Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Zaman qəribə bir axardır: gah günlər keçmək bilmir, gah da bir göz qırpımında onilliklər arxada qalır. Həyatın qaynarlığına, gündəlik qayğıların qaçhaqaçına elə qapılırıq ki, bəzən ən dəyərli xatirələrin tozlandığının fərqinə varmırıq. Amma elə bir an gəlir ki, bircə mesaj, kiçik bir təşəbbüs o tozlu rəflərə işıq salır, bizi yenidən özümüzə qaytarır. Düz 28 il sonra sinif yoldaşlarımı bir araya toplamaq üçün kiçik bir addım atdım və Pərvanə Mahmudovanın dəstəyi ilə bir whatsapp qrupu yarandı. İnanın, həyat yeniləndi mənim üçün. Ora yazılan hər mesaja baxanda özümü o uzaq, qayğısız məktəb illərində tapıram.
Məktəb illəri insanın xarakterinin bünövrəsidir. Biz o illərdə təkcə riyazi tənlikləri, sənəd-sübuta dayanan tarixi faktları öyrənmədik; biz bölüşməyi, dostluğu, birliyi və ən əsası: saf qalmağı öyrəndik. Bu bünövrənin qoyulmasında, üzərimizdə əməyi olan hər bir müəllimimizin payı əvəzsizdir. İlk addımlarımızı fərqli siniflərdə atsaq da, sonradan yollarımız kəsişdi, yeni yoldaşlar qoşuldu və bütöv bir ailə olduq. Bu səbəbdən fərqli ibtidai sinif müəllimlərimizin hər birinin bizə verdiyi ilk bilik mayası unudulmazdır. Bizə elm öyrədən bütün müəllimlərimizin, uzun illər məktəbimizə rəhbərlik edərək hər birimizə bir valideyn kimi nəzarət edən direktor Məfkurə Süleymanovanın və bizi məktəb illərinin sonuna qədər qayğısını əsirgəməyən sinif rəhbərimiz Pəri müəllimin zəhməti qəlbimizdə əbədi iz qoyub. Yadımdadır, Tərlan müəllim hər dərsə özünəməxsus bir rəng qatardı; onun dilindən qopan şeirlər təkcə qulağımıza yox, ruhumuza işləyərdi. Biz ədəbiyyatı, sevgini və həyatı həm də o şeirlərin sətir aralarında öyrəndik.
Əlbəttə, məktəb təkcə ciddi dərslərdən ibarət deyildi; o illərin elə şıltaqlıqları, elə dəcəllikləri var ki, bu gün də xatırlayanda üzümüzdə böyük bir təbəssüm yaranır. Məsələn, Xanım müəllimin dərsində Ələkbərin mənə stul atmasını necə unutmaq olar? Havada uçan stulu görüb yazıq Xanım müəllimin necə qorxduğunu, bizim isə heç bir şey olmamış kimi, o dəlisov uşaqlıq cəsarəti ilə necə dik durduğumuzu dünənki kimi xatırlayıram. Biz ondan heç vaxt qorxmadıq, amma o an müəllimənin keçirdiyi o qorxu və sinifdəki anlıq çaşqınlıq indi ömrümüzün ən şirin, ən əvəzsiz zarafatına çevrilib. Elə o vaxtlar dəcəlliyinin arxasında böyük bir məsumluq gizlənən Mirələkbər indi də həmən o saflığını, ürəyinin təmizliyini qoruyub saxlayıb; illər onun o uşaq təmizliyinə toxuna bilməyib.
Araya onilliklər, fərqli talelər, yollar və həyat qayğıları girsə də, yazışmağa başlayan kimi hər şey bir anda yox oldu. Sanki dünən son zəng çalınıb, biz sadəcə bir neçə günlük tətilə ayrılmışıq. O qədər gözəl, saf xatirələr canlandı, parta arxası zarafatlar xatırlandı ki, adam sözün əsl mənasında kövrəlir. İllər hər birimizi dəyişdirə bilər, amma o uşaqlıq doğmalığına, ruhumuzun o təmiz tərəfinə toxuna bilməyibmiş.
Baxırsan ki, vaxtilə sinifdə səssiz-səmirsiz oturan, sakit, fağır bir qızcığaz olan Gülnarə Əhmədova indi elə güclü bir yumor hissinə malikdir ki, hər yazdığı zarafatla hamını heyran qoyur. Üstəlik, onun interyer dizayneri olan qızının çəkdiyi o möhtəşəm rəsm əsərlərini görəndə insan övladlarımızın uğurları ilə fəxr etməyə bilmir. Yaxud da bu gün qrupun əsl idarəçisinə çevrilən, ab-havanı tam mənasıyla əlinə alan Mirşahin Mirişlini görmək ayrı bir zövqdür. Həyat öz axarı ilə davam edib və artıq qaynana statusu qazanan sinif yoldaşlarımız var. Hətta uşaqlıqdan bəri sinfimizin bitib-tükənməyən enerji mənbəyi olan, o vaxtkı pozitivliyini bu gün də eyni coşqu ilə qoruyub saxlayan Vüsalə Kəngərli də artıq qaynana olmağa hazırlaşır. İnsana qəribə gəlir; qrupda hamıya həmən o bitməyən gənclik enerjisini ötürən birinin indi ciddi bir qaynana missiyasına hazırlaşması yəqin ki, qrupumuzun ən maraqlı və şirin təzadlarından biridir.
Biz hələ də bir-birimizin gözündə həmən o uşaqlarıq - eynilə bu gün övladının uğuru ilə hamımıza böyük bir fəxarət hissi yaşadan, gözümüzdə eləcə balaca bir qızcığaz kimi qalan Jalə kimi... Onun oğlu Altun Əli Cəsur gələn ay Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq MMF Dünya Çempionatında ölkəmizi təmsil edəcək. Rinqdə qarşılaşacağı iki rəqibinin erməni olması isə bu döyüşə olan həyəcanımızı və ona olan dəstəyimizi birə-beş artırır; bütün sinif tək ürək olub onun qələbəsini gözləyirik.
Taleyin fərqli ölkələrə göndərdiyi dostlarımızın səsini eşitmək isə tam ayrı bir duyğudur. Düz 20 il Ukraynada yaşayan, lakin məlum Rusiya-Ukrayna müharibəsinə görə Almaniyaya daşınmalı olan Surə Vəliyevanın qrupa qoşulması ilə sanki əsl möhtəşəm bir atmosfer yaratdı. Onun uzaqlardan gələn səsi qrupumuzun doğmalığını daha da bütövləşdirdi. Telefonun o tərəfindəki hər səs, hər cümlə mənə unutduğum anları, uşaqlıq illərimin ətrini qaytardı. Sonra hərə bir tərəfə dağılışmışdı: kimimiz mühəndis olduq, kimimiz dövlət işində çalışdıq, kimimiz xalqın xidmətində durduq. Biz böyümüşük, bəlkə də tam fərqli insanlar olmuşuq, amma bir araya gələndə yenə o on dörd, on beş yaşlı dəcəl uşaqlarıq.
Üç onilliyə bərabər olan bu ayrılıqdan sonra açılan bu ünsiyyət qrupu, sadəcə texnoloji bir imkan deyil, həm də keçmişə açılan bir pəncərə oldu. Saçlarına dən düşmüş, həyatın sınaqlarından keçmiş o ciddi adamların yazışmalarından yenidən o saf gülüş, ərköyünlük boylanır. Çünki sinif yoldaşlarının yanında statuslar, rütbələr və titullar sıfırlanır; sən sadəcə illər öncəki həmən o kimliyində qalırsan. Zamanı dayandırmaq olmur, amma bəzən belə anlar insana sübut edir ki, keçmişin ən gözəl parçaları heç vaxt itmir. Bu səmimiyyəti, bu nostaljini yenidən hiss etmək çox fərqli bir duyğudur. 28 ildən sonra qurulan bu bağ sübut etdi ki, əsl doğmalıq məsafə və zaman tanımır. Bu yazı bəlkə də hər kəsə bir çağırışdır: Gəlin, vaxt tapın. Çünki keçmişimizlə bağları qorumaq, gələcəyə daha inamla addımlamaq üçün ən güclü mənəvi dayaqdır.
Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
7 İyul 2026, 23:17 - 395
Paylaş: