Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Ötənlərdə mühacir bir ailə mənə müraciət etdi.
Atası kollektivləşdirmə dövründə Ağdamdan qaçqın düşən qadın işğaldan azad olunan torpaqlarda onlara da haqq verilməsinin gərəkli olduğunu söylədi.
Bu məsələ məni indiyədək çox düşündürüb.
1990-cı illərdə bir çox mühacir ailənin övladları Vətəni ziyarətə gəldilər, bir müddət yaşayıb daha sonra yenidən qürbətə üz tutdular. Dövrün mətbuatını araşdırdığım zaman qarşıma o insanlara dövlətimizin ev, torpaq təklif edib-etməməsinə dair bir material tapa bilmədim.
Eləcə də bolşeviklərin ölkəmizi ələ keçirdiyi zaman yağmaladıqları, dövlət hesabına keçirdikləri mülklərin sahiblərinin nəvələrinə müstəqillik illərində konpensasiyanın verilib-verilməməsinə dair bir məlumata təsadüf etmədim.
Görünür ki, müstəqilliyin əldə edilməsindən qısa bir müddət sonra başlanan Qarabağ müharibəsi bir çox məsələ kimi mühacir nəvələrin, evi əlindən alınmış ailələrin nəsillərinin haqları məsələsini arxa plana atıb.
Ağdamlı mühacir ailənin ünvanladığı sual Azərbaycanda bir evə, mülkə sahib olmaq kimi ticari məqsədli deyildi. O ailələrin əksəriyyətini tanıdığım üçün onların tək məqsədi atalarının yurdu ilə rabitələrinin qopmaması, ata yurdlarında bir evə sahib olmaları idi. Necə ki bu gün erməni zülmündən, işğalından sonra o bölgələrdən didərgin düşən ailələr geri qayıdır, 70-100 il əvvəl də bu torpaqlardan çıxarılan ailələrin nəsillərinin yurdlarına qayıdışı təmin edilməlidir.
Bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyası Türkiyədə yaşayan irəvanlıların da marağındadır. Babalarından, nənələrindən eşitdikləri torpaqlara getmək, qəsb edilmiş ərazilərində yaşamaq onların da arzusudur. Ona görə də istər Qarabağa, istərsə də Qərbi Azərbaycana qayıdış məsələsində həmin ailələr də nəzərə alınmalıdır. Onların da Vətən torpaqlarında haqları vardır.
Bu insanların ataları Arazın o tayında qalan yurdları üçün ağılar söyləyiblər.
Bu insanların ataları xatirələr yazıblar, övladlarına erməni zülmlərini anladıblar.
Bu insanların ataları yurd həsrəti ilə gözlərini Ağrı dağına, Arpaçaya zilləyiblər.
Qarsda, Iğdırda olduğum zaman bu insanlar elektron hökumət üzərindən atalarının gəldikləri torpağın adının “Rəvan” olduğunu mənə böyük sevgi ilə deyirdilər.
Oradakı məzarlıqları gəzdiyim zaman üzərində “erivanlı”, “irəvanlı”, “ağbabalı”, “molla musalı”, “gümrülü”, “çobankərəli”, “eşnəkli”, “güllübulaqlı”, “zəngili”, “oxçulu” və s. tarixi yurd yerlərimizin adları yazılan başdaşları görmüşdüm. Oradakı adları məzar daşlarına qazıyaraq unudulmamasına çalışmışdılar...
Ona görə də Vətən torpağında haqqı olanları gözardı etməyək, onların da nəsillərinin ata yurduna qayıtmalarına vəsilə olaq.
Dilqəm Əhməd, tarixçi
Paylaş: