"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Türk dünyası: dünən, bugün, sabah…


XX yüzilin ilk rübündə Bakıdan səslənən istiqlal çağırışı nəinki Azərbaycanın siyasi taleyini dəyişdi, eyni zamanda bütöv Türk dünyasında milli özünüdərk hərəkatının əsas mayaklarından birinə çevrildi. 1918-ci il 28 Mayda Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Türk dünyasının səsi ilk dəfə çağdaş dönəmin beynəlxalq siyasi coğrafiyasında azadlıq tonunda eşidildi.

Lakin bu istiqlal uzun sürmədi – Sovet İmperiyası türklərin coğrafi və ideoloji bütövlüyünü parçalamaq üçün sınırları süni surətdə cızdı, dili, kimliyi, tarixi bir-birindən ayırıb-araladı. 70 illik Şurəvi müstəmləkəsi yalnız iqtisadi və siyasi deyil, mədəni və mənəvi bir əsarət idi. Amma türkün ruhu ölmədi, birliyi yaddaşda yaşadı, yaşatdı və ilahi ana odaqlandı…

Müstəqillik dönəmi: parçalardan bütövə

1991-ci ildə SSRİ-nin süqutu ilə Türküstandan Qafqaza qədər uzanan geniş coğrafiyada müstəqil türk dövlətləri meydana çıxdı - daha doğrusu, dövlətlərimiz öz müstəqilliyini bərpa etdi. Bu, tarixin yenidən yazıldığı bir mərhələ idi – amma bu dəfə türk xalqları artıq təkcə ortaq etno-mədəni keçmişə deyil, eyni zamanda ortaq siyasi və iqtisadi gələcəyə yönəlmişdi. Türk Şurasının (bugünkü Türk Dövlətləri Təşkilatının) yaradılması həmin birliyin rəsmi-institusional başlanğıcı oldu.

Azərbaycan isə bu sürəcin həm mərkəzində, həm də lokomotivi rolunu oynadı. Təkcə coğrafi deyil, mədəni, siyasi və ideoloji baxımdan da Bakı – Türk dünyasının beyin mərkəzinə çevrildi.

Qarabağ Zəfəri isə geopolitik gerçəkliyin dəyişməsinə səbəb oldu! Bu səbəbi də, onun doğurduğu sonucu da bizim Dəmir Yumruq yaratdı! - Yer üzünün ən ədalətli və humanist yumruğu!

2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər təkcə ərazi bütövlüyünün bərpası deyildi – bu, bütöv Türk dünyasının özünə inamının simvolik bərpası idi. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə toplantısının keçirilməsi, ondan daha öncə Azərbaycan ilə Türkiyə aradında “Şuşa Bəyannaməsi”nin imzalanması, Azərbaycanın Qarabağda, Gendoğar Zəngəzurda qurduğu yeni gefçəklik Türk dünyasında yeni siyasi yaddaşın və ortaq iradənin doğuluşuna çevrildi.

Bu Zəfər, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin model səviyyəyə yüksəlməsi ilə bütöv coğrafiyada türk həmrəyliyinin konkret geosiyasi gücə çevrilməsinə zəmin yaratdı. Artıq Türk dünyası təkcə nostalji və romantik xatirələrin deyil, gerçəkçi güc mərkəzinin təcəssümüdür.

Bugün və sabah: Təşkilatdan – Birliyə doğru

Bəli, Türk Dövlətləri Təşkilatı (TDT) artıq sadəcə mədəni platforma deyil – iqtisadi, daşımaçılıq, enerji və təhlükəsizlik sahələrində gerçək işbirliyi formatıdır. Zəngəzur dəhlizi kimi strateji layihələr, Orta Dəhliz logistik platformu, vahid iqtisadi bölgə təşəbbüsləri bu yöndə ciddi addımlardır.

Amma hədəf daha irəlidir – XXI yüzil türklərin həm geosiyasi, həm də mədəni identiklik baxımından dünyada yenidən söz yiyəsi olacağı bir altun dönəmdir. Əgər dünən bizi birləşdirən Orhun-Yenisey abidələri, Dədə Qorqud idisə, bu gün bizi birləşdirən yeni imkanlar, yeni çağırışlar, başqalarının bizə bəd baxışlarının yaratdığı sorumluluqdur. Dünən bizi İpək Yolu birləşdirirdisə, bu gün dəmir yollarıdır... Sabah isə bizi birləşdirəcək olan – ortaq texnoloji inkişaf, vahid informasiya məkanları və bəlkə də ortaq diplomatik mövqelərdir.

Beləliklə,
28 May – Azərbaycanın istiqlal günü – təkcə bir dövlətin deyil, bütün Türk dünyasının tarixdə azadlıqla danışmağa başladığı gündür. Bu gün biz Şurəvi müstəmləkəsindən doğan parçalanmanın yaralarını sağaltmaqla yanaşı, gələcəyin böyük Türk birliyinin əsaslarını qururuq. “Təşkilatdan – Birliyə” aparan yolda siyasi iradə ilə yanaşı, ortaq mədəni yaddaş, dil və tarix şüuru da önəmli rol oynayır.

Tarixin özü bu sürəci diktə edir: 
Türk dünyası daha artıq gözləməyəcək – 
o artıq yola çıxıb… - “Ortaq keçmişdən ortaq gələcəyə” aparan ulu yola!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı,  Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti 

Paylaş: