Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Müharibə illərində hər kəs öz gücü, bacarığı, ürəyi və sevgisi ilə Vətənə xidmət edirdi. Kimisi silah götürüb ön cəbhədə düşmənlə üz-üzə dayanır, kimisi isə arxa cəbhədə əsgərlərimizin canı, sağlamlığı, həyatı uğrunda mübarizə aparırdı. O illər təkcə döyüş meydanında deyil, xəstəxana palatalarında, səyyar hospitallarda, tibb məntəqələrində də qəhrəmanlıq dastanları yazılırdı. Mənim tanıdığım Zümrüd xanım da belə qəhrəmanlardan biridir.
O, müharibə zamanı heç bir çətinlikdən çəkinmədən, qorxmadan tibb işçisi kimi ön cəbhəyə yollandı. Yaralı əsgərlərin yanında gecəsini gündüzünə qatdı. Onların ağrı-acısını azaltmaq, həyatını xilas etmək üçün əlindən gələni deyil, gücündən artığını etdi. Hər bir əsgərə sanki öz balası kimi yanaşır, onları ayağa qaldırmaq üçün bütün varlığını sərf edirdi. Mən yaxşı bilirəm ki, onun əllərinin hər toxunuşunda, hər baxışında ana nəvazişi vardı.
Amma taleyin ən ağır sınağı məhz onun payına düşdü. Zümrüd xanım bilmirdi ki, elə həmin günlərdə öz oğlu da ön xətdə döyüşür, hər an ölümün gözünə dik baxır. Ana ürəyi daim nigaran idi, lakin içindəki ümid çırağı sönmürdü. O, hər yaralını sarıyarkən, hər əsgərə yardım edərkən sanki öz balasına toxunurdu. Onun oğlu Tamerlan isə çox keçmədən şəhidlik zirvəsinə ucalaraq ömrünü Vətənə fəda etdi.
Bu xəbəri eşidəndə Zümrüd xanımın yaşadıqlarını sözlə ifadə etmək mümkün deyil. O, həmin vaxt anladı ki, əslində öz balası ilə yanaşı minlərlə əsgərə də ana olub. Çünki hər yaralı əsgərə göstərdiyi qayğı, hər şəhid balasına tökdüyü göz yaşı onun analıq borcunun, mərhəmətinin, insanlıq missiyasının göstəricisi idi.
Mən bir şəhid anası olaraq yaxşı bilirəm – belə bir dərdi daşımaq heç də asan deyil. Övlad itkisi insanın canını yaralasa da, onu həm də ucaldır. Çünki şəhid anası olmaq Allahın seçdiyi, müqəddəs bir yükü daşımaq deməkdir. Zümrüd xanım bu yükü mərdliklə daşıyan, öz həyatını əsl qəhrəmanlıq dastanına çevirən analardandır.
Onun adı yalnız şəhid Tamerlan Əliyevin anası kimi deyil, həm də minlərlə əsgərin, minlərlə yaralının həyatına işıq olmuş bir ana kimi tarixə yazıldı. Çünki ana ürəyi sərhəd tanımır – o, yalnız öz övladı üçün deyil, bütün Vətən oğulları üçün döyünür.
Bu gün Tamerlanın şəhidliyə ucaldığı gündür. Mən bu yazını qələmə alarkən həm öz oğlumun xatirəsini, həm də Zümrüd xanımın yaşadığı böyük dərdi və fədakarlığı düşünürəm. Biz şəhid analarının hər birinin ürəyində ayrıca bir dastan yatır. Hələ neçə-neçə dastanı yazılmalı olan analarımız var. Onların hər biri ömrünü Vətənə fəda etmiş oğullarının qəhrəmanlığı ilə bərabər, öz fədakarlıqları ilə də tariximizin şanlı səhifəsinə çevriliblər.
Bu gün mən Zümrüd xanımı anaraq bir daha başa düşürəm ki, şəhid anası olmaq həm ən böyük dərd, həm də ən böyük şərəfdir. Bizim balalarımız torpağa əmanət oldu, amma ruhları Vətənlə birlikdə daim yaşayacaq. Onların anaları isə əbədi qəhrəmanlıq dastanlarının aparıcı qəhrəmanlarıdır.
O ŞƏHİD TAMERLAN ƏLİYEVİN ANASI – ZÜMRÜD XANIMDI. Onun adı tarixdə sadəcə bir ana kimi yox, həm də fədakarlığın, mərhəmətin, mətinliyin rəmzi kimi qalacaq.
Tünzalə Abduləlimova, şəhid anası, "Vətən naminə" şəhid ailələrinə dəstək ictimai birliyinin sədri


1 Oktyabr 2025, 20:05 - 179
Paylaş: