Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini bir daha nümayiş etdirən mühüm hadisə oldu. Xarici diplomatların azad edilmiş ərazilərə səfəri, burada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olması, Azərbaycanın yeni reallıqlarını yerində müşahidə etməsi tamamilə təbii və qanuni prosesdir.
Lakin bu səfərə Ermənistan cəmiyyətinin ayrı-ayrı dairələri tərəfindən verilən reaksiyalar təəccüb və təəssüf doğurur. Xarici diplomatların Azərbaycanın suveren ərazisində səfər etməsinə etiraz edilməsi, onların fəaliyyətinin hədəfə alınması və müxtəlif ittihamlarla müşayiət olunan kampaniyaların aparılması Ermənistan daxilində hələ də keçmiş münaqişə yanaşmasının aradan qalxmadığını göstərir. Daha da diqqətçəkən məqam isə bu reaksiyaların bəzi hallarda hakimiyyətə yaxın informasiya resurslarında da geniş yayılmasıdır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyi mübahisə mövzusu deyil. 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Ermənistanın özü də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını dəfələrlə bəyan edib. Belə olduğu halda Ermənistan cəmiyyətində xarici diplomatların Azərbaycanın ərazisində hərəkətinə qarşı kampaniya aparılması bu bəyanatların mahiyyəti ilə açıq ziddiyyət təşkil edir. Diplomatik nümayəndələrin hansı ölkənin ərazisində səfər etməsi həmin dövlətin suveren hüquqları çərçivəsində müəyyən edilir. Bu baxımdan xarici diplomatların Qarabağa səfərinə münasibətdə Ermənistan tərəfindən hər hansı etirazın irəli sürülməsi Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilə bilər. Səfərdə iştirak edən diplomatlar da təmsil etdikləri dövlətlərin mövqeyinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etdiklərini praktik addımla nümayiş etdiriblər.
Məsələnin digər mühüm tərəfi isə tarixə münasibətdə özünü göstərir. Ermənistan cəmiyyətində Azərbaycanın ərazisində yerləşən Gəncəsər və Xudavəng kimi abidələrin yalnız erməni irsi kontekstində təqdim olunmasına cəhd edilir. Halbuki Qarabağ və bütövlükdə Azərbaycan ərazisi müxtəlif dövrlərə aid zəngin tarixi və mədəni irsin formalaşdığı məkanlardan biridir. Tarixi faktların seçmə qaydada təqdim edilməsi, bir ərazinin çoxqatlı tarixinin yalnız bir etnik qrupun keçmişi ilə əlaqələndirilməsi obyektiv tarix yanaşmasına uyğun deyil. Eyni yanaşma Qafqaz Albaniyasının irsinə münasibətdə də müşahidə olunur. Qafqaz Albaniyasının tarixinin və mədəni irsinin Azərbaycan ərazisi ilə sıx bağlılığı elmi ədəbiyyatda və tarixi mənbələrdə geniş şəkildə araşdırılıb. Bu irsin Azərbaycana aid tarixi-mədəni irs sisteminin mühüm hissəsi olması Azərbaycan ərazisində yerləşən abidələrin dövlət tərəfindən qorunması siyasətində də öz əksini tapır. Buna görə də Qafqaz Albaniyası irsinin mövcudluğuna belə aqressiv münasibət sərgilənməsi tarixə siyasi yanaşmanın göstəricisidir.
Tarixi irsin qorunması məsələsində ikili standartlara yol verilməsi xüsusilə yolverilməzdir. Mədəni irsə münasibət etnik və siyasi mənsubiyyətə görə dəyişməməlidir. Hər bir xalqın tarixinin və mədəniyyətinin izləri qorunmalı, tarixi faktlar siyasi məqsədlər naminə dəyişdirilməməlidir. Azərbaycan azad edilmiş ərazilərdə yerləşən bütün tarixi və mədəni abidələrin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət yetirir və bu irsin gələcək nəsillərə çatdırılmasını təmin etməyə çalışır. Ermənistanda son günlər müşahidə olunan siyasi ritorika isə məsələnin yalnız ayrı-ayrı şəxslərin sosial şəbəkə paylaşımlarından ibarət olmadığını göstərir. Revanşist mövqelərin cəmiyyətin müəyyən hissəsində hələ də mövcudluğu məlumdur. Lakin bu yanaşmaların siyasi müstəvidə səsləndirilən fikirlərlə üst-üstə düşməsi daha ciddi narahatlıq yaradır. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın məsələyə münasibəti də bu baxımdan qəbuledilməzdir. Azərbaycanın ərazisində baş verən proseslərə münasibətdə belə açıqlamaların səsləndirilməsi Ermənistanın Azərbaycanın suverenliyinə hörmətlə bağlı verdiyi bəyanatlarla uyğun gəlmir.
Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabrında baş vermiş hərbi toqquşmalarda həlak olan erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də ayrıca diqqət çəkir. Həmin hadisələrin Ermənistan tərəfindən törədilən hərbi təxribatlarla müşayiət olunduğu və Azərbaycanın öz ərazisini müdafiə etmək məcburiyyətində qaldığı məlumdur. Belə bir hadisənin siyasi ritorikada xüsusi şəkildə qabardılması sülh gündəliyinin möhkəmləndirilməsinə deyil, cəmiyyətdə qarşıdurma və revanşist düşüncələrin diri saxlanılmasına xidmət edə bilər. Bütün bunlar Ermənistanın sülh prosesinə münasibətində müəyyən ziddiyyətlərin hələ də qaldığını göstərir. Bir tərəfdən rəsmi İrəvan sülh və normallaşma gündəliyindən danışır, digər tərəfdən isə Azərbaycana qarşı ittihamların, tarixi iddiaların və revanşist çağırışların səsləndirilməsinə şərait yaradan mövqelər ortaya qoyulur. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, həm də siyasi düşüncənin və cəmiyyətin yanaşmasının dəyişməsi ilə möhkəmlənir.
Bu gün əsas məsələ keçmişin ziddiyyətlərini yeni nəsillərə ötürmək deyil, regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsidir. Bunun üçün ilk növbədə Ermənistan cəmiyyətində Azərbaycanla bağlı formalaşdırılan birtərəfli və revanşist yanaşmalardan imtina edilməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət real siyasi davranışda da öz əksini tapmalıdır. Sülh prosesinin uğuru yalnız rəsmi bəyanatlarla deyil, konkret addımlarla ölçülür. Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı kampaniya aparılması isə sülh mühitinə xidmət edən yanaşma deyil. Əksinə, belə reaksiyalar Ermənistan cəmiyyətində keçmiş münaqişə düşüncəsinin hələ tam aradan qalxmadığını və bəzi siyasi qüvvələrin yeni reallıqlarla barışmaqda çətinlik çəkdiyini göstərir. Azərbaycan öz ərazisində quruculuq işlərini davam etdirir, tarixi və mədəni irsini qoruyur və bölgədə uzunmüddətli sülhün təmin olunmasında maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir. Ermənistan tərəfinin də eyni məsuliyyətli mövqe nümayiş etdirməsi, revanşist ritorikadan uzaqlaşması və regionun yeni reallıqlarını qəbul etməsi davamlı sülh üçün əsas şərtlərdən biridir.
Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri
Fəxrəddin Rəhimov
15 Sentyabr 2026, 15:39 - 133
Paylaş: