"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Məcid Rəşadətoğlu: Ey mənim varlığım, qəlbim, vicdanım...


    Vətən… Kiminə görə dörd tərəfi sərhədlərlə əhatələnmiş quru parçasıdır, kiminə görə xalqı xalq, milləti millət edən əzəli və əbədi yurd yeridir. Kiminə görə al qanı ilə tarix yazan şəhidlərimizin bizlərə əmanət buraxdığı ən ali sərvətdir; ruhumuzun sevgi dolu titrəyişi, canımızın ayrılmaz bir parçasıdır. Ulu əcdadlarımızın əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə çatdırdığı ən şirin mirasdır, ən qiymətli nemətdir Vətən... Dünyanı yenicə dərk etdiyimiz gündən, analarımızın saf laylasından, nənələrimizin şirin nağıllarından başlayan bu ülvi məhəbbət, bizimlə birgə böyüyür, bəzən uzun – ulu ozanımız Dədə Qorqudun ömrü kimi, bəzən də qısa Şah İsmayıl Səfəvinin ömrü kimi mənalı bir yol qət edir. Mənalı ömür yolu deyirəm, ona görə ki, mənsub olduğu xalqı sevən, doğulub boya-başa çatdığı Vətənə qırılmaz tellərlə bağlanan bir ömür heç bir zaman bihudə yaşanmır. Belə bir ömrün hər anı, hər dəqiqəsi mənalı keçir. Çünki mayası Vətənə məhəbbətlə, sevgiylə yoğrulub; bizimlə birgə yaşayan, bizimlə birgə yaşlanan, bizimlə birgə bir ovuc torpaq olub Vətən torpağına qarışan və yenidən Vətən olan saf sevgi ilə… 
     Ağ saçlı Qafqazın ətəklərində qərar tutmuş, coşqun Xəzərin ləpələrinə sinə verən odlar yurdu Azərbaycandır bizim vətənimiz… Bu torpaq min illər, milyon illər bundan əvvəl qoca Şərqin dan yeri, Turan elinin qapısı, türk qanlı, islam etiqadlı xalqımızın beşiyi kimi tanınıb, hər qarışı yadellilərin təcavüzünə məruz qalıb, lakin yenilməz və mübariz xalqı sayəsində rəşadətindən, istiqlaliyyətindən, pak hürriyyətindən pay verməyib. Zaman-zaman bədnam qonşularımızın amansız hücumları ilə sarsılıb, ərəblərin, xəzərlərin qanlı mübarizəsinə şahidlik edib, Şah İsmayıl Xətainin Sultan Səlimlə olan müdhiş döyüşü ilə sarsılıb, Çaldıran düzündə həlak olan türk oğullarına yas saxlayıb, köksü qubar bağlayıb… Bu Vətən “Türkmənçay”la, “Gülüstan”la iki yerə parçalanıb, yüz illər boyu türk yurdunun başı qarlı, vüqarlı dağlarından başlayaraq axıb gələn, həsrət və hicran qoxulu suyunu coşqun Xəzərə tökən Araz çayı ilə bir-birindən ayrı düşüb... Araz boyunca çəkilən tikanlı məftillər bir dildə danışan həmvətənləri, qəlbi bir amal uğrunda çırpınanları ana yurda həsrət qoyub, soydaşlarımızın ürəyindəki ümidi söndürüb, saf arzuları, pak duyğuları bir quş qanadında göyə uçurub...
    Azərbaycan! Tarixin həmyaşıdı olan əzəli və əbədi yurdum, sinəsi sözlərlə, sirlərlə dolu olan məmləkətim. “…Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün belə nə qədər töhmətlərə məruz qaldıq”, nə mübarizələrdən keçdik. Sənin varlığını, azadlığını sübuta yetirmək üçün necə qurbanlar verdik, bu müqəddəs yolda kimlərdən keçdik, nələri itirdik… Ancaq əhdimizdən dönmədik. Çapıldıq, talandıq, yüz illər boyu süfrəmiz başında əyləşib duz-çörəyimizə şərik olanların xəyanəti ilə üzləşdik. Azadlıq və müstəqillik yolunda Cavidləri, Cavadları itirdik. Ancaq bir xalq kimi, millət kimi ölümün üzünə dik baxdıq, bütün qanımızla, canımızla və varlığımızla “azad Vətən” dedik, “müstəqil doğulduq, müstəqil öləcəyik” söylədik. Natəvanın həsrətini çəkdiyi, “Vətən bağı al-əlvandır, yox içində xarıbülbül”, - deyib vəsf etdiyi Qarabağında, qərib elə layla çaldığı Şuşanda, Xocalında, Kəlbəcərində yüzlərlə, minlərlə şəhid verdik. Sevdası Vətən olanları, ana yurdu Azərbaycanı azad və müstəqil görmək istəyənləri üçrəngli bayrağa sarılmış şəkildə qarşıladıq. İllər uzunu beşiyi başında dayanıb qulağına nənnilər oxuduğun, bayatılar söylədiyin xalqın “qaçqın”, “köçkün” kimi ömür sürməli oldu. Neçə adaxlı qızın toy-büsat arzusu “Dağlarda toy”la sona çatdı, neçə-neçə igidlərin son nəfəsini Murovda, Suqovuşanda verdi, ahıl qocaların gözlərindəki işıq Qarabağ yolu gözləməklə, vətən həsrəti çəkməklə söndü…
    İndi qaranlıq illərin, qanlı-qadalı günlərin geridə qalıb, Vətən. İndi Azərbaycanın dörd bir tərəfində inkişaf, tərəqqi höküm sürür. Hər ötən günün tarixin yaddaşına qızıl hərflərlə yazılır. İndi ağ saçlı Qafqazdan Araz çayına, Murovdağdan Qapıcığa qədər olan ərazilərində böyük inkişaf və quruculuq hakimdir. İndi Qarabağın da azaddır, Şuşan da, Laçının da… Bu gün Ağdamın da öz sahiblərinə qovuşub, Xocalın da, Kəlbəcərin də… Bu əbədi zəfərdə hər şeydən əvvəl səni sevən, Vətənin hər qarşını namusu bilən oğulların şücaəti və qəhrəmanlığı vardır. Oğul, qardaş, ömür yoldaşı əvəzinə soyuq torpağı bağrına basan ana-bacıların, arxa-dayağını itirən qardaşların, atalarının son öpüşü ilə tiksinib yuxudan oyanan körpələrin həsrəti, vüsalı vardır… Məhz onların – əziz şəhidlərimizin sayəsində xalqımız ərazi bütövlüyünü təmin etdi. Nə az, nə çox düz beş il bundan öncə Şuşada dalğalanan ay-ulduzlu bayrağımız, o şanlı zəfər simvolumuz, sanki vətənimizin yolunu nurlandırdı. Qarabağ uğrunda tökülən şəhid qanları illərlə ata-baba yurdlarından, elindən, obasından didərgin düşmüş soydaşlarımızın göz yaşları ilə birləşərək mənfur düşmənin zülmünü yuyub aparan haqq selinə çevrildi. Nəhayət 30 il namərd erməni vandallarının tapdağı altında qalan, hər bir sərvəti əlindən alınan yurdumuzda böyük Zəfər Günəşi şölələndi. O azadlıq Günəşinin zərrin şəfəqləri Azərbaycanımızın bütün ərazilərinə yayıldı; doğma evinin, elinin istisindən uzaqda azadlıq həsrəti ilə döyünən qəlblərə arzuladıqları o hərarəti bəxş etdi. İndi o Günəş azad və müstəqil Vətən səmasında əbədi nur saçır. Xoş günlərin, azadlığın və müstəqilliyin daim olsun, Vətən! Sənə minlərlə can qurban, ey mənim varlığım, qəlbim, vicdanım...
       
Məcid RƏŞADƏTOĞLU,  jurnalist

Paylaş: