"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Birlik sədri Ceyhun Cəlilova açıq məktub yazıb


“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Ceyhun Cəlilova açıq məktubla müraciət edib.

Müraciətdə Naxçıvana son səfəri zamanı yerli sakinlərlə apardığı söhbətlərdən, insanların gündəlik qayğılarından və xüsusilə “sarı taksi” sürücülərinin üzləşdiyi problemlərdən bəhs olunur.

Emin Tarverdiyev məktubunda Naxçıvanda mövcud iş yerlərinin qorunmasının, yeni məşğulluq imkanlarının yaradılmasının və taksi sürücülərinin fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırır.

Açıq məktubu olduğu kimi təqdim edirik:

AÇIQ MƏKTUB

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi cənab Ceyhun Cəlilova

Hörmətli Ceyhun müəllim!

Sizə açıq şəkildə müraciət edən ömrünün 27 ilini bu şəhərdə keçirən Emin Tarverdiyevdir. Yəqin ki, Siz məni yaxından tanımırsınız, amma Naxçıvanda məni tanıyan, işlərimdən xəbərdar olan çox adam var. Onlar da təsdiq edərlər ki, mən lüzum olmadıqca heç kimi narahat etmərəm, kiçik məsələlərdən ötrü müraciət ünvanlamaram. Lakin Naxçıvana bu günlərdə etdiyim son səfərim zamanı müşahidə etdiyim və həllinə ehtiyac duyulan bir problem barədə Sizə yazmaq qərarına gəldim.

Doğma Naxçıvanımızın inkişafını, buradakı insanların rifahını və bu torpağın möhtəşəm gələcəyini mən də ən azı Sizin qədər ürəkdən istəyirəm. Əminəm ki, Siz də bunu istəyirsiniz və müraciətim diqqət yetirilməsi vacib olan məsələlərə aiddir.

Məktubuma keçməzdən öncə, Sizin barənizdə eşitdiyim və qəlbimdə dərin ehtiram oyadan bir xatirəni bölüşmək istəyirəm.
Hələ Siz Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsində çalışarkən, bölgədə iki şəhid anasının söhbətinə şahid olmuşdum. Onlar danışırdılar ki, şənbə günü yolda kəndlərinə getmək üçün maşın gözləyərkən yanlarından keçən avtomobil onları görür və saxlayır. Şəhid anaları yalnız avtomobil dayananda sükan arxasındakı şəxsin Ceyhun Cəlilov olduğunu görüblər. Siz onları düz kəndlərinə, hətta qapılarına qədər aparmısınız.

İstirahət günündə öz şəxsi avtomobilinizi idarə edərək şəhid analarına bu cür böyük alicənablıq və diqqət göstərməyiniz mənim yaddaşımda dərin iz buraxdı. Məhz bu insani yanaşmanız, sadəliyiniz və vətəndaşa olan ehtiramınız mənə ümid verir ki, Sizə ünvanlanan bu müraciət də diqqətinizdən kənarda qalmayacaq.

Bu yaxınlarda Naxçıvana sırf bir hüzr məclisində iştirak etmək üçün 32 saatlıq səfərim oldu. Məclisdə və səfər boyunca keçirdiyim 24 saat ərzində çoxsaylı yerli sakinlərlə, sadə insanlarla yaxından söhbət etmək imkanım yarandı. İnsanların qayğılarını, gündəlik dolanışıq çətinliklərini dinlədim. Təəssüf ki, yerində müşahidə etdiyim vacib bir məsələni ictimailəşdirməyi və Sizin diqqətinizə çatdırmağı özümə mənəvi borc bildim.

“Sarı taksi” sürücülərinin çörək imtahanı və yeni iş yerləri zərurəti

Bu gün Naxçıvanın ən başlıca ehtiyaclarından biri yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasıdır. Lakin biz mövcud iş yerlərini də qorumağa məcburuq.

Vaxtilə, təxminən 15 il öncə Naxçıvanda minlərlə taksi sürücüsünə məcburi qaydada “NAZ-Lifan” markalı avtomobillər aldırıldı. Bu gün həmin insanların çoxu hələ də o dövrdən qalan kredit və borc girdabında çabalayır.

İndi isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yerli əməkdaşları bu sürücülərə göz açdırmır, onların fəaliyyətinə ciddi maneələr yaradırlar. Həmin sürücülər hətta hava limanı ərazisinə müştəri apara bilmirlər.

Naxçıvanda bu vəziyyətdə olan minlərlə “sarı taksi” sürücüsü var. Onsuz da iş yerlərinin məhdud olduğu bir şəraitdə süni maneələr yaratmaq təkcə bir sürücünün işinə yox, birbaşa minlərlə ailənin gündəlik qazancına, evinə apardığı halal çörəyinə toxunmaqdır.

İnanıram ki, Sizin bir rəhbər kimi qətiyyətli müdaxilənizlə bu məsələ tənzimlənər və illərdir borc yükü altında əzilən bu insanlara öz halal ruzilərini qazanmağa şərait yaradılar.

Cənab Səlahiyyətli Nümayəndə!

Naxçıvanda yeni iş yerlərinin yaradılması, mövcud çörək qapılarının bağlanmaması və insanlara humanist münasibətin göstərilməsi bu gün muxtar respublikanın dirçəlişi üçün ən vacib addımlardır.

Sizin rəhbərliyiniz dövründə göstərdiyiniz humanist yanaşma bizdə belə bir inam yaradır ki, minlərlə taksi sürücüsünün fəryadı cavabsız qalmayacaq. Sizin ədalətli rəhbər qətiyyətinizə və insani alicənablığınıza ümid edirik.

Naxçıvan məhz Sizin kimi rəhbər şəxslərin mərhəməti, sevgisi və qətiyyəti ilə inkişaf edəcək.

Hörmətlə,

Emin Tarverdiyev
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri

8 Oktyabr 2026, 20:29 - 134

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar