Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi ilə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə şəhid ailələri üçün qurama sənətinə dair xüsusi tədbir keçirilib.
Təlim avqustun 4-də İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində baş tutub.
Açılış mərasimində Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin İdarə Heyətinin sədri Aytən Həsənova çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib, bu təşəbbüsə göstərilən maraq və dəstəyə görə təşəkkürünü bildirib. Ardınca “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günay Rzayeva şəhid xanımları salamlayaraq onlara öz ehtiramını ifadə edib.
Tədbir çərçivəsində qurama sənəti üzrə ustad dərsi (master-klass) təşkil olunub. Bu dərsdə İctimai Birliyin İdarə Heyətinin üzvü, gənc modelyer-dizayner və “AN” brendinin təsisçisi Nigar Atakişizadə, həmçinin qurama sənəti üzrə usta Səbirə Qarayeva şəhid ailələrinin üzvləri ilə birlikdə çalışaraq, onlara müxtəlif əl işlərinin hazırlanmasında dəstək göstəriblər.
İştirakçılar milli sənət nümunələri əsasında öz yaradıcılıq işlərini ərsəyə gətirib və tədbirin sonunda hazırlanan əl işləri şəhid analarına və xanımlarına təqdim olunub.
Tədbirin bağlanış mərasimində Aytən Həsənova və İdarə Heyətinin sədr müavini Rəşidə Atakişiyeva çıxış edərək bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayıb, iştirakçılara mənəvi dəstəklərini ifadə ediblər. Sonda isə dizayner Nigar Atakişizadə şəhid xanımlarına öz dəyərli hədiyyələrini təqdim edib.