissəsini işğal etdilər. Tarixi Zəngəzur mahalının böyük bir bölümü Ermənistana birləşdirildi. Lakin Laçın, Qubadlı və Zəngilan Azərbaycanın tərkibində qaldı – bu torpaqlar milli yaddaşımızın, dövlətimizin dayaqlarından biri kimi varlığını qorudu. Zəngilanın təbiəti gözəllik və sərvətlə doludur. Araz, Həkəri, Oxçuçay və Bəsitçay kimi çaylar bu torpağın damarlarından süzülən həyat suyudur. Bəsitçay Dövlət Qoruğundakı təbii çinar meşələri təkcə Azərbaycanın deyil, dünyanın nadir təbiət incilərindəndir. Bu torpağın qoynunda qızıl, mərmər, tikinti daşı, əhəng kimi sərvətlər gizlənir. Amma Zəngilanın ən böyük sərvəti onun  yurd sevgisi ilə yaşayan, doğma torpaq uğrunda canından keçməyə hazır qəhrəman övladlarıdır.
1993-cü ildə  Erməni işğalı nəticəsində Zəngilan rayonunun tarixi, dini və memarlıq abidələri ciddi şəkildə dağıdılmışdır. XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrə aid Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kənd məscidləri, Xanazor və Yeməzli kəndlərindəki Alban kilsələri vandallar tərəfindən məhv edilmişdir. Məmmədbəyli kəndindəki XIV əsrə aid Səkkizguşəli türbə, Ziya Baba ocağı, Xanazur və Bartaz pirləri kimi müqəddəs ziyarətgahlar da dağıntılara məruz qalmışdır. Rayonun ərazisində yerləşən Şərifan, Hacallı, Qumlaq və digər kəndlərdəki orta əsrlərə aid qala, körpü, türbə, sərdabə və nekropollar da talan edilmiş, qədim mədəni irsimiz ciddi zərər görmüşdür. Bu abidələr xalqımızın çoxəsrlik tarixini, memarlıq mədəniyyətini və dini irsini təcəssüm etdirən qiymətli nümunələr olmuşdur. Zəngilan işğal olunanda doğma şəhərini tərk edən insanlar ürəklərində bir and içdilər: bir gün geri dönəcəyik! Və bu and 2020-ci ilin 20 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində gerçəyə çevrildi. Zəngilan azad edildi, illərin nisgili sevincə çevrildi.Həmin döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Prezidentin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən 20 oktyabr “Zəngilan şəhəri günü” kimi qeyd olunur.
Zəngilan bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində yeni inkişaf dövrünə qədəm qoyub. Rayonda bərpa və quruculuq işləri sürətlə aparılır. İlk pilot layihə olan Ağalı “ağıllı kəndi” dünyanın ən müasir yaşayış məkanlarından biri kimi formalaşıb. Burada “yaşıl” texnologiyalar, bərpa olunan enerji mənbələri, ekoloji cəhətdən təmiz sistemlər və yüksək sürətli internet infrastrukturu yaradılmışdır. Ağalı kəndinə artıq 175 ailə, yəni 871 nəfər köçürülüb və sakinlər işlə təmin olunublar. Zəngilan şəhərinin 2040-cı ilədək Baş Planı təsdiq olunub və şəhərin bərpası məqsədilə geniş tikinti layihələri həyata keçirilir. Rayon həmçinin mühüm nəqliyyat qovşağına çevrilir. Burada inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı regionun logistik və iqtisadi potensialını gücləndirir, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan–Horadiz avtomobil yolu strateji əhəmiyyət daşıyır. Zəngilanda həmçinin “Dost Aqropark” adlı böyük kənd təsərrüfatı layihəsi icra olunur. Layihə nəticəsində minlərlə yeni iş yeri yaradılacaq, bölgədə müasir aqrar istehsal sistemi formalaşacaq və “Made in Qarabağ” brendi ilə yerli məhsullar dünya bazarına çıxarılacaq.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilana hər səfəri bu torpağın dirçəliş salnaməsinə yeni bir səhifə əlavə edir. Dövlət başçısının iştirakı ilə Ağalı “ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının, “Dostluq” parkının və digər mühüm infrastruktur obyektlərinin açılışı həyata keçirilib. Bu layihələr təkcə şəhərin bərpası deyil, həm də Azərbaycanın gələcəyə baxışının, müasir inkişaf modelinin təcəssümüdür. Zəngilan bu gün təkcə yenidən doğulan bir diyar deyil, həm də azad edilmiş bütün torpaqlarımız üçün nümunəyə çevrilmiş inkişaf məkanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Zəngilan yenidən Qarabağın və Şərqi Zəngəzurun parlayan incisinə çevrilir, illərin dağıntısı yerini həyat, firavanlıq və əmin-amanlığa verir. Zəngilan  təkcə bir coğrafi məkan deyil,həm də  Vətənin döyünən ürəyidir. Onun hər daşı, hər çinarı, hər damla suyu xalqımızın əzmini, vətən sevgisini, şəhidlərimizin müqəddəs qanı ilə yoğrulmuş qürur tariximizi xatırladır.
Bu gün biz qürurla deyirik:
Zəngilan azaddır! Zəngilan Azərbaycanındır!

Samirə Adəm qızı Hüseynova

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar