"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Xarakterin və insanlığın 54 ili


Azərbaycan futbolunda hər ad bir dövrün yaddaşıdır. Bəziləri meydanda tanınır, bəziləri məşqçi kimi, bəziləri də xeyriyyəçi yönləri ilə seçilir. Tərlan Əhmədov isə bu üç xüsusiyyətin hamısını illərdir özündə birləşdirən nadir simalardandır. Bu gün 54 yaşını qeyd edən Tərlan müəllim həm futbolçu, həm məşqçi, həm də cəmiyyət adamı kimi nümunəvi yol keçib.

Oyunçu olduğu vaxtlarda müdafiənin mərkəzində duruşu ilə azarkeşə bir mesaj verirdi: geri addım yoxdur. Səssiz liderlik, soyuqqanlı qərarlar və sonadək mübarizə onun vizit kartı idi. Məşqçiliyə keçdikdən sonra da bu xarakter dəyişmədi. Komandaları ilə keçirdiyi hər mərhələdə səssiz, amma ardıcıl zəhmət, tələbkarlıq və kişi sözlü münasibət onu həm futbolçulara, həm də azarkeşlərə yaxınlaşdırdı. Elə buna görə də yetirmələri arasında “sakit, amma ədalətli” imici bu gün də yaşayır.
Amma Tərlan Əhmədovu yalnız futbol adamı kimi tanımaq kifayət deyil. Onun insani tərəfi, xüsusilə də keçmiş futbol hakimi Ceyhun Haşımovla birgə həyata keçirdiyi xeyriyyəçilik işləri illərdir səssizcə, reklam edilmədən, sadəcə yaxşılıq niyyəti ilə davam edir. Onlar aztəminatlı ailələrə yardım, xəstə insanlara dəstək kimi çoxsaylı təşəbbüslər həyata keçiriblər. Bu fəaliyyətlər sosial şəbəkədə görünmür, çünki onların məqsədi göstərmək yox, etmək olub. Son bir neçə ay əvvələ qədər belə bir şərəfli missiyanı yerinə yetiriblər. 

Tərlan Əhmədov bu gün 54 yaşını təkcə futbol tariximizin bir parçası kimi yox, həm də mərdlik, vətənpərvərlik və insanlıq nümunəsi kimi qarşılayır. Uzun illərdir göstərdiyi səssiz zəhmət, səxavət və düzgünlük onun ən böyük mirasıdır.
Azərbaycan futbolu və cəmiyyəti sizin kimi xarakterlərə həmişə ehtiyac duyur.
Ad gününüz mübarək, Tərlan müəllim.

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

17 Noyabr 2025, 23:53 - 1202

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar