"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Hər daşında tarix yatan qədim Şəki – Zəminə Rəsulova yazır


Şəki Azərbaycanın qədim tarixi köklərə, özünəməxsus memarlıq və incəsənətə malik şəhərindən biridir. Bu şəhərin memarlığını, tarix və incəsənətini fərqləndirən isə onun təbiətlə həmahəng olmasıdır. Şəkililər təbiətdən ilham alıb, ona arxalanıb, təbiətin bəxş etdikləri ilə tarixdə iz qoyublar.
Şəki memarlığına nəzər yetirdikdə hiss olunur ki, əhali təbiətə təsir etməyib, əksinə ona uyğunlaşmağa çalışıb. Məhz bu səbəbdəndir ki, Şəkinin bir çox tarixi tikililəri relyefə uyğun inşaa olunub, bir tərəfi bir, digər tərəfi iki, hətta üç mərtəbəli tikilib.
Qədim İpək Yolu üzərində yerləşən Şəki bu gün dünyanın yaradıcı şəhərlərindən biridir. Bu şəhər ərazidən istifadə və memarlıq xüsusiyyətlərinə görə dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydiyyata alınıb. Bu gün Şəkinin yalnızca tarixi hissəsində 83 tarix-memarlıq abidəsi dövlət tərəfindən qeydiyyata alınıb və mühafizə olunur.
Şəki Xan sarayı-dünya əhəmiyyətli tarix-memarlıq abidəsi rəngarəng  şəbəkə pəncərələri, ilmə-ilmə toxunmuş xalçanı xatırladan divar rəsmləri ilə əsrlərdir xanlıq dövrünün zərafətini yaşadır. Altı otaqdan ibarət bu ikimərtəbəli tikili memarlıq üslubu bir yana, mifologiyadan bəhrələnən simvolik divar rəsmləri ilə də insanı heyrətə gətirir. Şəkixanovların evi incə mələk təsvirləri, Xosrov, Şirin və Fərhad kimi poeziya qəhrəmanları ilə insanı məftun etməyi bacarır. 
Bir-birindən əzəmətli karvansaraylar, uca minarəli məscidlər, gümbəzli hamamlar, bağçalı evlər, tağlı körpülər Qafqaz dağlarının yaşıl yamaclarına sığınaraq əsrlərdir yaşayır və keçmişin şöhrətini bu günə daşıyır.
Bəs bu qədər möhtəşəm memarlıq abidəsi kiçik bir şəhərdə necə tikilib? Xərclər necə ödənib? Maliyyə  vəsaiti haradan gəlib?  Təbii ki, İpək Yolu üzərində yerləşən bu qədim şəhərin əsas gəlir mənbəyi ipəklə bağlı olub. Buna görə də tut bağlarına, tut ağaclarına xüsusi diqqət ayrılıb. Tut ağacı müqəddəs sayılıb, babalarımız “ehsanlıq” deyib, məhəllə və küçələrə tut ağacı əkiblər. Təzə yurd salan ailə həyətinə əksin deyə ona tut ağacı hədiyyə ediblər. Ailə üzvləri tut ağacı altında birləşib, şirinliyi, bolluğu, bərəkəti paylaşıblar.
Tut ağacının yarpaqları ilə bəslənən ipəkqurdundan alınan ipək isə yolları, ölkələri, qitələri və hətta keçmişlə gələcəyi birləşdirib. Qədim dövrün ipək zənginliyi günümüzə memarlıq abidələri şəklində gəlib çatıb.
Şəki hələ qədim dövrlərdən rəngarəng ipək parçaları, kəlağayıları ilə yanaşı müxtəlif tikmə növləri ilə də məşhur olmuşdur. Şəkinin göz oxşayan memarlıq abidələrinin rəngarəng şəbəkə pəncərələrinin fonunda interyer monoton qalmamış al-əlvan tikmə bəzəklərlə ümumi ahəng yaradılmışdır.
Hələ lap qədim zamanlardan Şəkidə 50 dən çox sənət növü mövcud olmuş, onların sırasında tikmə sənəti xüsusilə fərqlənmişdir. Əksər sənət növləri ilə kişilər məşğul olmuş, qadınların isə ən sevimli məşğuliyyəti məhz tikmə olmuşdur. Qadınlar kişilərin daş və kərpic kombinasiyası ilə hördüyü ənənəvi Şəki evlərinin sadə interyerinə zərif tikmələrlə rəng qatmışlar. Sonralar tikmə əmttə səviyyəsinə qalxdıqda bu sənətlə kişilər məşğul olmağa başlamışdır. Təkcə 1848 ci ildə Şəkidə püştü üzü bəzəyən təkalduz dükanlarının sayı 50 idi və bu dükanlarda yalnız kişilər işləyirdi.
Qadınlar üçün tikmə həyatın ayrılmaz parçası idi. Qıza elçi gedəndə ilk öncə o evin pərdələrinə, taxçaqabağı bəzəklərinə, süfrələrinə diqqət yetirilər, qızın əl işlərinə baxılardı. Şəkidə elə bir qız, gəlin tapılmazdı ki, o tikmə sənəti ilə məşğul olmasın. Əbəs yerə deyildir ki, 1819 cu ildə Azərbaycanda olmuş İspaniyalı Xuan Van Qalen onu qarşılayan Nuxalı mehmandarın geyiminin Qarabağ xanının geyimindən daha dəbdəbəli olduğunu vurğulamışdır. Çünki bu geyim başdan-başa tikmə ilə bəzədilmişdir. 
Bəli bu gün möhtəşəm memarlıq abidələri ilə tanınan Şəki, həm də sənətkarlıq diyarıdır. Bu şəhərin küçələrində hələ də dabbaqlar, misgərlər, dəmirçilər, papaqçılar, dulusçular yaşayır. Müxtəlif sənət ustalarının hazırladığı əl işləri göz oxşayır.
Belə bir yaradıcı, tarixi və gözəl şəhərdən ilham almamaq isə mümkün deyil.  Haqlı olaraq şəkililər M.F.Axundzadə, R.Əfəndiyev, S.Rəhman, E.Sabitoğlu, Ş.Axundova, B.Vahabzadə, F.Əbdürrəhmanov və daha neçə-neçə dühalarla qürur duyur, onlarla eyni şəhərin yetirməsi olduqları üçün fəxr edirlər.
Şəkidə onun daşınmaz maddi mədəniyyət abidələrini mühafizə edən Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq və Kiş Tarix Memarlıq Qoruqları fəaliyyət göstərir. Şəkinin daşınar mədəni irs nümunələri R.Əfəndiyev adına Tarix-Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeylərində sərgilənir. Azərbaycanın ilk memorial muzeyi-M.F.Axundovun ev muzeyi ilə yanaşı, R.Əfəndiyevin, S.Rəhmanın və B.Vahabzadənin ev muzeyləri də ziyarətçiləri öz zənginliyi ilə valeh edir.
Bir sözlə Şəkinin hər küçəsində bir memarlıq abidəsi qorunur, hər daşında bir tarix yatır. 

Zəminə Rəsulova, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Paylaş: