"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tarixi Şah Abbas məscidi yox olmaq üzrədir – 400 illik abidə zibillik içində qalıb


Tarixi Şah Abbas məscidi yox olmaq üzrədir – 400 illik abidə zibillik içində qalıb

Tovuz rayonunun Yanıqlı kəndində yerləşən və bir vaxtlar əzəmətli görünüşü ilə seçilən “Şah Abbas” məscidi bu gün tarixin yaddaşından silinmək təhlükəsi ilə üz-üzədir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qorunduğu bildirilən bu nadir abidə hazırda baxımsız vəziyyətdədir, ətrafı zibilliklə doludur və istənilən an uçub dağılmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Tarixi mənbələrə əsasən, Yanıqlı məscidi I Şah Abbasın Səfəvi dövlətinin ərazisində inşa etdirdiyi 999 məsciddən biri sayılır. Kitabəsi günümüzə qədər gəlib çatmasa da, memarlıq üslubu və tikilmə dövrünə əsasən, məscidin məşhur memar Şeyx Bəhaəddin tərəfindən inşa edildiyi ehtimal olunur.

Uzun illər ibadət məkanı kimi fəaliyyət göstərən məsciddən sovet dönəmində anbar kimi istifadə olunub. Hətta həmin dövrdə, 1984-1986-cı illərdə abidədə əsaslı təmir işləri də aparılıb. Lakin bu gün məscid nə dini, nə də mədəni məkana çevrilə bilib. Qapıları bağlı, divarları çatlamış, damı çökmək üzrə olan binanın gələcəyi sual altındadır.

Memarlıq baxımından da məscid olduqca dəyərlidir. Xarici görünüşü kvadrat formalı olan abidənin içərisində şərq künclərində birmərtəbəli, qərb künclərində isə ikimərtəbəli otaqlar yerləşir. İbadət zalı xaç formasında planlaşdırılıb, mərkəzində günbəz, qanadlarında isə tağ-tavan sistemi mövcuddur. Abşeron bölgəsinin XV-XVI əsrlərə aid məscidləri ilə oxşarlığı Yanıqlı məscidinin unikal xüsusiyyətlərindən biridir.

Mehrabın yerləşdirilməsində isə qeyri-adi memarlıq həlli seçilib – o, adi divar səthində deyil, dərin bir niş daxilində yerləşdirilib ki, bu da onun daha çox ön plana çıxmasına şərait yaradıb.

Bina bişmiş kərpicdən tikilib, təməli isə qumdaşından inşa olunub. Lakin bu qədim konstruksiya bu gün nə mühafizə olunur, nə də bərpa edilir.

Tarixi və mədəni əhəmiyyətinə baxmayaraq, Yanıqlı məscidinin bu vəziyyətdə qalması narahatlıq doğurur. Yaxın illərdə bərpa və konservasiya işləri aparılmazsa, Şah Abbasın tikdirdiyi bu nadir abidə Azərbaycanın yaddaşından silinə bilər.

Mövzuya qayıdacağıq.

 

Paylaş: