Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bir ana düşünün, bütün analar kimi, sevgi dolu, şəfqət dolu. Bir ana düşünün, bütün analar kimi min-bir əzab əziyyətlə balasını böyüdən. Bir ana düşünün, bütün şəhid anaları kimi, balasının yarası ürəyində köz olan. Onun adı Xatirədir. O, şəhid Cavidan Abduləziz oğlu Məmmədlinin anasıdır.
Xatirə adının özündə belə keçmişin səsi, xatirələrin ağırlığı var. Bu ananın yaddaşında həyat bütöv xatirədir. Hər şey dönüb xatirəyə. Ancaq onun yaddaşında bir an var ki, heç köhnəlmir, xatirəyə dönə bilmir.
Onun üçün hər gün, hər an sanki eyni gündür- 17 yanvar 2021-ci il. Bu tarix Xatirə ananın bitməmiş laylasının, böyüməmiş körpəsinin, yarımçıq qalmış arzularının, ümidlərinin Vətən torpağına qarışdığı gündür.
Cavidanın dəfni bütün şəhidlər kimi yüzlərlə vətəndaşın iştirakı ilə gerçəkləşdi. Onun tabutunu daşımaq, üçrəngli bayrağa bükülmüş şəhid cənazəsinə girmək üçün hamı səfərbər olmuşdu. Ancaq ən ön sırada körpə balasını son mənzilinə daşıyan Xatirə ana idi. Ağlamaqdan gözləri qan çanağına dönmüş, nitqini, ruhunu, kimliyini, düşüncəsini itirmiş şəkildə, qeyri-iradi hərəkət edən bir ana. Ayaqları bir-birinə dolaşdığı üçün yarı sürüşüb çıxmış corablarla buz kimi yanvar soyuğunda fərş döşənmiş küçələrdə, çiynində dünyanın ən ağır yükü ilə yeriyirdi. O, oğlunun cənazəsini özü apardı. Ətrafında yüzlərlə insan vardı – qohumlar, qonşular, tanımadığı adamlar, hamısı Cavidanı son mənzilə yola salmaq üçün toplaşmışdı. Lakin Xatirə ana o izdihamın içində tək-tənha idi. İçində elə bir atəş qalanmışdı ki, tüstüsü gözlərini kor etmiş, alovu ağlını başından almışdı.
Ayaqları buz kimi daşlara dəyirdi, amma o, soyuğu hiss etmirdi. Çünki ananın içindəki yanğı yanvarın şaxtasından daha sərt idi. Xatirə ana hər addımda öz ömründən bir parça itirirdi. Çiynindəki tabutda sadəcə bir övlad deyil, hələ bətnindəykən ananın övladı üçün qurduğu arzular, xəyallar gedirdi.
O zamandan beş il keçir. Düz beş ildir Xatirə ana hər gün məzarlığa gedir. Hətta bəzən gecələr də durub gedir. Gecənin qaranlıq sükutunda Cavidanla danışır. Sanki Cavidanın saçlarını oxşayırmış kimi başdaşını sığallayır. Ona gündəlik həyatından danışır, evin içindəki səssizlikdən, süfrədə boş qalan yerdən, qapının açılmayan səsindən danışır.
Bir ana düşünün, bütün şəhid anaları kimi, övladını Vətənə qurban verən. Bir ana düşünün düz beş ildir göz yaşları dinməyən. O, ağlamaqdan yorulmur. Onun üçün ağlamaq Cavidanı yaşatmağın yoludur.
Bir ana düşünün, beş il keçsə də hər gün eyni ağrını yaşayan bir ana. Onun adı Xatirədir.
Bəlkə oğlunun ətindən qara qovurma hazırlanacağını duyan Burla Xatun qədər mətanətli deyil, bəlkə gözünün ağı-qarası, yeganə övladını itirən analar qədər dözümlü deyil, bəlkə iki övladını bu Vətənə qurban verən analar tək güclü deyil, ancaq anadır. Yarası hər gün qanayan, gözlərinin yaşı qurumayan bir ana.
Zəminə Rəsulova
23 Fevral 2026, 19:40 - 363
Paylaş: