"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev: Vəfa borcu


Həyat bəzən insanı ziddiyyətli duyğuların və ülvi hisslərin qovuşduğu o tək bircə anla sınağa çəkir. Mənim üçün Kəlbəcər yolu məhz belə bir günün astanasında, ürəyimin ən həyəcanlı döyüntüləri ilə başladı. Bir tərəfdə qızımın "Son zəng"inin gətirdiyi o fərəhli, bir az da kövrək gələcək təlaşı, digər tərəfdə isə düz altı ildir həsrətlə alışıb yandığım, ruhumu titrədən Kəlbəcər vüsalı! Sanki bir ömrün iki fərqli baharı eyni anda pəncərəmi döymüşdü. Qızımın məktəb illərinə əlvida dediyi o unudulmaz gündən ayrılıb, millətin yenidən doğulduğu müqəddəs torpağa – Kəlbəcərə doğru can atdım.

Kəlbəcər... Bu ad sadəcə coğrafiya deyil; qəlbimizdə daşlaşmış bir nisgil, həm də yenidən qazanılmış böyük bir qürurdur! Dağların qoynuna doğru irəlilədikcə, Ağdərənin Umudlu və Həsənriz kəndlərindən keçdikcə, füsunkar təbiət bizi sehrinə salırdı. Bura elə bir sirli aləmdir ki, hər qayası bir dastan, hər dərəsi bir gizli pıçıltıdır. Göylərə baş çəkən uca dağlar, göz işlədikcə uzanan yamyaşıl meşələr insanın birbaşa ruhunu coşdurur, illərin yorğunluğunu bədəndən bir anda süzüb aparır.

Tarixi Sarıbulaq körpüsünə, İstisunun buxarlanan şəfalı sularına toxunanda bədənimdən bir gizilti keçdi – insan bu torpaqlarda öz köklərinə, öz kimliyinə qovuşur! Bəli, Kəlbəcər artıq altı ildir azaddır, amma bu, mənim bura ilk izdihamlı qədəm qoyuşum idi və hər addımda torpağın müqəddəs nəfəsini ürəyimdə hiss edirdim.

Lakin bu, sadəcə bir səfər və ya təbiət heyranlığı deyildi. Bu yolçuluğun arxasında ruhumu ayağa qaldıran daha böyük, daha müqəddəs bir missiya – bir vəfa borcu dayanırdı! Mən bu Kəlbəcər səfərimi ömrümdə heç vaxt üzünü görmədiyim, əlini sıxmadığım, amma qəhrəmanlığı ilə qəlbimdə taxt qurmuş bir obraza – Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, şəhid polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə həsr etmişdim.

Haqqında əfsanələr yazılan, döyüş meydanında dastana çevrilən Anar Əliyev kimi oğullar olmasaydı, bu gün nə qızımın "Son zəng"ini belə rahat qeyd edə bilərdik, nə də Kəlbəcərin uca dağlarında qürurla addımlayardıq. Biz bu gün bu torpaqlarda azad nəfəs alırıqsa, bunu heç vaxt tanımadığımız, amma biz yaşayaq deyə canını fəda edən o böyük ürəkli insanlara borcluyuq! Məhz buna görə də Kəlbəcərin hər cığırında, hər qayasında Anar Əliyevin ruhunu axtardım, onun timsalında bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əydim.

Bu torpaqlar bizə şəhidlərimizin əmanətidir və biz o əmanəti həm qorumalı, həm də gələcək nəsillərə – bu gün məktəbi bitirən qızım kimi gənclərə bütöv, məğrur və rəşadətli bir Vətən olaraq ötürməliyik!

 

Kəlbəcər, bu sənə ilk səfərimdir, ilklər hər zaman gözəl olur, həyəcanlı olur. Növbəti səfər sən məni qarşılayanda daha bir birimizə yaxın olacaq və sevgi ilə yenidən qucaqlaşacağıq

14 İyun 2026, 22:36 - 124

Paylaş: