Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Əsgərov Canpolad Ağaverdi oğlunun ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümümmilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin komandanlığı altında ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hərb tarixində analoqu olmayan bir qələbə olduğunu, birinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımızın qisasının alındığını bildirib. Həmçinin qeyd edib ki, bu gün şəhid ailələrinə, Vətən müharibəsində əlil olmuş şəxslərə, müharibə iştirakçılarına dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobilləri və işlə təmin edilməsi hər zaman diqqətdə saxlanılır. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, onların şücaət və qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
Sonda şəhid Əsgərov Canpolad Ağaverdi oğlunun anası Zərziba Əsgərova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.