Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Tələbələri bilir. Xəzər Universitetinin özünəməxsus qaydaları var. Muğam dərsi keçirdik. Müəllimimiz Arif Babayev idi. İlk dərs günü uşaqlarla tanışlıq idi. Soruşdu ki, kim hansı musiqi alətində ifa etməyi bacarır? Uşaqlardan biri fortepiano təhsilinin olduğunu söylədi. Arif müəllim dedi ki, "gəl bir şeylər göstər". Bu da Bethovenin 5-ci sinfoniyasını ifa etməyə başladı. Yarıda dedi ki, "ay bala saxla, başıma düşdü".
Sonra mənə tərəf baxdı. Yanımda oturan qrup yoldaşlarım dirəşirdilər ki, əlini qaldır. Mərdan yerdən dedi ki, "İlkin də bacarır, amma Əlini qaldırmır. Arif müəllim məni yanına çağırdı. Soruşdu ki," haralısan?". Qubadlıdan olduğumu bildirdim. Dedi ki, "yerliyik". "Nə bacarırsan?" deyə soruşdu. Piano dedim. Amma çoxdan idi ifa etmirdim. Ən azı 6-7 il olardı. Səttarxan adına məktəbdə oxuyanda pianoda ifa edirdim, evdə isə sintezatorda. Həm də qarşımdakının kim olduğunu bilir və dərk edim. Arif Babayevin qarşısında nəsə ifa etmək çox çətin idi. İlk notdan səhv etdim. Hansı mahnını ifa edəcəyimi başa düşmüşdü. Nərminə Məmmədovanın ifasında məşhurlaşan "Ay işığında" mahnısı ilə könlünü fəth etmək istəyirdim. Səhv etdiyim üçün duruxub, dayanmışdım. Arif müəllim dilləndi ki, "mənim ən sevdiyim mahnıdır". Bundan cəsarətləndim. Başladım ifa etməyə. Sonra tar və kaman dilləndi. Özü də başladı zümzümə etməyə. Fantastik bir şey idi. Arif Babayevi müşayiət edirdim. Yatsam, yuxuma girməzdi.
Mahnı bitdi. Uşaqlar alqışladılar. Həyatımda ilk dəfə idi ki, qan-tər axıdırdım. Həm utanmışdım, həm də dəhşət həyacanlı idim. Arif müəllim o biri qrup yoldaşımı da yanımıza çağırdı. Təşəkkür etdi. Musiqi ilə məşğul olmağın möhtəşəm bir şey olduğunu söylədi. Hər ikimizə də yüksək fəallıq balı verəcəyini bildirdi. Sonda bir şey söylədi: "Özümüzün olana dəyər verin, balalarım. Bizim olan daha gözəl və doğmadır".
Bu gün dəyərli sənətkarımız rəhmətə gedib. Allah rəhmət etsin. Muğamımızı, özümüzü yaşatdı, yaratdı və haqq dünyasına qovuşdu.
İlkin Sultanlı, jurnalist
Paylaş: