Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Uzun illərdən sonra nəhayət Kəlbəcərə qayıtdım. Şükür bu günə. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilər, veteran və Ordumuzu qorusun Yaradan Dünyanın ən gözəl ərazilərindən biri olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.
Kəlbəcərdəki mağara düşərgələrində, xüsusilə Tərtərçayın yuxarı axarlarındakı qədim insan məskənlərində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Buradan tapılan obsidian (dəvəgözü) alətlərin paleolit dövründə yaxın ərazilərə də yayıldığı elmi şəkildə sübut olunub.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, Zalxa gölü ətrafında və Ayıbulağı, Pəriçınqıl dağlarında tapılan 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Bu qaya rəsmlərindəki maral, keçi təsvirləri və astroloji işarələr qədim Kəlbəcər sakinlərinin kosmoqonik dünyagörüşünü əks etdirir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Mənbələrə görə “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” və ya "qaya" deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Bəzi mötəbər dilçilik qaynaqlarında isə bu adın qədim türk tayfalarından olan kəngərlərin bir qolu — "Gəvli" (Kevli) nəsli və qədim türk dilində mənası "su sahili, çay kənarı" olan "çər" sözünün birləşməsindən yarandığı göstərilir.
Eyni zamanda, toponimin ilkin variantlarından birinin qədim Suvar-Türk ləhcəsində "kevil" (mağara) və "cər" (şırım, dərə) mənalarını birləşdirərək "Mağaralı dərə" mənası daşıdığı, orta əsr coğrafiyaşünaslarının qeydlərində isə ərazinin bəzən bilavasitə "Kevli-şəhər" (mağaralar şəhəri) kimi adlandırıldığı məlumdur.
Digər bir tarixi-etnonimik mülahizəyə görə, toponim qədim kəngərlərin fərqli bir qolu olan "Kəllə" (və ya Kəlləli) tayfasının adı və sıldırım qaya mənasını verən "cər" sözünün sintezindən formalaşmışdır.
Bununla yanaşı, bəzi tədqiqatçılar sözün birinci komponentini qədim dillərdə "isti su", "müalicəvi su" mənası daşıyan köklərlə də əlaqələndirirlər ki, bu da rayonun qədim dövrlərdən bəri loğmanlıq mərkəzi sayılan məşhur İstisu qaynaqları ilə üst-üstə düşür. Həmçinin, qədim Hun-Türk tayfalarının dilində "Kala-çər" (möhkəm qala) ifadəsinin zamanla bu formaya düşdüyü də qeyd edilir.
Başqa bir mənbədə yazılır: “Bu məkanda əkib-becərmək çox faydalı və məhsuldar olduğundan, onun adının da toponimi el arasında “gəl becər” kimi məşhurdur.”
Kəlbəcərə antik dövr abidəsi deyirlər. Tarixi olduqca qədimlərə gedib çıxır. Qayaüstü rəsmlər, eləcə də e.ə. III minilliyə aid yaşayış məskənlərində tapılan gil qablar və digər tapıntılar, eləcə də yüzlərlə qədim mağaralar buradakı antik həyatı gözlər önünə sərir.
1980-ci illərdə Böyük Güney deyilən ərazidə tapılmış eni 1 km-ə qədər uzanan mağara arxeoloqların marağına səbəb olub.
Kəlbəcər dağlarında Lok, Comərd, Uluxan, Qalaboynu, Xotavəng məbədi və sair kimi qalalar buranın qədim tarixinin digər xəbərçiləridir. Bu qalalardan bəziləri, xüsusən Lök qalası dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşməklə təbii strateji müdafiə istehkamının unikal nümunəsidir.
Kəlbəcəri “Azərbaycanın ikinci Qobustanı” adlandıran rəhmətlik Xudu Məmmədov, Mirəli Qaşqay, Niyazi İbrahimov, Qüdrət İsmayılov, Ziya Bünyadov, Budaq Budaqov və digər neçə-neçə vətənpərvər alimlərimiz hələ o zamanlar Kəlbəcərin ciddi nəzarətə alınaraq qorunmasını tələb edirdilər.
Ona görə ki, türkün tarixi yaşayan qala və abidələr, albanların hələ islamlaşmamış əcdadlarının yaşayış məskəni olmuş Kəlbəcər hələ Sovet dövründə ermənilər tərəfindən mədəni surətdə işğal edilirdi. Məsələn, hələ XX əsrin ortalarında Alban məbədlərinin üzərindəki qədim daş kitabələr sürtülərək silinir və yerinə uydurma erməni yazıları həkk olunurdu.
Kəlbəcər rayonun ərazisinin müxtəlif yerlərində çox sayda qədim alban qalaları, məbədləri, məbəd kompleksləri var. Ermənilər ancaq Xudavəng məbədini az-çox təmir ediblər, lakin bu təmir zamanı da abidənin memarlıq quruluşunu dəyişdirərək onu "erməniləşdirməyə" çalışıblar. Amma aşağıda qeyd edilən qədim xristian məbədlərini darmadağın ediblər.
Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu abidələrin divarlarındakı Alban dövrünə aid xarakterik simvollar — həndəsi naxışlar, maral təsvirləri və alban xaçları ya tamamilə qazınaraq məhv edilmiş, ya da saxtalaşdırılmışdır.
Bu gün Kəlbəcər azad və xoş günlərini yaşayır. Min illər keçəcək və bura dünyanın ən nadir təbiəti və abidələri olan ərazi kimi tarixin qızıl səhifəsində qalacaq..
Prof.Dr. Zaur Aliyev
13 İyun 2026, 21:44 - 66
Paylaş: