"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tural İrfan: Dini yox, özünü islah et!


Saf və sağlam insan dinə gələndə dini də saflaşdırır. Cahil və daxili xəbis olanlar isə dini də çirkləndirir və mənfi obrazda göstərir. Çox zaman dinə münasibət insnlara görə dəyişir. Doğrudur, əslində inancla, dinlə bağlı məsələlərdə şəxslərə görə qiymət vermək doğru deyil. Lakin istər - istəməz görüntü düşüncələrə də təsir edir.
Dinin də fəlsəfəsində insanlıq dayanır. İnsani keyfiyyətlər, mənəvi dəyərlər olmasa dinin hökmləri adi və quru qanunlar təsiri bağışlayır. Dinin öz ruhu var. Dini qəbul edən insan əgər o ruhdan uzaq düşürsə o, namaz qılan zinakara, oruc tutan oğruya, Həccə gedən rüvşətxora çevrilir. Din hər şeydən öncə əxlaqdır. Amma əxlaq dindən əvvəldir. Əxlaqsız dinə gəlib xislətinə davam edirsə o artıq əxlaqsız dindardır. Din xasiyyəti dəyişə bilir, amma xisləti yox. Xisləti adam özü dəyişməlidir. Peyğəmbər zamanında da İslamı qəbul etdiyini elan etmiş bir çox adam vardı ki, onlar əvvəlki müşrik, azğın xislətdə qaldılar və hələ dinin də adına xələl gətirdilər. Ona görə ki, din onların xislətini dəyişməmişdi. Din məhək daşı deyil, nizamdır. Gərək xislətini dəyişib o nizama uyasan. Peyğəmbərdən nəql edilən bir hədisdə buyurur ki, əgər bir şəxs müsəlman olduğunu deyir, lakin əməllərini, xasiyyətini, dostlarını, ətrafını, yeməyini, getməyini, həyatını müsbət tərəfə dəyişmirsə o hələ müsəlman deyil. Sadəcə İslamı qəbul edib. Ona görə də insanlıq, insani keyfiyyətlər, islah olunmaq, mənəviyyatı davamlı zənginləşdirmək, əxlaqi dəyərlər şərtdir ki, adam insan olsun. İnsan olduqdan sonra artıq din vacibdir. Dinin şərti barədə təhrif olunmuş və uydurulmuş qaydalar qeyd edirlər ki, guya İslamın şərti əvvəlcə namaz qılmaq, oruc tutmaq, Həccə getmək, zəkat verməkdir. Lakin bu tamamilə yanlış bölgüdür. İslamın ilk və yeganə şərti insan olmaqdır. Quranda Allahın müraciətində "Ey Adəm övladı" yox, "Ey insanlar" deyə xitab olunur. Demək Quran insanlığı olanlara, müttəqilərə yol göstərən kitabdır. "Bəqərə" surəsinin ilk ayələrində də bu təsdiq olunur. Əks halda İmam Əlini, İmam Həsəni, İmam Hüseyni və övladlarını şəhid edənlər, başını kəsənlər də Qurana inandığını deyir, hətta namaz qılıb oruc da tuturdular. İslamı qəbul etmişdilər. Lakin insan deyildilər. İnsan olmadan İslamı qəbul etmişdilər. Ona görə də bu fəsadlara yol verirdilər.
Cəmiyyətdə dini təbliğ edərkən insanlığı ondan əvvəl təbliğ etmək vacibdir. İnsanlığı olmayan adama dini öyrətmək onun sonda ya xurafatçı cahil ya da radikal terrorçu olmasına gətirib çıxaracaq. İmam Cəfər Sadiq buyururdu ki, din yalnız məhəbbətdən ibarətdir, bir - birinizi sevməkdir. Amma bu gün bəziləri dini, düşmənçilik, qərəz, məzhəb ayrıseçkili, ixtilaf mənbəyi kimi təqdim edir.
Din bir dəyərdir, toplunun mənəvi, sosial yöndən islah olması, kamilləşməsi üçün ilahi nizamdır. Bu dəyəri dəyərsizlərin əlinə verəndə dini xarab edirlər. Başqalarında da dinə qarşı ikrah hissi oyadırlar. Bütün bu problemlərdən çıxış yolu odur ki, dini hər kəsin əlində alətə çevrilməsinə imkan vermək olmaz.

Tural İrfan
İlahiyyatçı - yazar

Paylaş: