"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Könüllülük könül işidir və ya könüllülük bir dəyərdir


Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların layiqli vətəndaş olaraq yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi ölkə başçısı cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin bütün sahələrində uğurla təmsil olunur, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarırlar. Prioritet istiqamət olaraq müəyyən edilən gənclər siyasəti öz növbəsində, ölkədə könüllülük hərəkatının da geniş vüsət almasına şərait yaradıb, könüllülüyü gənclərimizin yeni inkişaf modeli kimi təqdim edib.

Müasir Azərbaycanda gənclərin könüllülük fəaliyyəti sahəsində ilk addımlar ulu öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra atılıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlıdır. Belə ki, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. Həmin layihəyə uyğun olaraq 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsipləri geniş təbliğ edilib. Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu isə 2009-cu ildə Milli Məclisin qəbul etdiyi “Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi.10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Qanun qəbul edildikdən sonra Azərbaycanda ictimai və humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdırdı. Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib.

Artıq bu gün ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Ancaq 2013-cü ilə kimi könüllülük ölkədə kiçik komandalarla fəaliyyət göstərirdi. Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında fəaliyyət göstərən “ASAN Könüllüləri Təşkilatı” yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin əmək vərdişləri qazanmasına, öz peşəsinin incəliklərini öyrənməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə geniş imkan verdi. Bundan sonra ölkəmizdə bu fəaliyyət geniş vüsət aldı və bu sahəyə dövlət qayğısı daha da artırıldı. Prezident İlham Əliyevin 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması bunun bariz ifadəsi, sözügedən sahəyə göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını nəzərə alaraq verilən bu qərar könüllülük fəaliyyətinin daha da geniş təşviqi məqsədi daşıyır.

Bəs könüllülük nədir, könüllü kimdir, könüllülük bizə nə verir? 

Könüllülük insanın könlünü, sevgisini, bilik və təcrübələrini, maddi-mənəvi imkanlarını heç bir qarşılıq gözləmədən digər insanlar, bütün canlı, cansız varlıqlar üçün sərf etməyə niyyətli və istəkli olması, bu yolda xidmət etməyə səy göstərməsidir. Sərəncamda da vurğulandığı kimi, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qeyd olunan könüllülük fəaliyyəti həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllü fəaliyyət haqqında Qanunda isə göstərilir ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, əsas iş yeri ilə bağlı olmayan, işlərin görülməsi, xidmətlərin göstərilməsi və digər dəstəyin verilməsi ilə bağlı ictimai faydalı və əvəzi ödənilməyən fəaliyyətdir. Könüllü olmaq ətrafı hiss etməkdir, işin içinə öz könlünü qoya bilməkdir. Qarşılıq gözləmədən bacardığın ən son töhfəni verməkdir, paylaşmaqdır, bölüşməkdir. Könüllü olmaq içində olduğumuz sosial münasibətlərin ayrılmaz parçası, sağlam vətəndaşlıq mövqeyinin göstəricisidir.

“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti şəxsən həyata keçirən, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdir. Başqa sözlə desək, könüllünün gördüyü iş nəticədə cəmiyyətə hər hansı bir formada xeyir verməli və qarşılığında pul və ya başqa bir maddi mükafatla qiymətləndirilməməlidir. Könüllü qismində vətəndaş statusundan asılı olmayaraq istənilən şəxs çalışa bilər. Yəni, vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər bu fəaliyyətlə məşğul olmaqda azaddırlar. “Könüllülük bizə nə qazandırır?” sualına isə cavab olaraq deyə bilərik ki, təcrübəli, bacarıqlı, müasir düşüncəli və ölkə başçısının vurğuladığı dəyərləri özündə birləşdirən müasir Azərbaycan gəncini qazandırır. Artıq könüllülər respublikamızda aparılan islahat və inkişafın aktiv parçasına çevriliblər.

Könüllülük fəaliyyətinin tarixi XIX əsrin sonlarına gedib çıxsa da, müasir anlamda ilk dəfə 1920-ci ildə  Beynəlxalq Mülki Xidmət təşkilatının yaranması ilə rəsmi olaraq bu termin gündəmə gəlib. Müasir Qərb sosiologiyasında “volunteerism” şəklində ifadə edilən könüllülük anlayışı ilə könüllü insanlar tərəfindən qarşılıq gözləmədən ictimai əhəmiyyətli hədəflərə çatmaq, cəmiyyətin problemlərini həll etmək məqsədilə həyata keçirilən fəaliyyət nəzərdə tutulur. XX əsrdə Avropa qitəsində könüllülük ümumi sosial fenomen xüsusiyyətləri qazanmağa başlayıb. Birinci Dünya Müharibəsindən sonra 1920-ci ildə Strasburq yaxınlığında alman və fransız gənclərinin iştirakı ilə ilk könüllü layihəsi həyata keçirilib. Layihə çərçivəsində könüllülər alman və fransız qoşunları arasında baş vermiş şiddətli döyüş bölgəsində dağıdılmış fermaları bərpa ediblər. O vaxtdan bəri könüllülük dünyada genişlənməyə və populyarlıq qazanmağa başlayıb.

Azərbaycanda da könüllülüyün tarixi kifayət qədər zəngindir və bu fəaliyyət bizim milli dəyərlərimizə, eyni zamanda sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bu dövrdə bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra da ictimai-siyasi proseslərdə könüllülərin rolu çox böyük olub. İlk yaranan könüllü özünümüdafiə dəstələrini, müharibəyə könüllü gedən həkim və tibb bacılarını misal kimi göstərmək olar. Qanlı 20 Yanvar hadisələri zamanı vətəndaşlarımızın xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərinin bariz nümunəsidir.

Bir sözlə, könüllülük cəmiyyətdə insanlar arasındakı sosial əlaqələrin mükəmməl şəkildə formalaşmasında, yeni ali dəyərlərin meydana gəlməsində, qarşıya çıxan problemlərin fərqli çözüm yollarının ortaya çıxmasında çox mühüm rol oynayır. Könüllülük gənclərə bilik, ilkin əmək vərdişləri, kollektivdə çalışmaq və dövlət orqanının işi ilə yaxından tanışlıq şansı verir və bu yolla onların əmək bazarında öz yerlərini tutmalarına münbit şərait yaradır. Bunlarla yanaşı, könüllülük gənclərdə vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətləri formalaşdırır. Könüllülüyün zamanı, məkanı, yaşı, sərhədləri yoxdur. Bunu edən şəxs heç bir proqrama qoşulmadan, heç bir ictimai birliyin və ya təşkilatın üzvü olmadan da yerinə yetirə bilər. Çünki könüllülük könül işidir.

Sonda üzümü bütün gənclərə tutub deyirəm ki, könüllülük bir dəyərdir, bu dəyəri saxlamaq, ona sahib çıxmaq və yeni nəsillərə ötürmək biz gənclərin əlindədir.

Arzu Qasımov, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar