"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zəminə Rəsulova: Şəki şəhərsalma və memarlıq nümunəsidir


Tarixi Şəhərlər Liqasının üzvü olan qədim Şəki şəhəri həm dünya, həm də Azərbaycan şəhərləri arasında özünəməxsus şəhərsalma üslubu ilə seçilir. Bu şəhərdə həyat XVIII əsrin şəhərsalma qaydaları qorunmaqla davam edir. Elə məhz buna görə də 24 noyabr 1967-ci ildə Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğu yaradılmış, 07 iyul 2019 cu ildə UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasında isə bu tarixi mərkəz Şəki Xan sarayı ilə birlikdə “Dünya Mədəni İrsi” Siyahısına daxil edilmişdir.

Bir zamanlar Azərbaycan şəhərləri funksiyasından asılı olaraq üç hissəyə bölünür: narınqala, şəhristan və rabat adlı sahələrə ayrılırdı.  Şəhərin narınqala hissəsi istehkam divarları ilə əhatə olunur, saray və başqa rəsmi inzibati binalar burada yerləşirdi. Əsilzadələrin yaşadığı şəhristan adlanan hissə isə adətən həm müdafiə, həm də görkəm baxımından şəhərin ən önəmli hissəsində yerləşirdi. Rabat hissə isə nisbətən şəhərin kənar qismində sənətkar və tacirlərin yaşadığı məhəllələr kompleksindən ibarət olurdu.

Şəki şəhərində də əhali orta əsrlərin şəhərsalma qaydalarına uyğun şəkildə məskunlaşmışdı. Bu gün Azərbaycanda günümüzə qədər  ən yaxşı şəkildə qorunub saxlanılmış və ən geniş əraziyə malik narınqala məhz Şəki qalasıdır. Beş hektardan çox ərazini əhatə edən bu qala divarları içərisində bir zamanlar Şəki xanlarının sarayı, müxtəlif inzibati və yaşayış binaları, hərəmxana, məscid, hamam və s. kimi binalar yerləşirdi. Həmin binalar kompleks halında günümüzə qədər gəlib çatmasa da qala divarları və Şəki xan sarayı orta əsrlər dövrünün şəhərsalma üslubunda əsas yeri tutan narınqala nümunəsi kimi zamana meydan oxuyur.

XVIII əsrdən bu günə qədər Şəki şəhəri davamlı yaşanılan, yenidənqurma işləri aparılan bir şəhər olmasına rəğmən bu gün də özünəməxsusluğunu qoruyub saxlayır. Şəhristan və rabat zamanla bir-birinə qarışıb sərhədləri itsə də Şəkidə yeni məhəllə və küçələr formalaşsa da ənənəvi şəhərsalmanın izləri hələ də qalmaqdadır. Bir zamanlar rabatın müəyyən bir qismini təşkil edən sənətkarların yaratdıqları Dabbaqlar, Şərbaflar, Dulusçular kimi məhəllələr bu gün də öz tarixi adlarını qoruyub saxlayırlar. Maraqlı haldır ki, hər məhəllənin öz məscidinin, hamamının və meydanının olması adi hal idi. Bu gün Dabbaqlar məhəlləsində yerləşən Cümə məscidi, Abdusalam hamamı kimi tarixi abidələr tarixin izlərini keçmişdən gələcəyə daşıyır.

Şəki şəhərinin formalaşmasına, planlaşmasına təsir edən nüanslar sadəcə orta əsrlərin şəhərsalma qaydaları olmayıb. Şəhərin baş planını təbiət cızıb. Şəhərin tarixi hissəsinin sərhədlərini Qurcana çayı və Dəyirman arxı müəyyən edib. Şəhər Qafqaz sıra dağlarının ətəklərində yerləşdiyindən şəhər sanki amfiteatr şəklində qurulub. Relyef xüsusiyyətləri tikililərin də planlaşmasına mühüm təsir edib. Elə bu səbəbdəndir ki, bu gün Şəkinin tarixi hissəsində yerləşən tikililərin əksəriyyəti bir tərəfdən bir və ya iki mərtəbəli olduğu halda digər tərəfdən iki, yaxud da üç mərtəbəlidir.

Şəki UNESCO-nun Dünya Mədəni İrsi siyahısına iki kriteriyanın tələbinə cavab verdiyi üçün qəbul edilib. Bunlar II və V kriteriyalardır. II kriteriyaya görə dünya mədəni irsi insan dəyərlərinin mühüm qarşılıqlı təsirini əks etdirməlidir — bu təsir: müəyyən zaman kəsiyində, yaxud konkret mədəni coğrafi ərazidə aşağıdakı sahələrdə özünü göstərməlidir: memarlıqda, tikinti texnologiyalarında, monumental sənətdə, şəhərsalma prinsiplərində, landşaft dizaynında. Sadə dillə ifadə edilərdə bu kriteriya göstərir ki, obyekt müxtəlif mədəniyyətlər arasında əlaqə, təsir və mübadilənin nəticəsidir. Bu baxımdan İpək yolu üzərində formalaşmış Şəkinin şəhər strukturunda xalq memarlığı ilə yanaşı Qacar, Osmanlı, Rus imperiyası və Sovet memarlığının təsiri aydın şəkildə hiss olunur.

V kriteriyanın tələbinə əsasən  mədəni irs ənənəvi insan məskunlaşmasının, torpaq və ya təbii mühitdən istifadənin nadir və dəyərli nümunəsi olmalıdır. Eyni zamanda bu irs müəyyən mədəniyyəti təmsil edir, insan–təbiət münasibətini əks etdirir, müasir dəyişikliklər nəticəsində yoxa çıxmaq təhlükəsi altındadır. Daha aydın şəkildə: Bu kriteriya obyektin insanların təbiətə uyğun şəkildə qurduğu həyat modelini göstərir. Məsələn: dağ relyefinə uyğun mərtəbəli evlər, iqlimə uyğun tikinti üsulları, su, torpaq, külək və günəşdən ağıllı istifadə, ənənəvi yaşayış məkanlarının qorunması.

Şəki şəhərində insanlar təbiəti, relyefi memarlığa uyğunlaşdırmamış, əksinə coğrafi şəraitin tələbinə uyğun binalar inşa etmişlər. Bu da şəhəri unikallaşdıran cəhətlərdən biridir.

Şəki şəhərsalma və memarlığı ilə nümunədir. Bu şəhərin sadəcə tarixi hissəsində dövlət qeydiyyatına götürülmüş 83 tarix memarlıq abidəsi var. Onlardan biri – Şəki Xan sarayı – dünya əhəmiyyətli, on biri ölkə əhəmiyyətli, yetmiş biri isə yerli əhəmiyyətli tarixi memarlıq abidəsidir. 1968-ci ildə ölkə ərazisində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyatı aparılarkən siyahıya cəmi on bir abidə salınmışdı. 2001-ci ildə onların sayı 25-ə, 2021-ci ildə isə 83-ə çatdı. “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən bu 83 abidə ilə yanaşı qoruğun özü də Şəki Xan sarayı ilə eyni inventar nömrəsi (inv№ 20) altında bütöv olaraq abidə hesab olunur. Bu bütövlüyü, tarixi şəhərin ruhunu, ənənəvi görkəmini mühafizə edib gələcəyə çatdırmaq isə hər bir vətəndaşın borcudur.

Zəminə Rəsulova, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

19 Fevral 2026, 10:46 - 435

Paylaş: