"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zəngəzurdan sülh körpüsü: Naxçıvana yol açılır, regionun xəritəsi yenidən cızılır


Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sənədin ən strateji hissəsi isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz quru bağlantının təmin olunmasıdır. Bu layihə regionun nəqliyyat, iqtisadi və siyasi arxitekturasını dəyişə biləcək böyük potensiala malikdir.
Naxçıvanla birbaşa yolun açılması uzun illərdir Azərbaycanın milli prioritetlərindən biridir. Bu, təkcə logistik və iqtisadi baxımdan deyil, həm də milli təhlükəsizlik, ərazi bütövlüyünün tam təminatı və ölkədaxili əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maneəsiz quru bağlantı Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında iqtisadi və sosial inteqrasiyanı gücləndirəcək.
Sözügedən yolun bərpası Cənubi Qafqazı Avropa-Asiya ticarət marşrutlarında mühüm tranzit mərkəzə çevirəcək. Yeni kommunikasiya xətləri Azərbaycanın beynəlxalq ticarətdə rolunu artırmaqla yanaşı, region ölkələrinə də iqtisadi divident qazandıra bilər. Bu, həm tranzit gəlirlərinin artmasına, həm də regional iqtisadi inteqrasiyanın möhkəmlənməsinə gətirib çıxaracaq.
Bu yolun açılması Ermənistan üçün də iqtisadi imkanlar yarada bilər. Əgər İrəvan siyasi iradə nümayiş etdirərsə, Azərbaycan və digər region ölkələri ilə əlaqələrini genişləndirərək uzunmüddətli təcrid siyasətindən çıxmaq şansı əldə edəcək. Nəqliyyat dəhlizlərinin açılması Ermənistanın regional əməkdaşlıq platformalarına qoşulmasını da asanlaşdıra bilər.
Ən diqqətçəkən məqam odur ki, bu təşəbbüs təkcə region dövlətlərinin deyil, həm də ABŞ kimi qlobal güclərin imzasını daşıyır. Bu, Naxçıvana yolun açılması prosesinə hüquqi-siyasi legitimlik qazandırmaqla yanaşı, onun icrasını beynəlxalq səviyyədə təminata alır. Beynəlxalq dəstək həm prosesin davamlılığına, həm də icrasına nəzarətin təmin edilməsinə şərait yaradır.
Naxçıvana birbaşa yolun açılması təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün deyil, həm də Cənubi Qafqazın gələcək iqtisadi-siyasi arxitekturasının formalaşması üçün açar rol oynaya bilər. Bu layihənin uğurla icrası regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda əsasında yeni bir mərhələnin başlanğıcını qoymaq potensialına malikdir. 


Əziz Qasımov
Naxçıvan MR Ali Məclisinin deputatı

Paylaş: