Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Dağın tarixi əhəmiyyətinə gəlincə isə ilkin Orta əsr yazılı qaynaqlarda Beşbarmaq səddi haqqında bir sıra məlumatlar yer alır. Tarixçilər Yegişe və L.Parpetsinin qeydlərində bu müdafiə divarlarının albanlar və hunlar arasında salınmış istehkam olduğu nəzərə çatdırılır. V əsrin birinci yarısında Albaniya və Sasani dövlətləri tərəfindən inşa edilən səddin 452-ci ildə hunlar tərəfindən dağıdıldığı ehtimal edilir. Sədd dağıdıldıqdan sonra yerində yenisi inşa edilməyib, əvəzində isə Gilgilçay boyunca Şabran müdafiə qalası tikilib.” (14)
Bu fakt onu da sübut edir ki, səddin mövcud olması və möhkəmləndirilməsi hər zaman Sasani dövlətinin diqqətində olmuşdur. Mulumdur ki, uzun sürən Sasani-Bizans müharibələri müddətində şimal sərhədinin təhlükəsizliyi olduqca aktual məsələ sayılırdı. Bu da bilinir ki, bu sədd şimaldan gələ biləcək türk axınının qarşısını almaq üçün qurulan bir müdafiə sistemidir.
“Müasir dövrümüzdə Beşbarmaq səddinin ilk təsvirini 1925-ci ildə Beşbarmaq arxeoloji ekspedisiyasını həyata keçirən E.A.Paxomov tərəfindən təqdim olunmuşdur. E.A.Paxomov tərəfindən müəyyən edilmişdir ki, Beşbarmaq dağı ilə Xəzər dənizi arasındakı sahil zolağı 1,75 km olmuşdur. Onun verdiyi məlumatlara əsasən burada istifadə edilən kərpiclərin qalınlığının 7 sm qədər olduğunu müəyyən etmişdir. Paxo¬movun qənaətinə görə, burada istifadə olunan kərpiçlər daha çox III-VII əsrlər dövrünün kərpiçlərinə uyğun gəlir.” (12)
Səddin qalıqları Bakı – Şabran magistral yolundan 150 m şərqdə düz xətt boyunca daha qabarıq bilinir. Magistral yoldan təxminən 500 m şərqdə səddin qalıqları üstündə eni 5 m olan boşluq, təxm.700 m şərqdə isə hündürlüyü 2 m olan təpə vardır. Sədd üzərində belə təpələrin mövcudluğu səddin üzərində bürclərin olmasının göstəricisidir. Dənizə doğru yaxınlaşdıqca səddin hündürlüyü şimaldan 5 m, cənubdan 2 m-dir. Bu güman ki, müdafiə ehtiyacının daha çox şimaldan yaranması ilə bağlıdır. Dənizin sahilində bir-birilə əlaqəli sahilboyu uzanan təpələr vardır. Səddin bir hissəsi isə ehtimal ki, suyun altında qalmışdır. 1969-cu ildə sualtı arxeoloji tədqiqatlar qrupu müəyyənləşdirdi ki, abidənin Xəzər sahili ikinci terrasında şimal və cənub sədləri birləşir. Sahildən 60-70 m aralı dənizin dibində ikinci bir terras vardır. V.P.Kvaçidzenin fikrincə Beşbarmaq valları dənizin səviyyəsinə uyğun olaraq tikilmişdir (8).
“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu 8 iyun 2020-ci il tarixli Prezident sərəncamına əsasən yaradılıb. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir.
Azərbaycanın nadir təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir. İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.
2021-ci il iyulun 1-də Nazirlər Kabineti tərəfindən Qoruğun əsasnaməsi təsdiqlənib.” (15)
Qeyd etmək lazımdır ki, Beşbarmaq paralel müdafiə divarları, Beşbarmaq qalası və ətrafda olan abidələr haqqında müxtəlif mənbələrdə məlumatlara rast gəlinsə də, tarixi tam olaraq yalnız arxeoloji qazıntılar vasitəsi ilə bərpa etmək mümkündür.
“AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi “Beşbarmaq” arxeoloji ekspedisiyası tərəfindən qoruq ərazisində ilk dəfə aparılmış elmi tədqiqatların əsas məqsədi tarixi Beşbarmaq qalasının, onun yaxınlığında yerləşən tarixi qəbiristanlığın, orta əsrlərə aid karvansarayın, Sasani dövrünə aid müdafiə səddinin, digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirmək, bölgənin gələcəkdə mədəni turizm perspektivləri üçün abidələri tədqiq edərək təkliflər hazırlamaq olub.
İlkin tədqiqatlar nəticəsində Beşbarmaq qala tikililərinin və mənbələrdə adı çəkilən 4 qala bürcündən ikisinin yeri tapılaraq müəyyən olunub, Narınqalanın daxilindəki tikililərin ikisi açılaraq yeri və təyinatı haqqında bəzi elmi nəticələr əldə edilib. “Beşbarmaq” Qoruğu ərazisində aparılmış arxeoloji tədqiqatlar ərazinin mədəni irs dəyərinin gələcəkdə yerli və xarici turistlərə daha yaxşı izah edilməsi, müvafiq mədəni turizm məhsullarının hazırlanması, həm də Beşbarmaq ərazisinin elmi-arxeoloji nöqteyi-nəzərindən tədqiq edilməsi üçün bir mərhələ kimi qarşıya çıxıb.
Narınqalanın daxilindəki dördkünc planda olan tikililər sal qaya parçaları ilə hörülüb. 3x4 m ölçülərində olan tikililərin alt hissəsində, 4 qatdan sonra antiseysmik tədbir kimi divarın perimetri boyu seysmik qurşaq adlandırılan kətillər, taxta materialdan tirlər düzülüb. Otağın şərq divarında oval formada kürsü qurulub. Kürsünün içərisi istinin təsirindən qızarıb və hisdən qaralıb. Otaqlardan XIV-XV əsrlərə aid keramika qalıqları aşkar olunub. Tikililərdən aşağı təbəqədə divar qalıqlarının aşkar edilməsi qalanın daha erkən dövrlərə aid olduğunu söyləməyə əsas verir.
Orta əsrlərə aid mənbələrdə təsvir edilən 4 qala bürcündən biri və bürcə bitişik qala divarının bir hissəsi qazılaraq tədqiq olunub. 8 m diametrində olan iri daşlardan qurulmuş Narınqala bürcü və qala divarlarının qalıqları burada qala şəhərin mövcudluğundan xəbər verir.
Qalanın cənub şərqində dağılmış tikililərin qalıqları olan sahədə də tədqiqatlar aparılıb. Buradakı qalıqların XIX-XX əsrin əvvəllərinə aid yaşayış evlərinin dağıntıları olduğu müəyyən edilib. Maraqlısı odur ki, evlərin tikintisi zamanı daha qədim dövrlərə aid sənduqələrdən tikinti materialı kimi istifadə edilib. Yaşayış evlərinin divarlarında sənduqələrdən tikinti materialı kimi geniş şəkildə istifadə olunmasına ilk dəfədir rast gəlinir. Hər bir dördkünc tikilinin divarlarında bir və ya iki sənduqənin olduğunu müşahidə etmək mümkündür. Sənduqələrin üzəri həndəsi və nəbati ornamentlərlə bəzədilib. Bəzi naxışların sonu altı guşəli ulduzla yekunlaşır.
Paralel divarlarda aparılan kəşfiyyat işləri onlardan birinin istiqamətini müəyyən etməyə imkan verib. Bu divar, Qalaşıxı kəndindən başlayaraq dənizə qədər uzanır. Səddin şimalında, iki yerdə bürc və ya müşahidə qülləsinin qalıqları aşkar edilib.” (15)
Hazırda qayaların ətəyində müdafiə divarlarının qalıqlarını görmək olar. Tarixçilərin fikrincə, Sasanilər imperiyası ərazini ələ keçirən zaman qayalıq massivin hər iki tərəfində müdafiə divarları hörülmüşdür. Divarlar (eni 2,5 m, hündürlüyü təqribən 3 m) olduğu qeyd olunur və IV-VII əsrlərdə Xəzər dənizindən Azərbaycan ərazisinə hücum edən massagetlər, xəzərlər, hunlar, alanlar kimi mübariz köçəri tayfalardan qorunmaq üçün orta əsr kərpicindən və çay daşlarından tikilmişdir. dəniz. Burada qeyd etmək yerinə düşər ki, Dərbənddən başlayaraq ölkənin şimal-qərb ərazilərində də oxşar istehkamlara, eləcə də qalalara, darvazalara və divarlara rast gəlmək olar. Bu tarixi yerlərin müdafiə tikililərində istifadə olunan material baxımından çox ortaq cəhətlərə malikdir və onları həm də vahid quraşdırma məqsədi birləşdirir.
Anar İbrahimov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin aparıcı məsləhətçi
Paylaş: