"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tural Paşayev: Azərbaycanın xarici siyasətində strateji nailiyyətləri və dünya arenasında artan nüfuzu


Hər bir xalqın, hər bir millətin mövcud olduğu tarixdə fəxr etdiyi, özü üçün qürur mənbəyi hesab etdiyi ziyalısı, şair və ya yazıçısı, siyasi və dövlət xadimi olur. Azərbaycan xalqının da qürur duyduğu bir çox belə sadaladığım kimi şəxsiyyətləri var. Azərbaycan torpağı daim belə xatırlanan ziyalılar, dövlət xadimləri yetişdirmişdir.
Mən Naxçıvan Müəllimlər İstitutunun II kurs magistratura tələbəsi kimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını qeyd etmək istərdim. Azərbaycan xalqı hər zaman onu qəlbində yaşadır və onunla fəxr edir. Necə ki, o, azərbaycanlı olması ilə fəxr edirdi. Bu məqamda dahi siyasətçi Heydər Əliyevin dediyi və artıq demək olar ki, bir kəlama çevrildiyi bir cümləsini xatırlamaq istərdim: “Mən, həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bugün dahi şəxsiyyət Heydər Əliyevin varisi, layiqli davamçısı Möhtərəm prezident İlham Əliyev atasının yolunu layiqincə davam etdirir. İlham Əliyev Azərbaycan prezidenti olmadan öncə fəaliyyət göstərdiyi sahələrdə Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olduğunu göstərmişdir.
Cənab prezident İlham Əliyev bugün öz misiyasını dövlət idarəçiliyində durmadan, yorulmadan və uğurla davam etdirir. Bu uğuru Azərbaycanın dünya arenasında artan nüfuzunda görə bilirik. Azərbaycan son illərdə, xüsusilə 2025-ci ildə hərbi, iqtisadiyyat, təhsil, daxili və xarici siyasətdə bir çox nailiyyətlər əldə edib. Bunu Prezident İlham Əliyev 05 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi üç saata yaxın davam edən müsahibəsində özü də vurğulamışdı. Ümumiyyətlə, Prezidentin jurnalistlərlə bu görüşü ənənəvi xarakter daşıyır və beynəlxalq praktikada nümunəvi yanaşmadır. Ölkə prezidenti media nümayəndələri ilə görüşərək Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə onların vasitəsilə əsas prioritetlər, strateji hədəflər, icra olunmuş işlər və qarşıya qoyulmuş vəzifələr ilə bağlı dolğun, təfərrüatlı və əsasən də konkret faktlara söykənərək məlumat verdi.
Cənab Prezident İlham Əliyevin media subyektlərinə müsahibə verməsi artıq demək olar ki, ənənə halını alıb. Bu onun nə dərəcədə cəsarətli, dünyagörüşlü, hazırcavab olduğunun göstəricisidir. Biz onun bu cəsarətini 44 günlük vətən müharibəsi ərəfəsində xarici media nümayəndələrinə-jurnalistlərə verdiyi müsahibələrində də şahidi olduq.  
Xarici siyasət məsələsində ən mühüm addım hesab edirəm ki, 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulması oldu. Uzun illər davam edən müharibədən sonra artıq bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Şükürlər olsun ki, daha şəhid xəbərləri yox, atəşkəsin pozulması halları yox! Bunu qısaca Prezident İlham Əliyevin sözləri ilə ifadə edim: “Əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.”
Cənab Prezident müsahibəsində Azərbaycan-Amerika münasibətlərinə toxunaraq 2025-ci ili tarixi il hesab etdi. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Amerika-Azərbaycan əlaqələri heç də normal səviyyədə deyildi. Prezident İlham Əliyev 907-ci düzəlişi Amerika-Azərbaycan əlaqələrinin üzərində mənfur bir qara bulud hesab edərək bunun səbəbini Amerikadakı anti-Azərbaycan qüvvələrin-erməni lobbisinin fəaliyyəti olduğunu bildirdi. Artıq Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması və Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması Amerika-Azərbaycan genişmiqyaslı münasibətlərinin qurulması üçün real şəraitin olması deməkdir. Əlbəttə ki, Cənubi Qafqazda Azərbaycan kimi güclü potensialı və nüfuzu olan ölkə ilə əməkdaşlıq etmək Amerika üçün mühüm məsələdir və bu məsələnin təbii ki, Azərbaycan üçün də vacib rolu olduğunu bilirik. 2025-ci ilin vacib uğurlarından biri olaraq Ağ Evdə Prezident Tramp və Prezident İlham Əliyevin şəxsən iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişə son qoyuldu və aradan qaldırdı.
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasındakı coğrafi bağlantının yaradılması da məhz o gün gerçəkləşdi. Artıq Azərbaycan xalqı da əmindir və şübhə yoxdur ki, Zəngəzur dəhlizi qısa zamanda açılacaq və bütövlükdə Azərbaycan Respublikası üçün öz töhfələrini verəcəkdir.
Ölkə prezidentinin müsahibəsində Azərbaycanın 2025-ci ildə xarici siyasətində əldə etdiyi uğurlu hadisələrdən biri də dünyanın aparıcı ölkələrindən Çinlə olan Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını hesab edirəm.  Ümumiyyətlə, Çin Azərbaycanın strateji tərəfdaşıdır və bu siyasi uğur İlham Əliyevin uğurlu diplomatiyasının nəticəsidir.
Cənab Prezident İlham Əliyevin jurnalistlərə verdiyi müsahibəsində ölkəmizin D-8 təşkilatına üzv olmasını qeyd etdi. Bunu, xarici siyasət sahəsindəki ən böyük uğurlarımızdan biri kimi dəyərləndirmək olar. Bu təşkilat 30 ilə yaxındır ki, yaradılıb və həmin təşkilata bugünədək heç bir yeni üzv qəbul edilməyib. Qeyd edim ki, ölkəmiz bu müddət ərzində yeganə yeni üzv olmuşdur. Bununla bağlı Cənab Prezidentin bir fikrini xatırlatmaq istərdim: “Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir”.
Ümumiyyətlə, yenə də müsahibəyə diqqət yetirsək, ölkəmizin 2025-ci ildə xarici siyasətdə əldə etdiyi çox sayda önəmli nailiyyətlər vardır. Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz, Cənab Prezidentin media nümayəndələrinə verdiyi müsaibəsində özünün də qeyd etdiyi kimi  20-yə yaxın xarici səfərlərin olması, bir çox xarici dövlət, hökumət başçılarının Azərbaycana gəlməsi, Xankəndidə keçirilən ECO Zirvə Görüşü, işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forumun-Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumunun
keçirilməsi, xüsusilə qeyd edim, Türk dünyasının birliyini əks etdirən Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsi Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təzahürüdür.
Mən
Naxçıvan Müəllimlər İnstitutunun magistrantı olaraq inanıram ki, Azərbaycan xalqı inanırıq ki, ölkəmiz xarici siyasətlə yanaşı digər sahələrdə də uğurlarımız, nailiyyətlərimiz bu sadaladıqlarımdan da çox olacaq, zaman keçdikcə ölkəmiz daha da güclənəcək, inkişaf edəcəkdir.


Tural Paşayev, Naxçıvan Müəllimlər İnstitutu, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə II kurs magistrant    

18 Fevral 2026, 15:15 - 310

Paylaş: