"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Anar İbrahimov "BEŞBARMAQ"ı araşdırır - II hissə


Yazının əvvəli bu linkdən oxuya bilərsiniz: https://vetenbagi.az/post/anar-ibrahimov-besbarmaqi-arasdirir-i-hisse

Azərbaycan ərazisi öz yaşam imkanlarının genişliyi ilə əlaqədar olaraq ilk insanların məskunlaşdığı yerlər siyahısına daxil olmuşdur. Əfraf mühitin zənginliyi və təbii coğrafi mövqeyin əlverişli olması səbəbi ilə bu ərazidə oturaq həyata keçidin tarixi çox qədimə dayanır. Sadalanan bu xüsusiyyətlər Azərbaycan ərazisinin tarix boyu hücumlara məruz qalması üçün zəmin yaratmışdır. Baxmayaraq ki, mehriban və qonaqpərvər bir xarakterə malik olan Azərbaycan xalqının bu yaxşı xüsusiyyətlərindən qonşu xalqlar çox zaman mənfi mənada istifadə etmişlər. Məhz bu kimi xoşagəlməz hallara hər zaman hazır olmaq üçün müxtəlif cür silahlar istehsalı ilə yanaşı müdafiə xarakterli qalalar və sədlərdə inşa edilmişdir. 
Qafqaz dağları ilə Xəzər dənizi arasındakı dar keçid qədim zamanlardan Xəzərlər, Qafqaz Albaniyası, Atropatena və Qədim Şərqin bir çox ölkələrinin xalqları üçün karvan yolu kimi xidmət etmişdir. Eyni zamanda köçəri tayfalar Şərqi Avropadan Abşerona, Kür-Araz ovalığının münbit torpaqlarına, Qərbi Asiya və bir sıra başqa ölkələrə də bu yoldan istifadə edərək gəliblər. Ancaq, qeyd olunan ərazidə mövcud olan dövlətlər şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif müdafiə sistemləırindən istifadə edirdilər ki, bunlardan biri də tikilən səddlər idi. 
Dərbənddən Abşerona qədər bir neçə yerdə Qafqaz dağlarının dənizə daha yaxın olması bu ərazilərdə bir sıra müdafiə istehkamlarının yaranmasına səbəb olmuşdur. Ən əlamətdarları Xəzər yolunun ən dar və coğrafi cəhətdən əlverişli yerində tikilmiş Dərbənd istehkamları idi.
Dərbənddən əlavə Gilgilçay və Beşbarmaq qalalarının izləri bu günə qədər gəlib çatmışdır ki, onlar da Xəzər vadisini tamamilə bağlamış və dağlara qədər uzanmışdır.
  Müasir dağların yaxınlığında yerləşən əzəmətli otuz kilometrlik Gilgilçay istehkamları Siyəzəndə dağlarda geniş və möhkəm qurulmuş Çıraqqala qalası ilə başa çatmışdır. Bu sistemi tamalayan digər bir halqa isə Beşbarmaq səddidir. 
Xəzər vadisini bağlayan ən azı üç müdafiə istehkamının olmasına baxmayaraq, əksər tədqiqatçılar nədənsə bütün mövcud adları Dərbənd istehkamlarına aid edirlər. İstehkamların adları belə idi: Xəzər qapıları, Alban qapıları, Dəniz qapıları, sülh və müharibə tanrısı Dərbənd qapıları adlanır. Qeyd olunanlardan başqa ərəbcə Bab-əl-əbvab (qapının qapısı) və türkcə Dəmir-qapı (dəmir qapı) adı da vardır. Bu adlar onların coğrafi mövqeyinin, strateji əhəmiyyətinin və müəyyən dərəcədə etnik mənsubiyyətinin xüsusiyyətlərini əks etdirirdi.
Bu müdafiə sisteminə daxil olan əsas sədlərdən biri də Beşbarmaq səddidir. Qeyd edək ki, Beşbarmaq dağı Bakıdan 95 km. şimalda, Xəzər dənizinin sahilində yerləşir (4057’30” şm. e., 4913’56” ş. u.). Açıq havalarda günümüzdə də Xəzərin sahilindən bu dağı rahat şəkildə görmək olur.
“Beşbarmaq dağı və onun adının etimologiyası haqqında bir çox fərziyyələr, hekayələr mövcuddur. Bəlkə də onların heç biri həqiqəti əks etdirmir. Belə ki, yazılı mənbələrdə bu toponimin mənşəyi Bərməki tayfasının adı ilə izah olunur. Məsudinin "Qızıl yuyulan yer və cəvahirat mədənləri" əsərində "Bərməki" adı ilə tanınan daş səddən bəhs edilir. Abbasqulu ağa Bakıxanov isə "Gülüstani-İrəm" əsərində Quba nahiyəsinin cənubunda yerləşən Bərməki mahalı haqqında məlumat verir. Deyilənlərdən də aydın olur ki, bu dağlarda yaşayan Bərməki tayfasının adı ilə bağlı olan məkan sonralar dəyişikliklərə uğrayaraq Beşbarmaq ifadəsi kimi dillərdə dolaşıb.” (13)
Dağ haqqında təkcə əfsanələr deyil, həm də bir çox səyyahlarda öz əsərlərində qeydlər ediblər.
XIII əsr fransız səyyahı V.Rubrukun qeydlərində də xatırlanır. Beşbarmaqdan qalan qala divarı düz Xəzər dənizinə qədər uzanırdı. VII əsr coğrafiyaşünasları bu divarı Atlı Van divarı adlandırmışlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu qala Şirvan bölgəsini Xursan ölkəsindən ayırıb.
XVII əsrdə Şərqi Azərbaycanda olmuş holland səyyahı Yan Streys yazırdı: “Biz dənizin yaxınlığında bir dağ gördük. Onu Parmah və ya Barmah adlandırırdılar. Dağın zirvəsi uzanmış şəhadət barmağına bənzəyirdi. Bir vaxtlar bu ərazilərin müdafiəsi kimi xidmət edən möhtəşəm bir qala var idi. Bu qalanın bünövrəsi və daş bulağı bu günə kimi burada qorunub saxlanılıb”.
Alban tarixçisi Musa Kalankatuyski yazır ki, Beşbarmaq üzərində qalan qala 438-457-ci illərdə Sasani hökmdarı Yezdegird tərəfindən tikilmişdir.
1636-1638-ci illərdə müasir Azərbaycan ərazisində olmuş alman səyyahı Adam Olearius da öz yazılarında dağı təsvir etmişdir.
Ümumiyyətlə, daşların özləri daha çox maraq doğurur, onların bir çoxu qəribə formadadır, bəziləri hava şəraitinin təsiri altında çatlamış, digərləri çökmüş, digərləri isə yağış və su axınları nəticəsində boşluqlar almışlar. Qayaları araşdırarkən, sanki qılıncla iki hissəyə bölünmüş bir daş blok görünür. Yaxınlıqda böyük bir daşın üzərində kiçik, lakin uzun bir çökəklik var idi. Yerli əhalinin dediyinə görə, bu yerdə (yalnız cümə günləri) müqəddəs şirin su axır ki, Xızır peyğəmbərin göz yaşları ona müalicəvi güc verir. Təbii ki,bu su kondensasiya və ya yağış prosesində toplana bilər, sonra da daşlardakı çatlar və yarıqlardan sıza bilər.
Beşbarmaq ətrafında çoxlu qeyri-adi formalı daş və qayalıqlar olduğunu adi gözlə görmək olar. Alimlərin fikrincə, dağın ətrafında aparılan qazıntılar sayəsində qədim yaşayış məskənlərinin qalıqları, qab-qacaq və məişət əşyaları nümunələri aşkar edilib ki, bu da insanların bu ərazidə uzun müddət məskunlaşdığını təsdiqləyir. Bu faktı karvansaranın xarabalıqları, qala divarları və yerli qəbiristanlıq, qədim yaşayış məskənlərinin qalıqları da təsdiq edir. Bura yaxın qonşu kiçik dağların zirvələrində Beşbarmaq dağına bənzər kiçik qayalı massivləri görünür. Bu onu deməyə əsas verir ki, belə qayalıq massivlər bu ərazi üçün xarakterikdir, lakin Beşbarmaq dağı onların ən böyüyü və əzəmətlisidir və buna görə də insanlara fövqəltəbii güc, sehrli xüsusiyyətlər və qeyri-real bir şey bəxş edir. Bəlkə də burada mövcud olan enerji insanları bu dağın möcüzəvi xüsusiyyətlərinə inandırır.
Düzdür, “Beşbarmaq” adının başqa yozumu da var. Deyirlər ki, bu toponim qədim türkcə “zirvədə yaşayış” mənasını verən “parmaq” sözündəndir. Bu, IX əsr ərəb səyyahı Əl-Məsudinin yazılarında rast gəlinən ilk yerli toponimdir.
İnsanlar Beşbarmağın müqəddəs məkan olduğuna inanır və rəvayətə görə, ümid və arzuların gerçəkləşdiyi yerdir. Hələ qədim zamanlarda Beşbarmaq dağı Qafqaz Albaniyasının sakinlərinin ibadət yeri olub.
Bunun izahı çox sadədir. Hələ monodinlərin - yəhudiliyin, xristianlığın və islamın yaranmasından əvvəl, hətta atəşpərəstlikdən, daha sonra isə zərdüştilikdən əvvəl qədim insanlar bu gün çoxlarının unutduğu bir dinə - orolatriyaya etiqad edirdilər.
Bu, dağ zirvələrinə, qeyri-adi formalı qayalara və ayrı-ayrı iri daşlara sitayişdir. Qeyri-adi olan hər şey ilahiləşdirildi, buna görə də sərbəst dayanan yüksək qayaların arzuları yerinə yetirə biləcəyinə inam yarandı.

Anar İbrahimov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin aparıcı məsləhətçi

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar