Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Zəngin təbiəti, qədim tarixi və qonaqpərvər əhalisi ilə seçilən Basqal qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Bu qəsəbə həm memarlıq baxımından, həm də sənətkarlıq irsinin qorunması baxımından nadir nümunədir. Məqalənin məqsədi Basqalın tarixi-memarlıq və mədəni irsini elmi əsaslarla işıqlandırmaqdır.
Elmi araşdırmalar sübut edir ki, Basqalın yerləşdiyi ərazi eramızdan əvvəl IV əsrə qədər uzanan Alban dövlətinə məxsus olmuşdur. Qəsəbə və onun ətrafı antik və orta əsrlərə aid abidələrlə zəngindir. Arxeoloji tapıntılar və memarlıq nümunələri Basqalın şəhər kimi qədim inkişaf mərhələlərindən keçdiyini göstərir.
Basqal klassik şəhərsalma prinsiplərinə uyğun şəkildə salınıb. Baş küçənin ətrafında ictimai, dini, məişət və ticarət obyektləri yerləşir. Ev tikintisində İslam amili nəzərə alınaraq tikililər qibləyə - cənub istiqamətinə yönəldilmişdir. Əhalinin zəlzələ və digər təbii fəlakətlərə qarşı qabaqlayıcı tədbir kimi evlərin divarlarında hər 6-7 daş cərgəsindən sonra ağac kətil qurması yerli memarlığın funksional xüsusiyyətlərini göstərir. Bu kətillər "seysmik kəmər" kimi tanınır.
Basqal toponimi qədim türk mənşəlidir və "qala qur", "baş qala" kimi mənaları ifadə edir. Tarixçilər bu adı qədim Basil (Buslar) tayfa birliyi ilə əlaqələndirirlər (Herodot, eram.əv. V əsr). Təbriz və Basqal ləhcələrinin oxşarlığı da bu bağlılığı təsdiq edən etnolinqvistik dəlil kimi qəbul edilir.
Basqal tarixən Azərbaycanın ən mühüm ipəkçilik və kəlağayı istehsalı mərkəzlərindən biri kimi tanınıb. Burada toxunan kəlağayılar — “Heyratı”, “Hələbi”, “Saçaqlı”, “Bağdadı”, “Basqalı”, “Yeddi rəng” və sair — müxtəlif yaş qruplarına və zövqlərə uyğun olaraq fərqli rəng və naxışlarla hazırlanırdı. Toxuculuqda istifadə edilən qədim qəliblər bu günədək qorunub saxlanılır.
Basqal ustalarının hazırladığı ipək məmulatları — kəlağayı, qanovuz, darayı və digərləri — XII-XIX əsrlər ərzində Hindistan, Rusiya, Fransa, İngiltərə kimi ölkələrə ixrac olunmuş, beynəlxalq sərgilərdə yüksək qiymətləndirilmişdir. 1862-ci ildə Londonda keçirilən Ümumdünya sərgisində basqallı toxucu Nəsir Abduləziz oğlu gümüş medal və diplomla təltif edilmişdir.
2014-cü ildə “Azərbaycan kəlağayısı sənəti” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş və bu sahədə Basqalın xüsusi rolu xüsusilə vurğulanmışdır. 2024-cü ildə isə bu əlamətdar hadisənin — kəlağayının UNESCO siyahısına salınmasının — 10 illiyi tamam oldu. Bu uğurun qazanılmasında, əsrlər boyu Azərbaycan kəlağayısının şöhrətini dünyaya tanıdan qədim kəlağayıçılıq ənənələrini bu gün də yaşadan İsmayıllının Basqal qəsəbəsinin və bacarıqlı basqallı ustaların əvəzsiz əməyi xüsusi qeyd olunmalıdır.
Basqalın tarixi yalnız memarlıq abidələri ilə deyil, həm də arxeoloji tapıntılarla zəngindir. Dövlət Turizm Agentliyinin sifarişi ilə 2019-cu ildə aparılan qazıntılar nəticəsində 121 maddi-mədəniyyət nümunəsi aşkarlanmış, Basqal məscidində altı tikinti qatı və ərəb əlifbası ilə yazılmış kitabələr tapılmışdır. Bu tapıntılar Basqal ərazisində min ildən artıq intensiv həyat olduğunu sübut edir.
1989-cu ildə yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu 76 hektar ərazini əhatə edir. Qoruqda həm bərpa-konservasiya işləri aparılır, həm də turizm və sənətkarlığın inkişafı istiqamətində tədbirlər həyata keçirilir. Qoruğun əsas məqsədi Basqalın qədim memarlıq irsini qorumaq, milli sənətkarlıq ənənələrini dirçəltmək və bu zəngin mədəni irsi gələcək nəsillərə çatdırmaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il avqustun 12-də Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər edərək burada aparılan abadlıq, bərpa və inkişaf işləri ilə tanış olublar. Bu səfər Basqalın tarixi-mədəni irsinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Prezident və birinci xanım qoruq ərazisində yerləşən qədim memarlıq abidələrinə baxış keçirib, sənətkarlıq emalatxanalarının fəaliyyəti və turizm infrastrukturunun inkişafı ilə bağlı görülən işlərlə maraqlanıblar. Bu səfər həm də Basqalın Azərbaycanın turizm xəritəsində mühüm yer tutmasına xidmət edən addımlardan biri kimi dəyərləndirilir.
Səfər zamanı Prezident İlham Əliyev Basqalın özünəməxsus memarlıq üslubunun qorunmasının vacibliyini vurğulayıb, birinci xanım Mehriban Əliyeva isə bu qədim yaşayış məskəninin yerli və xarici turistlər üçün cəlbedici məkana çevrilməsinin əhəmiyyətini qeyd edib. Bu səfər Basqalın mədəni dirçəlişi və tarixi simasının qorunması istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Basqal qəsəbəsi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və sənətkarlıq ənənələrini bir araya gətirən nadir məkanlardan biridir. Orta əsrlər şəhər mədəniyyətinin elementlərini bu gün də yaşadan Basqal, həm tarixçilər, həm də turistlər üçün əsl kəşfdir. Bu qədim ipək mərkəzi, həm yerli, həm də beynəlxalq səviyyədə Azərbaycanın mədəni simvollarından biri kimi tanınmağa davam edir.
Bu gün Basqal həm tarixi, həm də turistik baxımdan böyük diqqət cəlb edir. Qədim memarlıq üslubu, daş döşəməli küçələri, bənzərsiz sənətkarlıq ənənələri və təbii gözəllikləri ilə Basqal, həm yerli, həm də xarici turistlər üçün cəlbedici məkana çevrilmişdir. Tarixi irsin qorunması və turizm infrastrukturunun inkişafı istiqamətində görülən işlər bu qədim yaşayış məskəninin önəmini daha da artırır.
Günay Rzayeva, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu Direktoru, araşdırmaçı